Modern.az

Sənədləşdirilən qeydiyyatsız evlərin sayı artıb - Rəsmi AÇIQLAMA

Sənədləşdirilən qeydiyyatsız evlərin sayı artıb - Rəsmi AÇIQLAMA

22 Sentyabr 2015, 12:39

2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

Nəhayət, prezident İlham Əliyevin 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərman problemin həllinə yönəlik ümidləri artırdı.

Bu həqiqətən baş verdimi?

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov Modern.az saytına bildirib ki, qeydiyyat dinamikası əhəmiyyətli dərəcədə artıb:

“Bu sərəncamın həm sosial, həm də iqtisadi mahiyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, ölkə başçısının qərarından sonra daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı daha da genişləndirilib. Artıq vətəndaşlar üçün daha geniş areal mövcuddur.

Bu isə qeydiyyat prosedurlarının statistikasının artmasına gətirib çıxarıb. Əgər əvvəllər təsdiqlənən sənədlər tələb olunanların siyahısına daxil edilməmişdisə, qərardan sonra əmlakın qeydiyyata alınmasında dinamika artıb. Çünki vətəndaşlar əmlaklarını qeydiyyatdan keçirmək üçün daha geniş imkanlar əldə edib. Bildiyiniz kimi, qeydiyyatdan keçən əmlakla bağlı hər hansı iqtisadi, hüquqi, alqı-satqı əməliyyatların aparılması mümkündür və bu da əlavə imkanlar yaradır”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama