Modern.az

Bakıda keçiriləcək bal yarmarkasının vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək bal yarmarkasının vaxtı AÇIQLANDI

22 Sentyabr 2015, 16:28

2015-ci ilin oktyabr ayının 10-dan 30-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.

Bu barədə Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrup bəyan edib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

“Bununla əlaqədar yarmarkada satılacaq arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.

Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək.

Arıçı kimi yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi yarmarkaya nəzarəti həyata keçirən məsul şəxslərə təqdim etməlidirlər. Əks halda onlar arıçı kimi yarmarkaya buraxılmayacaqlar.

Nəzərinizə çatdırırıq ki, yarmarkanın keçirildiyi müddətdə şəffaflıq və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında müşahidə kameraları ilə də nəzarət həyata keçiriləcək"-deyə sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrup bildirib.

Arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 9-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər. Oktyabrın 9-dan sonra müraciət edən arıçıların məhsulları satış üçün yarmarkaya buraxılmayacaq.

Sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçılar elan dərc olunan tarixdən etibarən Nazirliyinin “1652” nömrəli Çağrı mərkəzinə (stasionar nömrələrdən zəng pulsuzdur) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Yarmarka ilə bağlı daha ətraflı maraqlananlar əlavə məlumat əldə etmək üçün (012) 4936319 və 4935164 nömrəli telefonlara da zəng edə bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama