Modern.az

“İstehsalatda baş vermiş bədbəxt hadisələr zamanı 32 nəfər ölüb”

“İstehsalatda baş vermiş bədbəxt hadisələr zamanı 32 nəfər ölüb”

1 Oktyabr 2015, 12:38



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) ötən ay Azərbaycanda keçirilmiş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, tədbirdə qurumun rəisi Fuad Əlizadə bildirib ki, hələ “Təhlükəsiz iş aylığı” başlamazdan əvvəl Xidmət tərəfindən avtomobillərə texniki xidmət və avtoyuma sahəsi üzrə 1000 nəfər işəgötürənə məktubla  müraciət edilərək bu barədə onlara məlumat verilib və əməyin mühafizəsi sahəsində  qanunvericilikdən irəli gələn vəzifələri onların nəzərinə çatdırılıb, üzərlərinə düşən öhdəliklərin  yerinə yetirilməsi onlardan tələb edilib.

“Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179.900 manat məbləğində inzibati  cərimə tətbiq olunub”.

Həmin nəzarət tədbirləri zamanı vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən 17 sahibkarın da aşkar olunduğunu qeyd edən F.Əlizadə əvvəllərdə olduğu kimi, növbəti “Təhlükəsiz iş aylığı” zamanı işəgötürənlərin maarifləndirilməsi tədbirlərinə də önəm verildiyini  bildirib: “Aylıq çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində və Şəki rayonunda respublikanın demək olar ki, əksər rayonları üzrə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin 500-ə yaxın işəgötürəninin iştirakı ilə “Açıq qapı” günü-vətəndaş forumları təşkil olunub. Bu tədbirlərdə işəgötürənlərə əməyin təhlükəsizliyi üzrə norma və standartlar, qaydalar, istehsalat qəzalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlar verilib. Əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri onların diqqətinə çatdırılıb. Forumlar zamanı DƏMX-in mütəxəssisləri tərəfindən işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları da dolğun şəkildə cavablandırılıb, habelə onlara əməyin mühafizəsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb”.

Xidmət rəisi bildirib ki, ümumiyyətlə, son illər əməyin mühafizəsi tələblərini yerinə yetirməyən müəssisələrlə bağlı qanunvericiliyə uyğun inzibati xarakterli təsirli tədbirlərlə paralel olaraq, işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-maarifləndirmə işləri aparılır. Bundan öncə, hələ ötən ilin sentyabr ayında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında  “Təhlükəsiz iş aylığı” elan edilərək keçirilib. Həmin tədbirlər çərçivəsində də iri müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib, onların müvafiq mövzuda məlumatlandırılması təmin edilib, onlara təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı hüquqi-praktik bilgilər verən əyani vəsaitlər paylanılıb.

Bununla yanaşı, ötən ilin noyabr ayından DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. İndiyədək müxtəlif müəssisələrdən əməyin mühafizəsi üzrə 660 nəfərə yaxın mütəxəssis bu kurslara cəlb olunub və onlar bu kurslarda əməyin təhlükəsizliyinin təşkil edilməsi ilə bağlı bilik və təcrübələrə yiyələnib, kursları bitirdikdən sonra müvafiq sertifikatlarla təmin olunublar: “Təbii ki, həm ciddi inzibati tədbirlərin görülməsi, həm də davamlı maarifləndirmə işləri müsbət nəticələrini verir və istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələrdə zərərçəkənlərin sayı getdikcə azalır. Məsələn, təkcə cari ilin avqust ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı  ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb. Ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz, həmin hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma  qeydə alınıb”.

F.Əlizadə bildirib ki, ötən ay keçirilən “Təhlükəsiz iş aylığı” ölkəmizdə əməyin mühafizəsində müsbət meyllərlə yanaşı, bir sıra müəssisələrdə bu sahədə ciddi hüquq pozuntularının, işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitlərinin mövcud olduğunu da göstərib: “Əldə olunan yekunlar qarşıdakı dövrdə iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn nəzarət tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından da bizim üçün əhəmiyyətlidir”.

F.Əlizadə bildirib ki, bu ilin 9 ay ərzində istehsalatda 112 bədbəxt hadisə baş verib. Baş vermiş bədbəxt hadisələr zamanı 32 nəfər həyatını itirib. İstehsalatda baş vermiş bədbəxt hadisələrin 35%-i tikinti sahəsi baş verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama