Modern.az

“İcbari tibbi sığorta gələn il bir rayonda tətbiq ediləcək”

“İcbari tibbi sığorta gələn il bir rayonda tətbiq ediləcək”

5 Oktyabr 2015, 12:05

Musa Quliyev: “Neftin ucuzlaşması bizi icbari tibbi sığortaya keçməyə məcbur edir”

1999-cu ildə Milli Məclisdə “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Qanuna uyğun olaraq prezidentin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığortanın həyata keçirilməsi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Amma hər il də icbari tibbi sığorta tətbiq edilmədiyi üçün həmin vəsait büdcəyə qayıdır.

Milli Məclisin komitə iclaslarında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov artıq gələn ildən icbari tibbi sığortanın həyata keçiriləcəyini, bununla bağlı qurum yaradılacağını qeyd edib. Deməli, 15 ildir həsrətlə gözlənilən sistem işə düşəcək və insanlar bundan yararlana biləcəklər.

Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, icbari tibbi sığortanın reallaşdırıla bilməməsinin səbəbləri çoxdur, əsas da obyektiv səbəblərdir. Onun sözlərinə görə, sistemin həyata keçirilə bilməsi üçün demək olar bütün maneələr aradan qaldırılıb:

“Birinci növbədə o səbəblər səhiyyə sisteminin yenidən qurulması ilə bağlı idi. Artıq yeni, modern səhiyyə sistemi qurulub, əmək bazarının formalaşması, sığorta sisteminin inkişafı ilə də bağlı problemlər həllini tapır. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmasına heç bir maneə yoxdur. Gələn ildən pilot rayon seçiləcək  və orada icbari tibbi sığorta tətbiq olunacaq. Həmin rayonun ardınca bütün ölkədə tədricən icbari tibbi sığortaya keçiriləcək. Bu, çox vacib məsələdir. Çünki yeni situasiya, neftin qiymətinin düşməsi, dünya bazarındakı maliyyə böhranı və bu prosesin daha dərinləşəcəyinin gözlənməsi bizi vadar edir ki, icbari tibbi sığortaya tez keçək”.

Deputat qeyd edib ki, icbari tibbi sığortaya keçid xidmətin keyfiyyətinin yaxşılaşmasına və israfçılığın qarşısını almağa kömək edəcək:

“Hökumət də bu məsələ üzərində ciddi düşünür. Büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da dedi ki, gələn ildən icbari tibbi sığortaya keçiləcək. Artıq gələn ildən bunun əyani tətbiqini görə biləcəyik”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama