“2016-cı ilin dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun (ÜDM) 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır”.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.O qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.
“Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb. Azərbaycanın qonşu ölkələrində, xüsusilə Rusiyada baş verən tənəzzül Müstəqil Dövlətlər Birliyi ölkələrinə də təsir edib. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib.
Cari ildə Azərbaycan iqtisadiyyatı 3,7% artıb. Həmin dövrdə qeyri-neft sektorunda 6,4% qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb”. Maliyyə naziri bildirib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır.
“Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir.
Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq".
Samir Şərifov qeyd edib ki, 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz azdır.
“2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir.
Son iki ildə Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılması siyasətinin davamı olaraq baş verir. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% az deməkdir”.
Aytən Zəhra