Modern.az

“O sahibkarlar istifadə edib dövlətə ziyan vuracaqlar"

“O sahibkarlar istifadə edib dövlətə ziyan vuracaqlar"

İqtisadiyyat

21 Oktyabr 2015, 15:46

Əli Məsimli: “Şirkətlərə təzyiqlər edib onlardan əlavə vəsait alırlar”


Son günlər sahibkarlıq sahəsində yoxlamaların iki il dayandırılması ilə bağlı prezidentin təşəbbüsü ilə qəbul edilən qanun, gələn ilin büdcəsində investisiya layihələrinə maliyyənin azalması fonunda işsizlər ordusunun yaranacağı, bu il artıq 30 min iş yerinin bağlanması məsələləri mediada daha çox müzakirə olunur.

Modern.az bu məsələlərlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli ilə müsahibəni təqdim edir.

- Sizcə, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması müsbət nəticələr verəcəkmi?

- Dünya praktikasına nəzər salsaq baxsaq görərik ki, dünya iqtisadiyyatının yarısı kiçik və orta biznesdən formalaşıb. Normal inkişaf edən ölkələrin də iqtisadiyyatını təhlil etsək görərik ki, bəzən Ümumi Daxili Məhsulun yarıdan çoxu kiçik və orta biznesin hesabına həyata keçirilir. Bizdə hələlik bu rəqəmlər aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri də var. Obyektiv səbəblərdən biri odur ki, sahibkarlığın inkişafı üçün kifayət qədər işlər görülsə də, amma bəzi məmurlar bundan sui-istifadə etməklə sahibkarlığa maneçilik törədirlər. Beləliklə, həmin insanlar vergidən başqa əlavələr də verməyə məcbur olurlar ki, son nəticədə müflisləşib sıradan çıxır və ya hansısa müddətə müəssisəni bağlamalı olur. Artıq prezident tərəfindən qəti şəkildə şərt qoyulub ki, Dövlət Neft Fondundan büdcəyə daxilolmaların azaldılması xətti davam etdirilsin. Neftdən kənar sahələr üzrə əldə olunan gəlirlər isə büdcənin cari xərcləri örtülsün. Bunun üçün ən yaxşı mənbələrdən biri neftdən kənar sahələrdə sahibkarlığın inkişafına geniş vüsət verməkdir.

Azərbaycanda yol pulundan başqa heç nəyi olmayan insan gedib Rusiyada, Ukraynada, Qazaxıstanda, Avropa ölkələrində, Türkiyədə kifayət qədər uğur qazanır, milyonların sahibi olur. Deməli, bizim mentalitetimizdə sahibkarlıqla məşğul olmaq qabiliyyəti güclüdür. Çıxışlarımın birində qeyd etmişdim ki, maneələr aradan qalxsa, qısa müddətdə sahibkar özünün təşəbbüsü ilə kifayət qədər vəsait də tapacaq, iş də görə biləcək və təsərrüfat fəaliyyətinin nəticəsi kimi dövlətə bilavasitə vergi verməklə öz töhfəsini artıracaq. Digər tərəfdən, Azərbaycanda elə bir nəsil yoxdur ki, 1-2 istedadlı adam olmasın. Həmin istedadlı adama şərait yaradılsa, artıq onlar ailəsinin də, geniş mənada nəslinin də saxlanılmasına, hansısa tələblərin ödənilməsində rol oynayacaq. Beləliklə, dövlətin üzərinə düşən həqiqətən də ağır yükün bir hissəsini də onlar götürəcək. Belə adamlara aşağı faizlərlə kreditlər verilməlidir, əgər prioritet sahə ilə məşğuldursa, onlara vergi güzəştləri tətbiq edilməlidir və onların qarşısındakı bütün maneələr aradan qalxmalıdır. Prezidentin də son imzaladığı sənədlərdə bilavasitə bu məsələlər - fikirdə, əməldə sahibkarlara dəstək nümayiş olunur ki, bunu dəstəkləyirəm.

- Bundan sonra sahibkarlıq sahəsində yoxlamaları yalnız Baş Prokurorluq aparacaq. Ancaq bu da birmənalı qarşılanmadı...

- Elə sahibkar var ki, bundan istifadə edib dövlətə ziyan vuracaq. Onda dövlətin maraqlarının da müdafiəçisi prokurorluqdur. Təbii ki, prokurorluq bu işə qarışmalıdır.

- Bu gün bir sıra dövlət qurumlarında aylarla işçilərə əmək haqqının verilməməsi haqqında xəbərlər yayılır. Əmək haqlarının gecikməsinin də dünyada gedən proseslərlə əlaqəsi var?

- İndiki şəraitdə neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın cari xərclərinin ödənilməsi nöqteyi-nəzərindən heç bir problem yoxdur. O təşkilatlarda əmək haqlarının gecikdirilməsi problemə çevrilə bilər ki, onlar təsərrüfat fəaliyyətlərini yaxşı qurmayıblar, düzgün iqtisadi əsaslandırmalar olmadan küllü miqdarda kreditlər alıblar və indi həmin problemləri aradan qaldıra bilmirlər. Manevr etmək istəyirlər və bu müəyyən dərəcədə həmin təşkilatlarda, müəssisələrdə işləyənlərin də əmək haqlarının gecikməsinə səbəb olur. Amma müəllim, həkim, elm və mədəniyyət sahəsində çalışan insanların, büdcədən bilavasitə maliyyələşən təşkilatlarda maaşların, yaxud pensiyaların gecikməsində heç bir problem yoxdur.

- Gələn ildən investisiya layihələrinə pul ayrılmayacaq. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti tikinti sektorunda fəhlə işləyir. Hətta rayonlardan Bakıya gələnlər demək olar ki, tikinti sahəsində çalışır. Əgər bu layihələr maliyyələşməsə, gələn il ölkədə işsizlərin sayı çoxala bilərmi?

- İnvestisiya layihələrinin maliyyələşməyəcəyi məsələsi yoxdur. Burada söhbət birinci dərəcəli, prioritet hesab olunan investisiya layihələrin maliyyələşməsindən gedir. Üçüncü, dördüncü dərəcəli layihələr indiki dövrdə maliyyələşməyəcək, onlara bir müddətdən sonra pul ayrılacaq. Əgər birdən-birə Dövlət Neft Fonduna götürdüyümüz vəsait 10,4 milyard manatdan, 6 milyard manata düşübsə, burada 4,5 milyarda yaxın vəsait ixtisar olunubsa, bu sosial xərclərdən yox, bilavasitə əsaslı xərclərdən ixtisar olunub. Əsaslı xərclər isə investisiya xərcləri ilə bir növ bacı-qardaşdır. Belə bir şəraitdə böyük təhlillər tələb olunur ki, hansı layihələr prioritetdirsə, məsələn, sosiala heç bir söz ola bilməz. Məktəb, bağça, poliklinika tikintiləri davam edəcək, qazlaşdırma, su təchizatı sahələrində maliyyələşmə davam edəcək.  Amma hansısa 10-cu dərəcəli bir layihənin həyata keçirilməsi lazımdır, ya yox məsələsi analiz olunmalıdır. Yəni lazımdırsa, davam edəcək, yoxsa dayandırılacaq.

Qəbul etdiyimiz qərarlarda da özəl biznesə şərait yaradılır ki, yaranmış vəziyyətdən manevr etmək imkanları artsın və beləliklə də müəyyən müvəqqəti çətinliklər yaransa da bir müddətdən sonra onlar da o çətinlikdən çıxmağa başlanılsın. Amma kimlərsə sui-istifadə edib, böyük məbləğdə kreditlər alıbsa, əlbəttə onların vəziyyəti yaxşı olmayacaq.

- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də bu il ərzində 30 min iş yerinin bağlanması idi. Sizin tərəfinizdən də bununla bağlı məsələ qaldırılmışdı. Siz bununla bağlı araşdırma aparmısınız?

- Cənab prezident də çıxışında vurğuladı ki, 67 min iş yeri açılıb və paralel sürətdə 30 min iş yeri bağlanıb. Bu, təhlil olunub. Aidiyyəti qurumların təhlilində bunun obyektiv və subyektiv səbəbləri də var. Obyektiv səbəblərdən biri ondan ibarətdir ki, bütün dünyada elədir, iş yerləri həm açılır, həm də bağlanır. İkinci səbəbi neftin qiymətinin aşağı düşməsi ilə bağlayırlar. Bəzi şirkətlər sifarişlər alırdı və indi həmin sifarişləri ala bilmirlər. Ona görə də onların fəaliyyətinin daralmasında qeyri-adi bir şey yoxdur. Digərləri yaranmış situasiyaya o qədər də adaptasiya ola bilmirlər, ona görə də bağlanılır. Ən acınacaqlısı ondan ibarətdir ki, şirkətlərə təzyiqlər edib nəticədə onlardan əlavə vəsait alırlar. Bu zaman isə şirkətlər ağır vəziyyətə düşür və məcbur olurlar ki, fəaliyyətlərini dayandırsınlar. Sonuncunun xüsusi çəkisi o qədər də böyük olmasa da, hər halda belə faktlar var və bu xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama