Azərbaycanın tanınmış bankçısı Etibar Əliyevin əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilməsi bank sektorunun indiki vəziyyətində dəyişikliklər olub-olmayacağını da gündəmə gətirir. Keçmiş rəhbərə bankın yenidən etibar edilməsi bank sektorunun indiki şəraitinə dəyişiklik yarada bilərmi? Bu, eyni zamanda prezidentin kiçik və orta sahibkarlığın inkişafına dəstəyi fonunda sözügedən sahəyə stimul verə bilərmi?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov Modern.az-a bildirib ki, Etibar Əliyev bank sistemində uzun müddət rəhbər vəzifədə olub və “Texnibank”ın yaradılmasında, onun inkişafında müəyyən rolu var:
“Sonra müəyyən problemlər olub, onları dərindən bilmirəm. Amma yenidən qərar verilib ki, Etibar Əliyev “Bank Technique”yə rəhbərlik etsin. Mütəxəssisdir, bank işçisidir, fikrimcə, bu addım bank sisteminin təkmilləşdirilməsində, “Bank Technique”nin inkişafında, onun dövriyyə vəsaitinin artırılmasında, müştərilərlə münasibətlərin yaxşılaşmasında müəyyən müsbət rolu ola bilər. Düzdür, müəyyən vaxtlarda bankla müştərilər arasında problemlər yaşanıb. Amma bank işçisi yetişdirmək də asan məsələ deyil. O, illərlə yetişən kadrdır və belə kadrlardan istifadə etmək müsbət haldır.”.
Vahid Əhmədov onu da qeyd edib ki, bununla bank sisteminin indiki vəziyyətində əsaslı dəyişiklik müşahidə etmək mümkün deyil: “Bir nəfərlə bütün bank sistemini dəyişdirmək mümkün deyil. Mərkəzi Bank bank sistemindəki siyasətə nəzarət edir. Ona görə bank sistemində gedən proseslərə, islahatlara birbaşa rəhbərlik edir. Son vaxtlar Mərkəzi Bank bir sıra addımlar ataraq islahatlar həyata keçirməyə çalışır. Bu isə birbaşa bank sektoruna təsir etmir. Amma müəyyən tövsiyələr verir, müəyyən məsələləri həll etməyə çalışır. Son vaxtlar Mərkəzi Bank faiz dərəcələrinin azalması, dövriyyə vəsaitlərinin artırılması, yəni bu məsələlərlə bağlı məşğul olur”.
Deputat qeyd edib ki, bank sistemində digər sahələrdə olduğu kimi islahatların aparılmasına ehtiyac var: “Onu, əlbəttə, birdən-birə yox, yavaş-yavaş etmək lazımdır ki, sistemdə problem yaranmasın. Bank sistemində həm faizlərlə, həm də əmanətlərin faizləri ilə bağlı və digər problemlər yavaş-yavaş həll edilməlidir”.
Son vaxtlar prezident tərəfindən verilən qərarları inqilabi addımlar adlandıran Vahid Əhmədov vurğulayıb ki, bank sisteminin təkmilləşdirilməsi, burada islahatların aparılması birbaşa sahibkarlığın inkişafına təsir edən amillərdən biridir:
“Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı islahatlar davamlı, mütəmadi olmalıdır və bu islahatlar həyata keçirilməlidir, istər bank sistemində, istər vergi, gömrük sistemində və ya digər sahələrdə. Bunlar hamısı müsbət addımlardır. Bunlar davam etsə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında ciddi nəticələrin şahidi olacağıq”.
Aytən ZƏHRA