Modern.az

Sahibkarlar Konfederasiyası ləğv olunsun - TƏKLİF

Sahibkarlar Konfederasiyası ləğv olunsun - TƏKLİF

13 Noyabr 2015, 15:23


Prezident İlham Əliyevin sahibkarların fəaliyyətinə maneələrin törədilməməsi ilə bağlı verdiyi tapşırıqlar ilkin proqnozlara görə bu sahədəki neqativ halların qarşısının alınmasında əvəzsiz rol oynayacaq. Azərbaycanda sahibkarların hüquqlarının qorunmasına xidmət edən bir sıra QHT-lər və digər qurumlar fəaliyyət göstərir. 1999-cu ildən fəaliyyət göstərən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da məhz bu qəbildəndir. Konfederasiya 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.

Ancaq son hadisələr göstərdi ki, bu konfederasiya sahibkarların qorunması ilə bağlı bir addım atmır və ona görə də cəmiyyətdə bu qurumun ləğv olunması ilə bağlı fikirlər səsləndirilir.

Ekspertlər də bu konfederasiyanın fəaliyyətini qənaətbəxş hesab etməyərək formal xarakterli olduğunu vurğulayırlar.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər MehtiyevModern.az saytına bu fikirdə olduğunu bildirib:

“Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarını müdafiə edən ictimai birlikdir. Fəaliyyət sahəsini öz nizamnaməsinə uyğun müəyyən edir. Sahibkarlıq qurumlarının, sahibkarların maraqlarının ictimai müdafiəçisi rolunda çıxış edir. Bu qurum hökumətlə yanaşı, üçtərəfli - hökumət, Sahibkarlar Konfederasiyası, işəgötürənlər birliyi kimi həmkarlar ittifaqı ilə birgə sazişləri olur. Ölkədəki iqtisadi-sosial proseslərin tənzimlənməsi ilə bağlı prosesdə iştirak edir”.

Azər Mehtiyev qeyd edir ki, Sahibkarlar Konfederasiyasının bu gün nə dərəcədə sahibkarların hüquqlarını müdafiə etməsi məsələsi müzakirə edilə bilər:

“Hökumət digər həmkarlar təşkilatlarında olduğu kimi, burada da bütün prosesləri öz nəzarətinə alıb və onların hər hansı bir formada fəaliyyətinə imkan vermir. Bunun nəticəsində “Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarının müdafiəçisi kimi çıxış edə bilirmi” sualına müsbət cavab vermək mümkün deyil”.

İqtisadçı Natiq Cəfərli də təşkilatın fəaliyyətinin formal olduğunu vurğulayıb:

“Sahibkarlar Konfederasiyasının fəaliyyəti əslində formal xarakter daşıyır və heç bir ideya, generator rolunu oynamır. Buna bənzər strukturlar hətta qonşu ölkələrdə ciddi ideyalarla çıxış edir. Hökumətlə birbaşa dialoqları mövcuddur, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflərlə çıxış edirlər. Amma Azərbaycanda formal xarakter daşıyır, az qala nazirlik, dövlət qurumu formatında çalışır ki, bu da heç bir effekt vermir”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində Sahibkarlar Konfederasiyası sözün yaxşı mənasında hökumətlə müxalif durumdadır:

“Sözün yaxşı mənasında təşkilat tərəfindən hökumətə yeni təkliflər verilməli, tənqid edilməli, müəyyən proseslərin irəli çəkilməsində addımlar atmalıdır. Bu da cəmiyyətdə ictimai fikrin yaranması üçün rol oynamalıdır. Bizdə isə konfederasiya dövlət qurumu funksiyasına qədər enib. Bu da heç bir effekt vermir və fəaliyyətində heç bir irəliləyişə nail olmur.

Əslində bu tipli təşkilatın fəaliyyətinə çox ehtiyac var. Amma normal fəaliyyət çərçivəsində. Yanaşma, strukturun fəlsəfəsi, hökumətin də bu tip quruluşlara münasibəti dəyişməlidir ki, effektiv fəaliyyət olsun. Çünki sivil toplumların əsas qayəsi budur. Hökumət özünə yaxın adamları bu cür qurumlara rəhbər təyin etmək, hər şeyi nəzarətdə saxlamaqla bu işin fəlsəfəsinə zidd hərəkət edir”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama