Son illər yüksək vəzifəyə təyin edilənlər rəhbəri olduqları qurumlara dədələrinin mülkü kimi baxırlar. Ağına, bozuna baxmadan əvəzedilməz kadrları işdən kənarlaşdırır, özlərindən əvvəl işləmiş insanlardan bir nişanə qalmasını belə istəmirlər. Təbii ki, bu doğru hal deyil və nəticədə Azərbaycan uduzur.
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, Azərbaycanda müşahidə edilən bu vəziyyət dünyanın heç bir yerində yoxdur və bu anormallıq yalnız bizə xasdır.
“Azərbaycanda bu gün bir ənənə olaraq bu hal hələ də davam edir və bu günə qədər buna reaksiya verilmir. Əgər məmur pisdirsə, konkret olaraq pis əməlinə görə işdən çıxarılmalıdır. Bir icra başçısı vəzifədən gedirsə yeni gələn əvvəlki kadrları çıxardır. O kadrın özü də pis vəziyyətdə qalır ki, icra başçısı dəyişilsə o da işdən çıxarılacaq. Belə hal dünyanın heç bir yerində yoxdur. Anormal haldır və bu anormallıq da bizə məxsusdur, çünki başqa ölkələrdə məmurların hüquqlarını qoruyan qanunlar var”. Deputat vurğulayıb ki, Azərbaycan məmuru hüquqi ən az qorunan katerqoriyadır.
“İnsan bir yerdə işləyirsə və işində nöqsan yoxdursa, süpürgəçi, sürücü, idarə müavinin dəyişməsinin nə mənası var, hamısı dövlətə xidmət edən insanlardır. Əgər dövlət qarşısında problemi varsa, onda ona qarşı hər hansı ittiham və irad irəli sürmək olar. Bu ənənə nəinki nazirlik, icra hakimiyyəti səviyyəsində, eləcə də bütün idarələrdə var. Bir yerə müdir təyin olunursa, bundan sonra orada işləyən insanların problemi yaranmağa başlayır. İldə bir müdir dəyişməyin işçiyə nə dəxli var? Bu yaxşı hal deyil və biz də bunu dəfələrlə tənqid edirik. Məmur dövlətin əsas fiqurudur və onun qanunlarını icrasını həyata keçirən insandır. Icra başçısı bir az siyasi postdur. Hesab edirəm ki,cəmiyyətdə yuxarı səviyyədə bu məsələyə reaksiya verilməlidir və icra başçılarına da, rəislərə də tapşırıq verilməlidir ki, heç bir kadra toxunmadan o ərazidə işlərini qursun”.
Belə dəyişikliyin dövlətə nə qədər ziyan vurması haqqında danışan Fazil Mustafa bildirib ki, sağlam, normal əsaslarla dövlət qurmaq istəyiriksə bu ənənə yığışdırılmalıdır.
“Bu ziyan bəlkə gözlə görünmür. İnsana ziyan vurulur, insani dəyərlərə ziyan dövlətə dəyən ziyandır. Bir məmuru itirsən və qabiliyyətsizi istedadlı insanın yerinənə gətirirsənsə dövlətə bundan böyük nə ziyan ola bilər. Milli Təhülkəsizlik Nazirliyini götürün, nə qədər insanlar burada çalışır. Yüzlərlə istedadlı insan hərbi sistemdə işləyə bilmir, müəyyən baryeri keçə bilmir. Mütləq yaxının, qohumun, tanışın olmalıdır. Bununla bağlı onlarla insan müraciət edir. Ona görə dövlətimizi sağlam, normal əsaslarda qurmaq istəyiriksə belə ənənəni yığışdırmaq lazımdır”.
Deputat bu ənənin müstəqillikdən sonra yaşandığını vurğulayıb.
“Bu müstəqillikdən sonra yaranan tendensiyadır. Sovet sistemində müəyyən məhdudiyyətlər var idi. Məsələn, müəyyən məmur Şəhər Partiya Komitəsinin birinci katibi təyin olunurdusa, ola bilsin ki, katibəsini dəyişirirdi, qalan hamı ilə normal işləyirdi, ixtiyarı da yox idi ki, işləməsin. İndi bir başçı dəyişən kimi şöbə müdirləri istefaya gedir, təzə rəsi gələn kimi bölmə müdirləri, nazir gələn kimi rəhbərlik... Bu, birmənalı yolverilməzdir”.
Aytən ZƏHRA