Modern.az

Dəhşətli hadisənin Azərbaycanın turizm şirkətlərinə TƏSİRİ

Dəhşətli hadisənin Azərbaycanın turizm şirkətlərinə TƏSİRİ

13 Noyabr 2015, 17:35


Rusiyaya məxsus Airbus A 321 təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasından sonra bir sıra ölkələr Şarm-Əl-Şeyxə təyyarə reyslərini təxirə salıblar. Sərnişinlərin təhlükəsizliyi baxımından onlar Misirin məşhur turizm məkanı olan Şarm-Əl-Şeyxə uçuşları dayandırmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Şarm-Əl-Şeyx Azərbaycan vətəndaşlarının da istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.   Dəhşətli qəza Azərbaycanın turizm şirkətlərinə necə təsir edib?  

Modern.az-ın turizm şirkətləri arasında apardığı sorğunun nəticəsi göstərir ki, son hadisələr Azərbaycandan istirahət üçün Misirə getmək istəyən əhalini fikrindən döndərə bilib.

“Weekend Travel” turizm şirkətindən bildirilib ki, reyslərdə heç bir dəyişiklik yoxdur: “Hazırda bu istiqamətdə turlar təşkil edilir. Lakin bu ölkəyə getmək istəyənlərin sayı azdır”.

“Freestyle Safari” turizm şirkətindən təyyarə qəzasının onların işinə təsir etmədiyi bildirilib. 

“World Travel”dan verilən məlumata görə, turlarda heç bir dəyişiklik yoxdur: “Misirə getmək üçün müraciət edənlər yetərincədir. Onların əksəriyyəti yeni ili orada qeyd etmək istəyənlərdir. Baş verən qəza ilə bağlı müştərilərimiz arasında narahatlıq keçirənlər yoxdur”.  

“Miracel Travel”dan sorğumuza cavab olaraq bildirilib ki, Misirə birbaşa uçuş yoxdur. Turlar Gürcüstan vasitəsilə təşkil olunur. 

“Voyage Travel” turizm şirkətindən Misirə uçuşların davam etdiyi və reyslərin təxirə salınmadığı bildirilib: “Uçuşlar təxirə salınmasa da, müraciət edənlərin sayı olduqca azdır”.

“Kings Travel” turizm şirkətindən verilən məlumata görə, təyyarə qəzası insanları təşvişə salıb: “Sərnişinlərin əksəriyyəti qorxduğundan sifarişlərini geri götürüblər. Reyslərdə heç bir dəyişiklik yoxdur. Amma müraciət edənlərin sayında azalma müşahidə olunur”. 

Vüsalə Qəzənfərqızı



 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama