Modern.az

Bu məlumatlar son 10 ildə yığılsaydı… - İqtisadçıdan yeni təklif

 Bu məlumatlar son 10 ildə yığılsaydı…  - İqtisadçıdan yeni təklif

13 Noyabr 2015, 20:36

 

Son dövrün gündəmini zəbt edən nazirlərin, yüksək vəzifəli məmurların və onların iş ortaqlarının malik olduqları gəlirlər, sərvətlər və əmlaklar barədə məlumatlar nəinki sadə vətəndaşları, hətta biz iqtisadçıları da təəccübləndirməkdədir. Modern.az saytının məlumatına görə, iqtisadçı Qubad İbadoğlu öz facebook səhifəsində gəlir bəyannamələrinin açıqlanmasını tələb edən qanunun icrasının vacibliyini bildirib. İqtisadçının sözlərinə görə, burada söhbət yüz minlərdən, miyonlardan  deyil,  bəzi hallarda yüz milyonlardan və milyardlardan  gedir: “Açıqlanan məlumatlardan aydın olur  ki, dövlətdən və xalqdan oğurlanmış  pullar hesabına  formalaşmış  külli miqdarda sərvətlər və əmlaklar 1 günün, 1 ayın, hətta 1 ilin deyil, uzun illərdəki qanunsuz fəaliyyətin məhsuludur.  Dövlət gəlirlərinin azaldığı, növbəti il üçün büdcənin bu illə müqayisdə hər 4 manatından 1 manatının  ixtisara salındığı, respublika üzrə  orta aylıq nominal əmək haqqının  461 manat  10 qəpik olduğu, yalnız bu il ərzində 50 minə qədər iş yerinin bağlandığı şəraitdə baş verənlər sirr deyil ki,  yenə də  davam edəcəkdir.  Çünki, hələ də “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanunun icrasına başlanılmır. Belə ki, 2005-ci ildə qanun  imzalanandan sonra  Nazirlər Kabinetinə bəyannamə forması hazırlamaq  üçün 3 ay vaxt ayırılıb. Lakin 10 il keçsə də,  prezidentin tapşırığı hələ də yerinə yetirilməyib.  Çünki, qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Bu məlumatlar son 10 ildə yığılsaydı, indi  baş verənlərlə heç kimi təəccübləndirmək olmazdı. Belə olan halda vaxtında zəruri informasiyalar formalaşar və qərarlar qəbul etmək üçün hüquqi əsaslar yaranardı.  Nəticədə də dövlətin büdcəsinə, iş adamlarının qazanclarına bu qədər ziyanlar dəyməzdi”.

İqtisadçı daha sonra qeyd edir ki, ABŞ-da vəzifəsindən asılı olmayaraq nəinki  məmurlar, hətta sıravi vətəndaşlar  illik gəlirlərini rəsmi şəkildə açıqlayır   və müvafiq qaydada vergi ödəyirlər: “Moldova, Ukrayna, Gürcüstan və hətta  Rusiyada  "Gəlir deklarasiyası haqqında” Qanun qəbul olunub və tətbiq edilir. Dünyanın əksər ölkələrində xeyli vaxtdır gəlir bəyannaməsi  “online” şəkildə  verilir və bütün bu informasiyaların əhali üçün əlçatanlığı təmin edilir. Hazırda Azərbaycanda  baş verənləri və mütərəqqi dünya ölkələrinin təcrübələrini nəzərə alaraq bu məsələnin yenidən müzakirəsini təklif edir, Nazirlər Kabinetini müvafiq  sənədlərin hazırlanması öhdəliyini qısa müddətdə yerin yetirməyə çağırır və qanunun icrasına qısa müddətdə başlanmasını  vacib hesab edirəm”.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama