Modern.az

İnternetin kəsilməsi bankları nə qədər ziyana saldı? - Banklardan AÇIQLAMALAR

İnternetin kəsilməsi bankları nə qədər ziyana saldı? - Banklardan AÇIQLAMALAR

17 Noyabr 2015, 13:51

Dünən internetin verilişinin dayanması bütün sahələri bir anın içərisində iflic etdi. İnternet üzərindən yayımlanan kütləvi informasiya vasitələri, bank sisteminin fəaliyyəti demək olar dayandı. İlkin olaraq “Delta Telecom” telekommunikasiya provayderinin xətlərində baş verən güclü yanğının ölkə ərazisində internetin kəsilməsinə səbəb olduğu bildirildi.

İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, bir şirkətin inhisarçı mövqedə olması Azərbaycan üçün çox ciddi fəsadlara gətirib çıxara bilər:

“Hətta təhlükəsizliyimizi də təhdid altına qoya bilər. Çünki “Delta Telecom” ölkədə paylanan internetin 90 faizindən çoxuna nəzarət edir. Qanunvericiliyə görə, 33 faizdən yuxarı hər hansı sahəyə nəzarət edən şirkət inhisarçıdır. Burada isə az qala 100 faizdən söhbət gedir. Görünən odur ki, bir şirkətdə yaranan problem ölkənin hətta iflic vəziyyətinə düşməsinə səbəb ola bilər. Ona görə hökumət bu barədə düşünməlidir. Nəzarət bir neçə alternativ şəbəkədə olmalıdır”.

Ekspert bu məqamda orbitə buraxılan peyklərin heç bir xeyrinin olmaması məsələsinə toxunub:

“Azərbaycanda on milyonlarla vəsait xərclənərək orbitə 2 böyük peyk buraxılıb. Bu peyklərin ölkəyə xeyiri nədir? Əgər çətin vəziyyətdə hər hansı köməyi dəyməyəcəksə, dövlət büdcəsindən bu qədər vəsaitin xərclənməsinə nə lüzum var?.. Biz hansı səbəbdən həmin peyklərin rabitə xətlərindən istifadə edə bilmədik. Hələ 3-cü peyk üçün də müqavilə bağladılar. Bu, nəyə lazım olacaq? Cavabsız suallar çoxdur”.


Natiq Cəfərlinin fikrincə, baş verənlər bütün sahələrə öz mənfi təsirini göstərib:

“Bu hadisə nəinki bank sisteminə, eyni zamanda turizm şirkətlərinə, aviabiletlərin satışı ilə məşğul olan məntəqələrə, kommunal təsərrüfat xərclərini internet üzərindən ödəmək istəyən insanların fəaliyyətinə, informasiya məkanına ciddi təsir göstərdi. Bu həm də ölkənin təhlükəsizlik məsələsidir.

Bir neçə saat internetin olmamasının iqtisadiyyata hansı ziyanı vurduğu araşdırılmalıdır. Təbii ki, əsas problem banklarda idi. çünki onlar transaksiyaları həyata keçirə bilmirdilər. Hökumət bu məsələnin üstündən keçməməlidir. Düşünməlidir ki, bir şirkətdən asılı olan internet məkanı belə situasiyalara hazır deyil. Bir neçə şirkətin fəaliyyət göstərməsi üçün təşviq proqramları hazırlanmalıdır. Bu sahədəki inhisarçılığa son qoyulmalıdır”.

Modern.az saytı eyni zamanda bir çox ödənişlərin, əməliyyatların internet üzərindən keçirildiyi kommersiya bankları ilə əlaqə saxlayaraq zərərlər barədə məlumat almağa çalışıb.

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli sorğumuza cavabında dünən axşam saatlarında qarşıya çıxan məlum problemlə əlaqədar bankın bankomat və pos-terminallarının yalnız bir qismində qısamüddətli məhdudiyyətlərin yarandığını və bu problemin tezliklə aradan qalxdığını bildirib. Onun sözlərinə görə, hazırda bankın ekvayrinq şəbəkəsinin işində heç bir məhdudiyyət yoxdur.

“Bank Technique”nin marketinq qrupunun baş mütəxəssisi Rövşən Kazımovun sözlərinə görə, zərər ciddi deyil: “Kassa axşam saat 17:00-da bağlanıb. Hadisə də 1 saat əvvəl baş verib. Ona görə də hər hansı problem yaşanmayıb. Hazırda hər şey öz axarındadır”.

“Günaybank”ın sorğumuza cavab verən əməkdaşı da ciddi fəsadların olmadığını vurğulayıb: “Müştərilərimizlə hər hansı problem yaşanmadı”.

“Parabank”ın mütəxəssisi Samir Əliyev internetin olmamasının təmsil etdiyi bankın fəaliyyətinə mənfi təsirlərinin olmadığını deyib: “Banklar əsasən köçürmə sistemlərini həyata keçirirlər. Bunlar da bilavasitə saytlarla bağlıdır. Hansı bankın əlavə, yaxud rezerv xətti yoxdursa, belə situasiyalarda problem yaşayır. Bizdə hər hansı problem yaşanmayıb”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama