“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev havaların soyuması ilə əlaqədar noyabrın 15-dən etibarən ölkə ərazisində istilik sisteminin işə salınacağını bildirsə də, istiliyi “gördüm” deyən yoxdur. Maraqlıdır, Rafiq Əliyev “Azəristiliktəchizat qışa tam hazırdır” deyəndə nəyi nəzərdə tuturdu? Məgər Azərbaycan yalnız 1-2 qəsəbədənmi ibarətdir?
Təəssüf ki, dünən və bu gün ərzində adıçəkilən şəxsdən suallarımıza cavab almaq mümkün olmayıb.
Qurum rəsmilərinə xatırlatmaq istəyirik ki, orta məktəblərdə tətilin olması istilik verilməməsi üçün səbəb deyil. Hələ insanların evində donması üçün bəhanə də deyil. Ən azından ona görə ki, ayın tamamında işçiləriniz qapı-qapı gəzib verilən istilik sisteminin pulunu tələb edəcəklər...
Modern.az saytının apardığı kiçik araşdırmadan sonra məlum oldu ki, sən demə “Azəristiliktəchizat”ın “Azəriqaz” İstehsalat Birliyinə 3 milyon manat borcu var. Bu səbəbdən də sakinlər donmağa məhkumdurlar.
Məsələni dəqiqləşdirmək üçün “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayevə ünvanladığımız suala aldığımız cavab (red:əgər cavab demək olarsa) belə oldu:
“Mənzillərə qaz verilişi ilə bağlı hər hansı sualınız varsa, cavablandıra bilərəm. Bu sualı isə aidiyyatı quruma ünvanlayın. Mən bu barədə məlumatlı deyiləm”.
İbrahim müəllim, müraciət etdik, amma təəssüf ki, aidiyyatı qurumun noyabrın 15-dən əvvəl “biz mövsümə tam hazırıq” deyə açıqlama verən mətbuat katibinin səs-sorağı gəlmədi...
Necə deyərlər rəsmi qurumlar didişməkdə olsun, biz də donmaqda...
Gülşən RAUFQIZI