Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-ABŞ işgüzar görüşü keçirilib.
Modern.az saytı xəbər verir ki, çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq miqyasda iqtisadi əməkdaşlığı genişləndirməyə böyük önəm verdiyini deyib.
Nazir müavini Azərbaycanla ABŞ arasındakı ticarət-iqtisadi əlaqələr barədə də məlumat verib. O həmçinin bildirib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti var.Sahil Babayev Azərbaycanın işğal altındakı bölgələrinə qeyri-qanuni sərmayə qoyuluşundan da söz açıb:
“Hazırda bəzi xarici şirkətlər Azərbaycanın işğal edilmiş ərazilərinə sərmayə qoymağa cəhd edir. Biz istəyirik ki, ABŞ şirkətləri işğal altındakı bölgələrə qanunsuz olaraq sərmayə qoymaqdan çəkinsinlər”.
ABŞ Ticarət Departamentinin rəhbərinin köməkçisinin müavini Maykl Lalli isə bildirib ki, Vaşinqton Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir.
Qeyd edək ki, işgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və ABŞ-Azərbaycan Tiicarət Palatasının təşkilatçılığı ilə keçirilib.
Aqşin Kərimov