Modern.az

Azərbaycan hasilat sənayesindən 132 milyard dollar vəsait əldə edib

 Azərbaycan hasilat sənayesindən 132 milyard dollar vəsait əldə edib

23 Noyabr 2015, 20:49


Noyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına dair hazırladığı rəyi ictimaiyyətə təqdim edib. Keçirilən dəyirmi masada Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin,  Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, Beynəlxalq təşkilatların, səfirliklərin, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, tədbir Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Mədən Sənayesində Şəffaflığın Artırılmasına ictimai dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Koalisiya ilə bağlı məlumat verən Ə.Nuriyev vurğulayıb ki, Koalisiya 2004-cü ildən fəaliyyət göstərir: “Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası ölkəmizin ən böyük koalisiyasıdır. Əhalinin MHŞT prosesi ilə bağlı maarifləndirilməsi istiqamətində iş aparır. İcra etdiyimiz bu layihə çərçivəsində regionlarda, ali təhsil ocaqlarında tədbirlər keçirdik. Verilişlər hazırlayaraq region televiziyalarında yayımlanmasına nail olduq. Koalisiya həmçinin, son illər respublikamızda vətəndaş cəmiyyəti institutlarının problemlərinin aradan qaldırılması istiqamətində də iş aparır. Ölkə Prezidenti İlham Əliyevin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sədri xanım Kler Şotla görüşündən sonra bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Görülən işlər nəticəsində bank hesabına həbs qoyulan 6 Koalisiya üzvündən 3-nün hesabından həbs götürülüb. Hazırda digərlərinin də  bank hesabından həbsin götürülməsi istiqamətində danışıqlar davam etdirilir. İkinci bir problemimiz bəzi üzvlərimizin ölkədən çıxarkən və ölkəyə gələrkən əsasız yoxlamalara məruz qalması ilə bağlı idi. Atıq bununla da bağlı müəyyən müsbət addımlar var və həmin şəxslərdən bəziləri artıq yoxlamalara məruz qalmır. Bu problemin təmamilə həlli üçün işlərimizi davam etdiririk. Vergi sanksiyaları  tətbiq edilən bəzi koalisiya üzvlərinin problemlərinin aradan qaldırılması istiqamətində də iş aparırıq”.

Rəylə bağlı məlumat verən Ə.Nuriyev bildirdi ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası 2013-cü il üzrə MHŞT Hesabatına dair rəy hazırlayıb: “Rəydə MHŞT Hesabatı dərindən öyrənilməklə zəruri araşdırma və təhlillər aparılıb və hesabatın MHŞT Standartının tələblərinə uyğunluğu qiymətləndirilib. Belə ki, Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatı yeni Standartın tələblərinə uyğun hazırlanaraq ictimaiyyətə təqdim olunub. Əvvəlki illər üzrə MHŞT hesabatlarında ödəniş növləri üzrə şirkətlərin hökumətə ödəmələri barədə yalnız ümumiləşdirilmiş məlumat olurdusa, 2013-cü ilin Hesabatında, MHŞT Standartının tələblərinə uyğun olaraq, MHŞT prosesinə qoşulan bütün hasilat şirkətləri, bütün ödəmə növləri və fəaliyyətdə olan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə fərdiləşdirilmiş məlumatlar toplanıb. Koalisiyanın hesabatla bağlı rəyində həm hökümətə, həm şirkətlərə tövsiyyələr verilib. Bu rəyin hazırlanması yüksək peşəkarlıq tələb edir. Koalisiya da bu işə diqqətlə yanaşdı. Hazırda 2014-cü ilin hesabatının hazırlanması istiqamətində iş aparılır. Yəqin ki həmin hesabatda Koalisiyanın rəyində göstərilən tövsiyyələr nəzərə alınacaq”.

Daha sonra rəylə bağlı məlumat verən iqtisadçı ekspert, rəy müəlliflərindən biri Azər Mehtiyev birdirdi ki, 2013-cü ilin hesabatı ölkə vətəndaşlarına və bu məsələlərlə maraqlanan hər kəsə daha geniş və əhatəli informasiya əldə etməyə imkan verir: “MHŞT Hesabatınında  - “Kontekstual məlumatlar” bölməsində -  MHŞT standartının tələblərinə uyğun olaraq, ölkədə mədən sənayesinin fəaliyyətinin tənzimləyən hüquqi və fiskal rejim barədə məlumatlar, mədən sənayesində hasilat, ixrac, hasilatın ərazi strukturu, kəşfiyyat fəaliyyəti, hasilat sənayesində dövlətin iştirakı, məşğulluq, milli neft şirkəti olan SOCAR-ın fəaliyyətinin ayrı-ayrı tərəfləri, hasilat şirkətlərinin ödəmələrinin və hasilat sənayesindən daxilolmaların dövlət gəlirlərində payı, habelə bir sıra başqa mılumatlar və statistik göstəricilər toplanıb. Bu, vətəndaşların və ayrı-ayrı maraq qruplarının ölkənin hasilat sənayesi və onun ölkə iqtisadiyyatında rolu haqqında daha əhatəli informasiyalara əlçatanlıq səviyyəsini yüksəldən amil hesab edilməlidir. Bir sözlə, 2013-cü il üzrə MHŞT Hesabatında hasilat sənayesinin dövlət gəlirlərində və ölkə iqtisadiyyatındakı rolu ilə bağlı indiyədək cəmiyyət üçün açıq olmayan, ölkə vətəndaşları və bütün maraq qrupları üçün əhəmiyyətli olan böyük həcmdə informasiya toplanıb. Bununla belə, Hesabatda MHŞT Standartının bir sıra tələblərinə tam və ya qismən əməl edilməməsi halları, habelə üzləşmə prosesi ilə bağlı çatışmazlıqlar və anlaşılmazlıqlar  mövcuddur. Növbəti illər üzrə MHŞT hesabatının daha təkmil alınması üçün təklif və tövsiyyələr hazırlanıb. MHŞT hesabatında aşkarlanan çatışmazlıqlar və anlaşılmazlıqların növbəti illərdə aradan qaldırılması üçün tövsiyyələr MHŞT üzrə Çoxtərəfli Qrupa, Müstəqil Administratora və SOCAR-a ünvanlanıb. Rəydə hesabatla bağlı MHŞT üzrə Çoxtərəfli Qrupa 15, Müstəqil Administratora 11 tövsiyyə verilib. SOCAR-a 5, hökumətə isə 7 tövsiyə ünvanlanıb.  Ən çox narahatlıq yaradan məsələlərdən biri Hesabatda SOCAR-la bağlı məlumatların açıqanmamasıdır. Hesabatda göstərilib ki, SOCAR-ın 2013-cü ildə kvazi-fiskal fəaliyyəti olmayıb. Amma araşdırmalar göstərir ki kvazi-fiskal xərclər var. Ümid edirik ki, növbəti hesabatlarda bu məsələlər həllini tapacaq. Azərbaycan hasilat sənayesindən 2015-ci ilin 1 oktyabrınadək 132 milyard dollar vəsait əldə edib. İqtisadiyyatın əsasını təşkil edən hasilat sənayesinə ictimai nəzarət nə qədər güclü olsa, əldə olunan gəlirlərin daha şəffaf xərclənməsi də təmin olunar”.

Daha sonra çıxış edən MHŞT üzrə Katibliyinin rəhbəri Fərid Fərzəliyev görülən işlərə görə Koalisiyaya təşəkkürünü bildirdi: “Azərbaycan MHŞT prosesində maraqlıdır. Ölkəmizin MHŞT üzrə 2009-cu ildə hesabat cəmi 11 səhifə idisə, 2013-cü ilin hesabatı 100 səhifədən çoxdur. Bu da hesabatda daha çox məlumatın verilməsi ilə bağlıdır. MHŞT prosesində hökümət, şirkətlər və vətəndaş cəmiyyəti institutlarının üçtərəfli əməkdaşlığı qurulub. Koalisiyanın hazırladığı rəy də, prosesdə olan qusurları tapmaq üçün bizə yardım edir. Koalisiyanın hazırladığı bu rəy çox önəmlidir. Rəyin hazırlanması üçün böyük iş görülərək təhlil aparılıb və dəyərli fikirlər verilib. Rəy audit tərəfindən də təhlil olunub və ümid edirik ki, 2014-cü ilin hesabatında göstərilən tövsiyələrə əməl olunacaq”.

Sonda tədbir Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına dair Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası tərəfindən hazırlanan rəylə bağlı müzakirələrlə davam etdirilib.  

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama