Modern.az

Bakıda nəqliyyatın hərəkətilə bağlı daha bir yenilik edilir

Bakıda nəqliyyatın hərəkətilə bağlı daha bir yenilik edilir

24 Noyabr 2015, 18:47



Səbail rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər aparılır.

“Azəryolservis” ASC-dən Modern.az-a bildirilib ki, yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə yol iki hərəkət istiqamətli olduqdan sonra  Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunacaq.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görüləcək işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının “20-ci sahə”dən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan ediləcək. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla, müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağı ilə hərəkətlərinə davam edə biləcəklər.

 Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması işlərinə də başlanılıb. Yaxın günlərdə yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri də aparılaraq yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama