Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının 2 noyabr 2015-ci il tarixdə etdikləri müraciətə əsasən, qeyd olunan Səhmdar Cəmiyyətin işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.
İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranmış narazılıq aradan qaldırılıb.
Bildirilib ki, xidmət tərəfindən vətəndaşların müraciətlərinə uyğun olaraq, onların əmək hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Modern.az