Noyabrın 17-20 tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının təşkilatçılığı və Fransa hökuməti, Strasburq şəhər meriyası, Elzas regionunun dəstəyi ilə “Azadlıq nəzarətə qarşı: demokratiya üçün cavab” adı altında Dünya Demokratiya Forumu keçirilib. 3 gün davam edən forumda “Təhdid olunan demokratik cəmiyyətdə azadlıqla təhlükəsizlik arasındakı tarazlığı necə qorumalı?”, “Demokratik cəmiyyətlər qorxunun aradan qalxmasına nə dərəcədə müqavimət göstərə, məsuliyyət və fəal vətəndaşlıq üzərində qurulmuş cavablar təklif edə biləcəklər?”, “Fərdlər hüquq və azadlıqları pozulmadan təhlükəsizlik risklərini üzərilərinə götürə biləcəklərmi?” kimi müxtəlif aktual suallara cavablar axtarılıb.
Modern.az xəbər verir ki, foruma dünyanın 100-dən çox ölkəsindən siyasət adamları, vətəndaş cəmiyyətlərinin üzvləri, jurnalistlər, aktiv gənclər və müvafiq ekspertlər – ümumilikdə 1500 nəfərə qədər iştirakçı qatılıb. Forumun qonaqları arasında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq zabiti Vilyam Binney, Avropa İttifaqının məhkəmələrarası əməkdaşlıq Agentliyinin sədri Mişel Koninsks, İslam Bilikləri və Orta-Şərq Mərkəzinin sədri Əhməd İravani, 2011-ci il Nobel sülh mükafatçısı Tavakkol Karman, Quantanamo həbsxanasının keçmiş məhbusu Murad Bençellali kimi tanınmış simalar da var.
Forumda 19 işçi qrup üzrə müxtəlif sahələr və mövzular üzrə müzakirələr aparılıb. İşçi qrupların iclaslarına Azərbaycanı təmsil edən jurnalistlərdə qatılaraq , diskussiyalara qoşulub movzulara uyğun fikirlərini bildiriblər . Onlar sırasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət , “Azərnews” jurnalının baş redaktoru Sevil Mikayılova və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev olub. “Azərnews” jurnalının baş redaktoru Sevil Mikayılova iştirak etdiyi müzakirə panellərində Azərbaycan demokratik vəziyyət haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın siyasi kursunun əsasını demokratik dəyərlərin və təsisatların təşəkkülü və onların mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər təşkil edir.Heç bir şübhəsiz vurğulamaq olar ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən ölkələr sırasında özünəməxsus yer tutur. Əsl demokratik cəmiyyət əhalinin maddi rifahı əsasında qurulur. İqtisadi cəhətdən güclü olan dövlətlərdə demokratiyanın inkişafı çox yüksək səviyyədə olur. Bunu nəzərə alan Azərbaycan hökuməti iqtisadi islahatların davam etdirilməsinə xüsusi önəm verir.
Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə Azərbaycanın media sahəsi barədə müxtəlif müzakirə panellərində tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanda söz azadlığı ilə insan hüquqları arasında balans təmin olunub . Ölkədə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradılıb, söz və məlumat azadlığı təmin edilib, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verilib. Nəticədə, qısa zamanda respublikada azad informasiya mühiti formalaşıb. Müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edib.
Forumun “Media azadlığı üçün vətəndaş fəallığı” adlı panelində Azərbaycanda mətbuat azadlığı ilə bağlı həqiqətə uyğun olmayan əsassız fikirlər də səsləndirilib.
Azərbaycanda media azadlığı ilə bağlı indiyə qədər eşidilməyən yalanlar uydurularaq auditoriyanı çaşdırmağa cəhd edilib. Forumda iştirak edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət paneldə söz alaraq səsləndirilən bütün fikirlərin cəfəngiyyat olduğunu panel iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanda müstəqil medianın fəaliyyəti üçün heç bir əngəl yoxdur, ölkədə yüzlərlə müstəqil media orqanı, jurnalistlər fəaliyyət göstərir, özü də dünyanın hansı nöqtəsindən istəsələr yazırlar .
Qeyd edək ki, forum noyabrın 20-də öz işini başa çatdırıb.
MODERN.AZ