Bu gün kütləvi informasiya vasitələrində, xüsusilə də televiziya və radiolarda dərman preparatları və klinikaların reklamı davamlı nümayiş edilir. Bir çox hallarda “Reklam haqqında” qanunun tələblərinin pozulduğunun şahidi oluruq. Belə məqamda sual ortaya çıxır: “Bu reklam mətnləri necə müəyyənləşir? Səhiyyə Nazirliyi məsələyə nəzarət edirmi?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, reklamlarda “Reklam haqqında” qanunun bir sıra tələbləri pozulur: “Həkim resepti ilə müəyyən edilən dərmanların reklamı qadağandır. Səhiyyə Nazirliyi dərmanların keyfiyyəti ilə əlaqədar xüsusi sertifikatlar verir. Amma hazırda bioloji aktiv əlavələrin, qida məhsullarının dərman preparatı kimi reklamı davam edir. Reklam zamanı bildirirlər ki, bunlar dərman vasitəsi kimi istifadə edilə bilər.
Qanunda isə bioloji aktiv əlavələrin və qida əlavələrinin müalicə əhəmiyyətli dərman vasitəsi kimi vermək qadağandır”.
Deputat qeyd edib ki, süni qidaların reklamı zamanı “ana südünün tərkibi ilə eynidir”, “tərkibi ana südünə yaxındır” kimi ifadələrin istifadəsi yolverilməzdir: “Hətta bəzən körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı zamanı bildirilir ki, bu ana südünün tərkibinə bərabərdir, yaxud çox yaxındır... Qanunla bunların hamısı qadağan edilib”.
Vahid Əhmədovun sözlərinə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə verilir: “Orada da müəyyən məqamlar var. Məsələn, yetkinlik yaşına çatmayan uşaqlar barədə müraciətlər daxil olur. Bəzi reklamlarda bildirilir ki, hətta sağlam insan bu preparatı qəbul etsə, daha da sağlam olar. Nəzərinizə çatdırım ki, həkim resepti olmadan buraxılan dərmanların da reklamında müəyyən qadağalar var. Dərmanla, o cümlədən bioloji aktiv maddələrlə bağlı “Reklam haqqında” qanunda xüsusi maddələr.
Eyni zamanda qanunda, İnzibati Xətalar Məcəlləsində qaydaların pozulmasına dair cəza tədbirləri nəzərdə tutulub. Nəzərə alaq ki, qanun təzə qüvvəyə minib, bir çoxları bu barədə məlumatsızdır.
Əminəm ki, il yarımdan çox müzakirəsi gedən “Reklam haqqında” qanun öz səmərəsini verəcək. Azad Reklamçılar İttifaqı da bu işlə yaxından məşğul olacaq”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az saytına bildirib ki, nazirlik müxtəlif kütləvi informasiya vasitələrində dərman və klinika reklamlarına rəy vermir: “Bu məsələ əvvəllər nazirliyin səlahiyyətində idi. Amma qanuna edilən dəyişiklikdən sonra məsələ Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb. Bu səbəbdən də nazirlik dərman və klinika reklamlarına nəzarət etmir”.
Gülşən RAUFQIZI