Yeni il bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı altında ardıcıl olaraq 5 gün müddətinə kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək.
Bu haqda Modern.az saytına məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, yarmarkalar paytaxtla yanaşı Sumqayıt şəhərində da təşkil ediləcək.
Nazirlik rəsmisi dekabrın 26-31-də keçiriləcək satış yarmarkaların ünvanlarını da açıqlayıb:
“Xətai rayonu - Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yanı);
Səbail rayonu - Badamdar qəsəbəsi;
Nərimanov rayonu - Keşlə bazarının yanı;
Binəqədi rayonu - Dərnəgül qəsəbəsi;
Suraxanı rayonu - Əmircan qəsəbəsi;
Sumqayıt şəhəri”.
Bir müddət əvvəl yarmarkaların təşkili ləğv edilsə də, əhalinin çoxsaylı istəklərini nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi satış yarmarkalarını bərpa edib. Eyni zamanda yerlər müəyyən edildikdən sonra yarmarkaların yeni ünvanlarda da təşkili nəzərdə tutulub.
Ənənəvi olaraq yarmarkaların təşkil edilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlə keyfiyyətli məhsullarla təmin etməkdir.
Gülşən RAUFQIZI