Prezident yanında Elmin İnkişafı Fondu bu il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib. Fonddan Modern.az-a verilən məlumata görə, müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülən sahə və istiqamətlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli və rəqabət apara biləcək elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
Qurumların təqdim edəcəyi kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin həcmi 8 milyon manatdır.
Elmi ekspertizanın nəticələri əsasında seçim zamanı multidissiplinar tədqiqatlar üzrə tәqdim olunan, tətbiqi xarakterli, müxtəlif qurumlardan olan alim və mütəxəssislərin iştirak etdiyi, xüsusilə akademik və təhsil qurumlarının birgə layihələrinə, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, həmçinin gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihәlәrә üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il dekabrın 15-dən 2016-cı il yanvarın 28-i saat 17:00-dək aparılacaq.
Müsabiqənin elmi ekspertiza işi 2016-cı ilin birinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulan müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
Aytən ZƏHRA