Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Modern.az saytı xəbər verir ki, məhsul yığımı başlanandan dekabr ayının 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilmiş və həmin sahələrdən 2785,5 min ton məhsul götürülüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta hesabla hər hektardan əldə edilən məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 35,3 min hektar dən üçün qarğıdalı sahəsindən 211,3 min ton məhsul yığılıb.
Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 831,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 min ton çox kartof, 1256,7 min ton (75,1 min ton çox) tərəvəz, 484,5 min ton (43,6 min ton çox) bostan məhsulları, 880,6 min ton (36,0 min ton çox) meyvə və giləmeyvə, 152,8 min ton (5,2 min ton çox) üzüm, 575,9 ton (116,7 ton çox) yaşıl çay yarpağı, 168,9 min ton (2,5 min ton çox) şəkər çuğunduru, 3466,1 ton (609,0 ton çox) tütün yarpağı yığılıb.
Pambıq tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, günəbaxan yığımı isə 7,0 faiz azalaraq müvafiq olaraq 34,3 və 18,8 min ton təşkil edib.
2015-ci ilin yanvar-noyabr aylarında 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox diri çəkidə ət, 1777,0 min ton (4,2 faiz çox) süd, 1402,6 milyon ədəd (1,6 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunub.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil edib.
Gələn ilin məhsulu üçün 993,6 min hektar sahədə şum qaldırılıb, 852,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 535,2 min hektar sahəyə buğda, 317,2 min hektar sahəyə isə arpa səpilib.
Modern.az