Modern.az

Neftin qiyməti necə olacaq - İqtisadçıdan proqnoz

 Neftin qiyməti necə olacaq - İqtisadçıdan proqnoz

İqtisadiyyat

16 Dekabr 2015, 20:42

 

“ABŞ nümayəndələr palatasında büdcə müzakirələri davam edir. Bu müzakirələr zamanı əldə edilən razılıqlardan biri də 1975-ci ildə xam neftin ixracına qoyulmuş embarqonun ləğvidir. ABŞ-ın istehlak və istehsal bazarında hökmran mövqeyi bu ölkədə qəbul edilən bu tip qərarların xarici bazarlara da təsirini artırır. Digər tərəfdən də şist neftinin hasilatı sahəsində potensial imkanlara malik olan ölkədə sənayeçilər bu sektora sərmayələrini daha da artırırlar”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Gubad İbadoğlu öz feysbuk səhifəsində bildiib.

Gubad İbadoğlunun sözlərinə görə, əgər bu ilin əvvəlində ölkədə şist neftinin hasilatı üzrə 1200 quyu işlək vəziyyətdə idisə hazırda onların sayı 5000-ə çatır: “Hər bir quyu üzrə gündəlik hasilatın orta hesabla 500 barrel odugunu nəzərə alanda, bu ümumi hasilatın gündə 2,5 milyon barel səviyyəsinə qədər artırılması imkanı deməkdir. Bununla yanaşı, xam neft bazarında WTI nefti ilə Brent nefti arasında paritet yaranmaqdadır. Hazırda bu iki müxtəlif neft markası arasında qiymət fərqi 1 dollardan da azdır. Belə ki, bu günə olan məlumata görə 1 barrel WTI neftinin qiyməti 36,72 dollar, Brent neftinin qiyməti isə 37,68 dollardır. Məlumat üçün qeyd edim ki, belə bir nisbət sonuncu dəfə 4 il bundan əvvəl qeydə alınmışdı. Bunu şərtləndirən başlıca amil Brent neftinin daha sürətlə ucuzlaşmasıdır. Bu isə Azərbaycanın maraqlarına ziddir, çünki Azəri Layt markasının satış qiyməti əsasən Brent markasının qiyməti ilə uzlaşır. Xam neft bazarlarında təklifin artması ilə yanaşı tələbin də azalması müşahidə olunmaqdadır. Bu da qiymətin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən sayıla bilər. Çində praktiki olaraq resesiya meyllərinin güclənməsi onun istehlak imkanlarını məhdudlaşdırıb. Hindistan istehlakçıları da eyni təmayül nümayiş etdirirlər”.

İqtisadçı vurğulayır ki, gələn ildən İran üzərindən sanksiyaların qaldırılması da xam neft bazarlarındakı mövcud vəziyyətə təsir göstərəcək: “Odur ki, yaxın zamanlarda neft qiymətlərinin ucuzlaşdırılmasını şərtləndirən amillər daha çox və fəal görsənir”.    

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi