Azərbaycan Prezidenti İlham Əliyevin lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, lisenziyalaşdırma qaydası və lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı, həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təsdiq edilib.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az saytına açıqlamasında fərmanı şərh edib:
“Ölkə başçısının müvafiq fərmanı ilə lisenziyalaşan sahələrin siyahısı təsdiq olunub. Həmin siyahıda avtomobil nəqliyyatının heç bir növü ilə sərnişin, yükdaşıma fəaliyyəti nəzərdə tutulmayıb. Fərmanla avtomobil nəqliyyatında lisenziyalaşdırma ləğv olunub, 2002-ci ildə təsdiq olunmuş eyni adlı fərman qüvvədən düşür. Bu o deməkdir ki, taksi fəaliyyəti, yük avtomobillərində yük, avtobuslarda sərnişin daşımaq üçün lisenziya tələb edilməyəcək. Amma bu o demək deyil ki, kim necə, harada gəldi taksi fəaliyyəti, sərnişin daşınması ilə məşğul ola bilər. Qanunvericilikdə bununla bağlı dəqiq müddəalar var. İstərdim ki, hər kəs bunlara diqqət etsin.
Bilsinlər ki, bu fəaliyyət sahələri sahibkarlıq sahəsi sayılır. Taksi fəaliyyətilə, sərnişin və yükdaşıma ilə məşğul olmağı kommersiya fəaliyyəti kimi istifadə edərsə, mütləq vergi orqanlarında vergi ödəyicisi kimi uçota durmalıdır. Qanunvericilikdə avtomobil və sürücülərlə bağlı bütün tələblərə əməl edilməlidir. Hər ay fərqlənmə nişanını alıb, bütün sənədləri qaydasında olaraq fəaliyyət göstərməlidir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də uçota durmalıdır”.
Ekspert verilən fərmanın vətəndaş üçün üstünlüklərini də sadalayıb:
“Sentyabr ayından etibarən ölkədəki sahibkarların normal fəaliyyəti üçün əlverişli mühitin yaradılması istiqamətində silsilə tədbirlər görülür. Məlum olduğu kimi bu da iqtisadi durğunluqla bağlıdır. Getdikcə hər kəs bunu daha aşkar hiss etməyə başlayacaq. Bu və digər sahələrdə lisenziyaların ləğv edilməsi vətəndaşı əlavə yükdən azad etdi. Lisenziya alarkən dövlət rüsumu ödənilirdi, müxtəlif sənədlər hazırlamaq, inzibati orqana getmək lazım gəlirdi, indi bütün bunlar olmayacaq. Sadələşdirmə qanunda nəzərdə tutulduğu qaydada fəaliyyəti tələb edir. Hesab edirəm ki, vətəndaşlar da qanunvericiliyə uyğun şəkildə fəaliyyət həyata keçirilməlidir”.
Gülşən RAUFQIZI