2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” nın qüvvəyə minəməsindən sonra siqaret və spirtli içkilərin nağd pulla satışı dayandırılmışdı.
Amma az keşmədi ki, aksizli malların, siqaret və spirtli içkilərin plastik kartlarla satışı yanvarın 12-dən dayandırıldı.
Modern.az saytının əməkdaşı mövcud vəziyyətlə bağlı bir neçə ticarət mərkəzində müşahidə aparıb.
“Real Market”də apardığımız müşahidədən məlum oldu ki, plastik kartla satışa dair qərarın qüvvədən salınmasından sonra nağd pulla siqaret və spritli içki alanların sayında artım baş verib. Halbuki, həmin qərar qüvvədə olduğu müddətdə mağazada siqaret və spirtli içki satışı dayanmışdı, araq piştaxtaları isə boşaldılmışdı.
Real Marketin saatıcısı: “Həmin qərar dünən verilib. Artıq biz də siqaret və spirtli içki satan firmalara sifarişlərimizi vermişik. Yaxın saatlarda sifarişlərimiz gələcək və piştaxtaları dolduracağıq. Ayrıca bəzi firmalar hələ də devalvasiyaya görə qiymətləri müəyyənləşdirə bilməyiblər. Firmaların bəziləri malları, məhsulları hissə-hissə paylayırlar. Sifarişlərimiz çox zaman gecikir”.
“Kontinental Market”də də məlum oldu ki, plastik kartlarla alış-veriş etmək marağında olmayan insanlar sözügedən qərarın qüvvədə olduğu müddətdə nisbətən az siqaret və spirtli içki alveri ediblər. Mağaza adminstratoru söylədi ki, qərar qüvvədən düşdükdən sonra nağd pulla satış artıb: “Artıq dünəndən qərar qüvvədən düşüb, nağd pulla araq və siqaret alanların sayında artım hiss olunur. Ancaq bizdə içkilər nisbətən xarici istehsal və bahalı olduğuna görə kartla alanlar da var. Firmalar da kartla satış sistemindən razı deyildilər. Bu qərarın ləğvi indiki vəziyyətdə pis olmadı”.
“Nömrə 1 market”də də bildirdilər ki, spirtli içki və tütün məhsulları almaq üçün firmalara sifarişlər veriblər. Dünəndən etibarən nağd pulla siqaret və araq almaq istəyənlərin sayında az da olsa artım baş verib.
Ağa AKİFOĞLU