Modern.az

“Bank of Azerbaijan” barədə verilən qərar digər bankları da gözləyir...

“Bank of Azerbaijan” barədə verilən qərar digər bankları da gözləyir...

19 Yanvar 2016, 11:10


İqtisadçı, alim Vüqar Bayramov “Bank of Azerbaijan” ASC-nin bank lisenziyasının ləğv edilməsini gecikmiş qərar hesab edib. Modern.az saytının məlumatına görə ekspert 2 ildən çox vaxt ərzində bu bank daxil olmaqla bir neçə bankın lisenziyasının geri alınmasını təklif etdiklərini deyib:

“Əslində, Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ən azı 2 il öncə ləğv etməli idi. Mərkəzi Bankın bəlli subyektiv səbəblərdən bu prosesi yubatması bu bankda pulu olan əmanətçilərə həm maddi, həm də sözün həqiqi mənasında psixoloji çətinlik yaratdı.

Bu iki ildə sözügedən bank xüsusən də əmanəti olan müştəriləri o qədər get-gelə saldı ki, hətta bəzilərinin manatla olan depozitləri iki devalvasiya nəticəsində dəyərsizləşdi”.

Amma yenə də bir sual açıq qalır: vətəndaşın manatla olan və devalvasiya nəticəsində dəyərsizləşmiş əmanət və yığımlarındakı zərər necə ödəniləcək? Heç bir səbəb olmadan lisenziyanı zamanında geri almayan Mərkəzi Bank buna görə kompensasiya ödəyəcəkmi?

V.Bayramov hazırda “Bank of Azerbaijan”dan da pis vəziyyətdə olan bank və ya banklar oldğunu vurğulayıb:

“Amma hələ də Mərkəzi Bank gözləmə mövqeyindədir. Elə bank var ki, müştəri öz əmək haqqı kartından pul çıxara bilmir. Mərkəzi Bank isə hələ də müdaxilə etmir. Müştərilər bankla məhkəmələr arasında qalıblar.

Halbuki, belə banklar bütövlükdə bank sektoruna olan inamın aşağı düşməsinə səbəb olur. Çünki hər hansı bir bankdan əmanətin götürülməsi probleminin olması xəbəri hətta yaxşı işləyən bankda da depozitlərin taleyini sual altına alır və həmin pulun taleyinə inamı azaldır”.

“Bank of Azerbaijan” ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştəriləri nə etməlidir?

İqtisadçı məsələyə belə aydınlıq gətirib:Əvvəlla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar. Çünki, Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki, bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil.

Eyni zamanda “Bank of Azerbaijan” bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcəyi halda fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın “Bank of Azerbaijan” ASC-nin ləğvi prosesinə məsul olan banklar ilə əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər. Bütövlükdə, Mərkəzi Bank gec də olsa bu addımı atdı. Növbədə isə dayananlar var..”.

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama