Modern.az

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sürətləndiriləcək

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sürətləndiriləcək

19 Yanvar 2016, 13:15

Azərbaycanda 2015-ci ildə 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Modern.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov qurum tərəfindən 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirib.

K.Həsənov deyib ki, ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib: "İllik xüsusi hesabat formasını təqdim etməli olan 6 223 səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 353-ü isə elektron formada təqdim edilib. Hesabat dövründə 2 857 ədəd Registrdən çıxarış sənədi hazırlanıb. Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. 156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub".

Hesabat ilində 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığı barədə məlumat verən komitə sədri hesabat dövründə 41 371 ipoteka müqaviləsi qeydə alınıb.  

Müşavirənin sonunda komitə sədri komitənin struktur bölmə və tabeli qurum rəhbərlərinə tapşırıqlarını verib. Kərəm Həsənov bildirib ki, 2015-ci ildə komitə tərəfindən həyata keçirilmiş uğurlu fəaliyyət bu il də davam etdirilməli və fəaliyyət sahələri üzrə komleks inkişaf təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin dövlət büdcəsi ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən maliyyə intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməsi, büdcə və büdcədən kənar vəsaitlərindən qənaətlə istifadə olunması diqqətdə saxlanılmalı və bu istiqamətdə effektiv tədbirlər görülməlidir.

Onun sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq ölkə büdcəsinin özəlləşdirmədən daxil olan vəsaitlərin hesabına artırılması məqsədilə yeni sahələrin özəlləşdirilməyə açılması ilə bağlı təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır. Özəlləşdirmə potensialı və bu sahədə optimallıq və şəffaflıq daha da artırılmalıdır.  

Daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, xidmətlərdə vətəndaş amilinin maksimum önə çəkilməsi təmin edilməlidir. Rahatlıq və əlçatanlığın təmin olunması istiqamətində görülən tədbirlər daha sürətli və effektiv şəkildə həyata keçirilməlidir. Vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarının gözlənilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi, şəhər və regional idarələrdə vətəndaşların xidmətlərdən razılığı tam təmin olunmalıdır.

Dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirilməsi və icarəsi prosesi daha da sürətləndirilməli, daxil olan vəsaitlər üzrə 2016-cı il üçün Proqnoz Tapşırıqlarının tam və vaxtında icrası təmin edilməlidir.

İşçilərin əmək potensialı və resursları düzgün bölüşdürülməli, komitənin və onun tabeli qurumlarının işçilərinin əmək məhsuldarlığı qiymətləndirilməlidir. İş keyfiyyəti yüksəldilməli və iş prosesində məhsuldarlığı ilə fərqlənən işçilər stimullaşdırılmalıdır.

Torpaqların elektron uçotu informasiya sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməli, bütün kateqoriyalı torpaqların xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində tədbirlər fəal davam etdirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir.

Daşınmaz əmlakın və torpaqların kadastr uçotuna alınması, daşınmaz əmlakların mükəmməl kadastr məlumat bazasının təkmilləşdirilməsi, ünvan reyestri informasiya sisteminin ölkə üzrə tam fəaliyyət göstərməsi ilə bağlı tədbirlər daha da sürətləndirilməlidir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama