Modern.az

Hesablama Palatası dövlət qurumlarında nöqsanlar aşkarlayıb

Hesablama Palatası dövlət qurumlarında nöqsanlar aşkarlayıb

21 Yanvar 2016, 14:51



Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.

Hesablama Palatasının mətbuat xidmətindən Modern.az saytına verilnə məlumata görə yoxlama qrupu rəhbərinin məruzəsi dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul Auditor V. Həsənov əldə edilmiş nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb.

Auditor Şamaxı rayon Təhsil Şöbəsi (TŞ) tərəfindən kompüterlərə xidmət üzrə  laborant ştatlarının olmasına baxmayaraq müəllimlərə komüterlərə xidmət üçün, tələb olunan avadanlıqlar və qurğular olmadığı halda  hərbi rəhbərlərə kabinet müdirliyi üçün, müasir tədris ləvazimatları və avadanlıqları ilə təmin edilmədiyi halda fənn kabinetlərinə rəhbərlik üçün, mövcud olmayan  tədris-təcrübə sahəsinə və emalatxanaya rəhbərlik üçün əlavə haqq, hərbi rəhbərin vəzifə maaşına daxil olan, həmçinin  əvəzedilməsi aparılmamış dərs saatlarına görə, şagirdlərin sayının normadan aşağı olduğu siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına, artıq tarifləşdirilmiş dərnək saatlarına görə əmək haqqı ödənildiyini, qeyri-ixtisas fənləri üzrə pedaqoji işçilər üçün dərs tarifləşdirildiyini, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyini, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmaması səbəbindən artıq sinif komplektlərinin saxlanıldığıni diqqətə çatdırıb. Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblərinin gözlənilməməsi qed olunub. Eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyi diqqətə çatdırılıb. 

TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı,  satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi bildirilib.

 Auditor audit obyekti tərəfindən  bəzi hallarda  ödənilmiş vəsait müqabilində mal- material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini,  mal-material qiymətlilərinin paylanmasının uçotunun,  ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.

 Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.

Həmçinin kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin  nəticələri müzakirə olunub, yoxlama qrupu rəhbərinin məruzəsi və fəaliyyəti istiqaməti üzrə Auditor C.Həsənovun təqdim etdiyi Hesabat dinlənilib.

Auditor Xaçmaz Rayon İcra Hakimiyyəti (İH) tərəfindən  bir sıra nöqsanlara yol verildiyi qeyd edilib. Bildirilib ki, yeni layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma  müqavilələri bağlanıb, bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmamış, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində  yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb. 

Auditor inşa edilən məktəblərdə  şagirdlərin layihə-smeta sənədlərində qeyd edilmiş və faktiki sayı arasında fərqlərin olduğunu, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını, bu faktorların isə büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb. 

Auditor bina və qurğuların tikintisinə  sərf edilmiş vəsait xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini,  əsaslı vəsait qoyuluşların uçotunun  Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib. 

C. Həsənov auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq investisiya təkliflərinin qanunvericiliklə müəyyən edilən qaydada hazırlanmasını, müvafiq sənədlərin dövlət ekspertizasından keçirilməsini, təhsil müəssisələrinin tikintisinin layihə tapşırıqlarının mövcud normativlərinin tələblərinə uyğun tərtib edilməsini, yalnız xüsusi razılıq (lisenziyası) olan podratçılarla müqavilələrin bağlanılmasının təmin edilməsini, layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılmasını, sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu,  daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin sınaq aktların tərtib edilməsini, istifadə olunan kapital qoyuluşları üzrə Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun maliyyə hesabatlarının tərtib edilməsini, debitor-kreditorların uçotunun aparılmasını məqsədəmüvafiq hesab edib.

 Auditor rəyində həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməklə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə  nəzərdə tutulan işlərin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti-quruculuq işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin  görülməsi də təklif olunub.

 Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş, audit dövründə bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırıldığı, kəndlərarası avtomobil yollarının  tikintisi üzrə asfalt-beton işlərinin  başa çatdırılması, yeni yaranmış əsas vəsaitlərin müvafiq qaydada uçota alınması və bəzi çatışmamazlıqlar üzrə vəsaitlərin dövlət büdcəsinə bərpası nəzərə alınmışdır. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib, Qərar icra edilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə  göndərilib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama