2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır. Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.
Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub: "Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəində gözlənilir".
2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb. Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.
Neftin qiymətinə toxunan nazir vurğulayıb ki, qiymətlərin 25 dollardan aşağı düşəcəyi gözlənilmir: "Amma hazırkı vəziyyət istər-istəməz adamı düşündürür. İndiki an neft üçün ağır bir dövürdür. Hazırkı vəziyyət gələcəkdə yeni neft quyularının axtarışını və neft investisiyaların olmasını dəstəkləmir. Dünyada nəhəng neft şirkətləri belə bu sahəyə pul yatırmırlar. Hazırda bazarda neftin təklifi tələbi üstələyir. Amma gələcəkdə biz hesab edirik ki, vəziyyət əksinə doğru dəyişəcək. Və yaxın bir zamanda neftin tələbi artıq təklifi üstələməyə başlayacaq.
Qeyd edim ki, neftin qiymətində kosmik sürətlə 4 dəfə ucuzlaşma müşahidə edilsə də, başqa sahələrdə qiymət azalması hiss olunmur. Neftin qiymətinin azlması qeyri-neft sektoruna aid olan məhsullarında qiymətinin istər-istəməz azalmasına gətirib çıxarmalıdır".
Modern.az