Dünən Prezident İlham Əliyev nazirlərin və iş adamlarının iştirakı ilə keçirdiyi konfransda sahibkarlara qarşı maneələrin aradan qaldırılması və onların daha rahat fəaliyyət göstərə bilmələri üçün şəraitin yaradılmasının vacibliyi barədə danışıb. O qeyd edib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Prezidentin son illər bütün çıxışlarında qeyd etdiyi kimi, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ölkədə ardıcıl sistemli işlər aparılır.
“Hər il regionların sosial-iqtisadi inkişafı ilə bağlı güzəştli kreditlər verilir. Sahibkarlara ildə 250 milyon dollara qədər vəsait ayrılır və onların ən birinci dəstəyi ölkə başçısıdır. Bununla bağlı vergi, gömrük orqanlarına vaxtaşırı göstərişlər verilir və məmurlar daim bu qrup insanların müdafiəsinə çağırılır. Prezidentimizin bu çağırışları hər birimiz üçün örnək və əsas fikir olmalıdır. Çox təəssüf ki, kommunist dönəmindən qalan bəzi fikirlər, sahibkara düşmən münasibət bu gün də cəmiyyətdə mövcuddur.
Biz tez-tez qarşılaşırıq ki, kənd çayxanalarında, ictimai yerlərdə, Facebook səhifələrində sahibkarlar gərəksiz, qərəzli müzakirə olunur, yanlış təhlillər aparılır, bu cür zirək adamların mənfi imicinin formalaşması istiqamətində işlər gedir. Tənbəl adamlar çayxanalarda oturub onun-bunun pulunu saymaq və onları müzakirə etməklə məşğul olurlar. Belə hallar bugünki tələblər baxımından xoşagəlməyən hallardır. Dünya təcrübəsi gösətirir ki, zirək, bacarıqlı insalar, biznes qura bilən şəxslər xüsusi hörmətə və nüfuza malikdirlər. Məsələn, Sudanda 25 nəfərə iş yeri yaradan hər hansı bir sahibkara dövlət tərəfindən fəxri fərman, 50 iş yeri yaradan sahibkara medal, 100 nəfərə iş yeri yaradan sahibkara isə orden verilir və bu adamlar xüsusi statusa malik olurlar. Əlbəttə, Avropa ölkələrində də sahibkara belə dəstək və buna oxşar fikir var. Avropa ölkələrində kiçik sahibkarlıqla məşğul olmaq cəmiyyətdə normal hal kimi qəbul olunur. Bu qrup insanlar da vergi güzəştlərinə və icra hakimiyyətlərində xüsusi statusa malik olurlar”.
Deputat hesab edir ki, təbliğat maşını, mətbuat ictimai rəydən istifadə etməklə bu qrup insanların müsbət imicinin formalaşmasına xüsusi diqqət yetirilməlidir.
“Son müşavirədə Prezidetn İlham Əliyev tribunaya “Embawood”, “Mətanət A” və digər şirkətlərinin rəhbələrini və bir sıra sahibkarları çıxardı və bununla onlara xüsusi hörmət göstərdi, layiqli status verdi. Onların sosial yerini göstərdi və bütün məmurlara bildirdi ki, bu adamlar da sizinlə eyni səlahiyət daşıyan insanlardır, çörək verənlərdir və bir daha cəmiyyətə mesaj göndərdi ki, belə adamlara qayğı göstərmək, onları dəstəkləmək lazımdır. Çox təəssüf ki, bu gün Facebook səhifələrində belə insanlar haqqında anonim şərh yazanlara, onları haqsız tənqid edənlərə rast gəlinir”.
H.Rəcəbli vurğulayıb ki, Azərbaycanda qara pullar, rüşvətlə və ya monopoliya ilə sahibkarlıq fəaliyyətinə girmək istəyənlər pislənməlidir, onları zəhmətkeş sahibkarlarla ümumiləşdirməyib, ayırmaq lazımdır.
“Bütövlükdə fikrim odur ki, kiçik və orta sahibkar dəstəklənməli, yaxşı işləri təbliğ olunmalı, onların nüfuzu qaldırılmalıdır. Şəxsi keyfiyyətləri lazım gələrsə, ağsaqqallar tərəfindən tənzimlənməlidir. Onlara kömək etməliyik ki, cəmiyyətdə öz yerlərini tapa bilsinlər, cəmiyyət onları alıqşlasın, yaxşı kimi qəbul etsin. Sahibkar çörək verən-iş yeri yaradandır, bax bu adamlara belə baxmalıyıq”.
Aytən ZƏHRA