Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda kollegiya üzvləri, nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Rayon Baytarlıq İdarələrlərinin rəisləri, alimlər və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssisləri iştirak ediblər.
İclasda çıxış edən nazir Heydər Əsədov respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolunu qeyd edib.
Qeyd olunun ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin etməklə öz səlahiyyətləri daxilində heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması və satışına baytarlıq sanitariya nəzarətini həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2015-ci il üçün epizootiya əleyhinə profilaktiki və diaqnostik tədbirlər planına əsasən il ərzində qarayara xəstəliyinə qarşı 2.931.768 baş iri buynuzlu, 7.516.383 baş xırda buynuzlu, 97.335 baş tək dırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2.860.000 baş iri buynuzlu heyvanda, 4.830.660 baş xırda buynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 251.135 baş ev itlərində, Leptospiroz xəstəliyinə qarşı 732.193 baş iri buynuzlu heyvanlarda, 424.644 baş xırda buynuzlu heyvanlarda, qoyunların çiçək xəstəliyinə qarşı 7.810.180 baş davarlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 2.178.145 baş iri buynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16.409.389 baş quşlarda H vaksini ilə, 26.085.244 baş quşlarda isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1.090.629 baş iri buynuzlu, 299.235 baş xırda buynuzlu heyvanlardan, o cümlədən 138.444 baş qoçlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Bruselyoz xəstəliyinə qarşı 1.476.297 baş xırda buynuzlu cavan heyvanlarda Rev-1 vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 104.241 baş törədici qoç, vərəm xəstəliyinə görə 355.287 baş iri buynuzlu heyvanlar diaqnostik müayinəyə cəlb olunub.
Baytarlıq-sanitariya tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar dövlət baytarlıq nəzarəti obyektlərində 1448,1 min m2 ərazidə dezinfeksiya, 742,5 min m2 ərazidə isə dezinseksiya işləri həyata keçirilib.
Qida təhlükəsiz-liyi ilə əlaqədar olaraq 2015-ci il ərzində Respublika Baytarlıq Laboratori- yasında 14 834 ədəd bakterioloji, 106 958 ədəd kimya-toksikoloji, 20 573 ədəd virusoloji, 167 256 ədəd parazitoloji müayinə,1 765 080 ədəd dərinin askolizasiyası və 25 995 ədəd radioloji və preparatların qalıq miqdarı müayinə edilib.
2015-ci il ərzində dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsulların təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon (şəhər) baytarlıq idarələri və ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaları (BSEL) tərəfindən aparılan müayinələr nəticəsində 13.060 kq iri buynuzlu heyvan əti və daxili orqanlarının, 5.192 kq xırda buynuzlu heyvan ətinin və daxili orqanlarının, 3465 kq quş ətinin, 460 kq donuz ətinin, 1.904 kq balığın, 4.227 kq süd və süd məhsullarının və 8.392 ədəd toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək baytarlıq qanunvericiliyinə əsasən müvafiq qaydada zərərsizləşdirilin.
Bununla yanaşı, heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən reydlər nəticəsində 23,1 ton toyuq budu və 25 tondan yuxarı mənşəyi məlum olmayan heyvan cəmdəkləri Respublika Baytarlıq Laboratoriyasının müvafiq baytarlıq-sanitariya ekspertizasına əsasən insan və heyvan sağlamlığına təhlükəli olduğundan qida üçün yararsız hesab edilərək Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun zərərsizləşdirilib.
2015-ci ilin oktyabr ayının 10-dan noyabr ayının 10-a kimi Bakı şəhərində keçirilmiş bal yarmarkasına gətirilən bal və digər arı məhsullarının laboratoriya müayinəsi zamanı keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 17 tondan artıq bal satışdan kənarlaşdırılıb.
Reydlər zamanı zərərsizləşdirən, mənşəyi məlum olmayan, keyfiyyətsiz, qida üçün yararsız olan ət məhsulları, keyfiyyətsiz və mənşəyi məlum olmayan baytarlıq preparatları yalnız Dövlət Baytarlıq Nəzarət Xidmətinin mütəxəssisləri tərəfindən aşkarlanıb.
Kollegiyada Rayon Baytarlıq İdarəsinin rəislərinin hesabatları dinlənilibi və mövcud nöqsanların qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Kollegiyaya yekun vuran nazir Heydər Əsədov bu sahədə movcud nöqsanlardan danışmış, bu sahədə ciddi dönüş yaratmaq məqsədilə aşağıdakı tapşırıq və tövsiyələrini verib:
- Baytarlıq Nəzarəti Xidmətinin regionlardakı Baytarlıq sahə məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
- mal-qara arasında peyvəndləmə işlərinin vaxtlı-vaxtında aparılması,
- epizootik vəziyyətin sabitliyinə mütəmadi olaraq ciddi nəzarət olunması,
- xəstəliklərin qarşısının vaxtında alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi,
- süni mayalama mütəxəssislərinin hazırlanması, bu sahədə bacarıqların daha da artırılması,
- ölkəmizə gətirilmiş cins heyvanlarda müalicə-profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində məsuliyyətin daha da gücləndirilməsi,
- vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması,
- idarəetmədə ciddi dönüş yaradılması,
- kadr hazırlığı səviyyəsinin artırılması,
- idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması üçün elektron sistemə keçirilməsinin sürətləndirilməsi,
- sərhəd-keçid məntəqələrində baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsi.
Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 Rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.
Modern.az