“Dünyada baş verən böhranın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil. Çünki Azərbaycan dünyanın bir hissəsidir və qapıları bütün dünyaya açıqdır. Bu baxımdan da doğru olaraq Azərbaycanda son devalvasiya dünyada gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirilir. Ancaq Prezident İlham Əliyevin məsələləri düzgün analiz etməsi, qabaqlayıcı tədbirlər görməsi, vətəndaşlarımızın rifah halını hər məsələdən öndə tutması bir daha onu göstərdi ki, ölkəmiz bu problemdən də üzüağ çıxacaq. Son müşavirələr, məsələlərə çevik reaksiya, atılan addımların müsbət nəticələri Prezidentin iradəsinin, bilik və bacarığının, hər an xalqı düşünməsinin nəticəsidir”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.
O, bildirib ki, ölkə başçısının birbaşa rəhbərliyilə son bir ayda həyata keçirilən islahatlıar bir daha onu deməyə əsas verir ki, hər bir məsələ Prezidentin nəzarətindədir və o, bütün məqamları incəliyinə qədər bilir: “Buna kimsənin zərrə qədər şübhəsi olmasın. Ona görə də hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkəmizin taleyi etibarlı əllərdədir.
Təbii ki, bu məqamda Prezidentimizin komandasının üzərinə də böyük yük düşür. Hesab edirəm ki, Prezidentimizin yeni kadr siyasəti də burada mühüm rol oynayır.
Mən fikrimi konkret faktla əsaslandırmaq istəyirəm. Məsələn, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin edilməsi elə də uzun bir zaman deyil.
Prezidentin uğurlu kadr siyasəti Cavid Qurbanovun şəxsində öz bəhrəsini verdi”.
İ.İsmayılov deyib ki, Cavid Qurbanova qədər “Azərbaycan Dəmir Yolları” QSC az qala cəmiyyətdə əhəmiyyətsiz, lazımsız qurum təsəvvürü yaradırdı.
“Yəni bu qurumun fəaliyəti ölkədə gedən iqtisadi inkişafa adekvat deyildi. Açıq deyək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətininin fəaliyyətsizliyi diqqət çəkirdi.
Ancaq Cavid Qurbanov çıx qısa müddət ərzində bu qurumun imicini tamamilə dəyişdi. Bunun nəticəsidir ki, indi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti deyəndə göz önündə böyük İpək Yolu, bu dünyəvi layihədə Azərbaycanın əvəzedilməz rolu, beynəlxalq dəmir yolu şəbəkəsi, Azərbaycanın ən böyük tranzit ölkə olması canlanır.
Qeyd etdiyim kimi, çox qısa müddət ərzində Türkiyə, Çin, İran, Rusiya, Ukrayna və digər nəhəng ölkələrin müvafiq qurumları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında böyük müqavilələr imzalandı. Azərbaycan dəmir yolu sahəsində də beynəlxalq tranzit ölkəyə çevrildi. İndi beynəlxalq yükdaşımalarda Azərbaycan istər Asiya, istərsə də Avropa üçün ən əhəmiyyətli ölkə rolunu oynayır. Bu isə Prezidentin qarşıya qoyduğu qeyri-neft sektorunun inkişaf etdirilməsinin ən parlaq nümunəsidir.
Əminəm ki, Prezidentimizin rəhbərliyi altında Cavid Qurbanov və onun geniş reformalara start vermiş peşəkar komandası bu sahədə gələcəkdə də çox uğurlu və Azərbaycana xeyir verəcək layihələri gerçəkləşdirəcək. Bundan qazanan isə müstəqil, dünya xəritəsində özünəməxsus yer tutan Azərbaycan, onun iqtisadiyyatı, vətəndaşları olacaq”.
Pərvin ARZUQIZI