“Fiskal və monetar siyasət rəhbərlərinin son açıqlamaları hökumətin valyuta kreditlərinin ödəyicilərinə dəstək vermək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Belə görünür ki, bankların və bəzi millət vəkillərinin cəhdləri nəticə verməyəcək və əhali kredit borclarını cari məzənnə ilə ödəməli olacaqlar”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.
S.Əliyevin sözlərinə görə, hökumətin iqtisadi blokunun rəhbərlərinin əsaslandırması budur ki, belə bir addım maliyyə intizamını poza bilər: “Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov həvəssiz danışsa da, maliyyə naziri Samir Şərifov bir az da irəli gedərək əhalinin dollarda kredit götürməsini qınayıb və problemin həllini Mərkəzi Bankın üstünə atıb. Baş bankirin həvəssizliyini anlamaq olar. Onu daha çox bankların taleyi maraqlandırır və hökumətdən maksimum dərəcədə dəstək almaq istəyir. Maliyyə nazirinin də mövqeyini anlamaq olar. Loru dildə desək, banklara pulu o verməlidir. Çünki onun əsas əsas vəzifəsi dövlət büdcəsinin vəsaitlərinin hər qəpiyinə nəzarət etmək və onun səmərəsiz xərclənməsinə imkan verməməkdir. Ancaq təəssüf ki, bu vəzifələr düzgün icra edilmədiyi üçün milyardlarla investisiya xərcləri səmərəsiz xərclənib, Maliyyə Nazirliyinin də idarəçiliyinə məsul Beynəlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına 3 milyard manat yönəldilib.
Hər iki maliyyə kapitanının, xüsusən də maliyyə nazirinin problemə yanaşması çox qüsurludur. Elə aparılan müqayisə də uğursuzdur. Burda hansı maliyyə intizamının pozulmasından söhbət gedə bilər? Bəs, kim zəmanət verə bilər ki, dövlətdən və Mərkəzi Bankdan daim dəstək alan Beynəlxalq Bank bundan sonra maliyyə intizamını pozmayacaq? Niyə içməli suya görə borclar bağışlananda maliyyə intizamının pozulması stimullaşdırılmırdı, amma kreditlərə çatanda yada düşür?
2011-ci ildə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 294,2 milyon manat məbləğində borcları silindi. O borcların nə qədər hissəsinin əhaliyə aid olduğunu qoyuram kənara. Həmin qərar bir tərəfdən humanist addım olsa da, digər tərəfdən pulunu vaxtında ödəyən vətəndaşın hüququnu pozurdu. Məhz bu tipli güzəştlər vətəndaşlarda arxayınçılıq yaradır və ümid edirlər ki, dövlət yenə də onların borclarını bağışlayacaq. Kredit məsələsinə gəldikdə isə tamam fərqli mənzərədir və fərqli yanaşma tələb edir. Heç kim hökumətdən kredit borclarının kompensasiya etməsini tələb etmir. Buna ehtiyac da yoxdur və çox pis ənənənin əsası qoyula bilər.
Söhbət hökumətin, xüsusən də Maliyyə Nazirliyinin təşəbbüsü ilə baş vermiş devalvasiyanın əhalinin sosial vəziyyətinə vurduğu ağır zərbənin təsirlərini minimuma endirməkdir. Hökumət valyuta ehtiyatlarının qorumaq və büdcəni əlavə gəlirlər təmin etmək üçün 2015-ci ildə manatı 2 dəfə ucuzlaşdırıb. Bu qərarın nəticəsi olaraq dollarda kredit götürməyə məcbur olmuş əhalinin, sahibkarların aylıq ödənişi 2 dəfə artıb. Hökumətdən də tələb olunur ki, kreditin artan hissəsinin yükünü boynuna ötürsün.
Elə insan var ki, 2014-cü ildə dollarla kredit götürüb və onun borcu 2 dəfə artıb. Birinci devalvasiyada hökumət problemi bankların boynuna atdı. Banklar isə cüzi kömək edib problemi əhalinin boynuna atdı. Ümid edirəm hökumət bu məsələdə müdriklik nümayiş etdirərək dollar kreditlərinin müştərilərinə dəstək verəcək. Əks halda əvvəlcə söz verib sonra sözündən qaçan hökumətə əhalinin inamı uzun müddət sual altında qalacaq. Hazırda milli valyutaya və banklara olan inam kimi...”
Modern.az