Modern.az

Manat milli valyuta funksiyasını itirib, iqtisadiyyat dollarlaşıb

Manat milli valyuta funksiyasını itirib, iqtisadiyyat dollarlaşıb

5 Fevral 2016, 12:53


“Mərkəzi Bank mütəmadi keçirdiyi hərraclarda bütün bankların iştirakını təmin etmir, necə ki, onların hamısına manat krediti vermir”. Bunu Modern.az saytına açıqlamasında maliyyə sahəsi üzrə eksper Əkrəm Həsənov bildirib.

O, bəzi bankların öz istəyinə uyğun hərracda iştirak etməməsinə inanmaq istədiyini deyib:

“Hazırda dövriyyədə manat kütləsi kəskin azalıb. Bu da başadüşüləndir. Çünki, hamı dollar alıb. Amma Mərkəzi Bank bilə-bilə ki, dövriyyədə manat yoxdur, nədənsə dollarlaşma prosesini davam etdirməkdə israrlıdır. Hər dəfə hərraca daha çox dollar çıxarmaqla gözdən pərdə asmağa çalışır. Yəni, bir növ “dollarımız çoxdur, amma alan yoxdur”.

Buna da baxmayaraq hər gün o hərraclarda milyonlarla dollar alınır.  Eyni zamanda Mərkəzi Bankın ehtiyatları əriyə-əriyə gedir. Məsələ burasındadır ki, Mərkəzi Bank bu qədər dolları satışa çıxarmaya da bilər. İstənilən halda dövriyyədə olan milli valyutanı Mərkəzi Banka daha çox cəlb etmək məqsədi güdülür”.

Mərkəzi Bank bankları idarə edə bilmir

Ekspert bildirib ki, Mərkəzi Bank hələ çox əvvəldən kommersiya banklarına manat krediti verməliydi:

“Amma vermir. Bu gün şirkətlər, vətəndaşlar əlində olan dolları manata çevirmək, yaxud dollarda olan kreditini manata çevirmək üçün müraciət etdikləri banklardan yox cavabı alırlar. Müraciət edən  deyir ki, “mənim dollarda olan kreditimi indiki məzənnə ilə manata çevir”. Banklar bildirir ki, “manatımız yoxdur, çevirə bilmərik”.

Səbəbi sadədir. Görünən odur ki, Mərkəzi Bank o dərəcədə bankları idarə edə bilmir ki, qorxur, manatı verər, sonra banklar gəlib həmin manata da Mərkəzi Bankdan dollar alarlar və nəticədə baş bankın valyutası tamamilə tükənər. Mən vəziyyəti yalnız bu cür şərh edərdim”.

Mərkəzi Bank həm də qorxur...


Ə.Həsənov bildirib ki, hərracın keçirilməsi inflyasiyaya hər hansı şəkildə təsir etmir:

“İnflyasiya zamanı dövriyyədə ya pul kütləsi çoxalır, ya da alınan malların qiyməti artır. Biz etiraf etməliyik ki, Azərbaycandakı milli valyuta öz funksiyasını yerinə yetirmir. Bizim iqtisadiyyat dollarlaşıb.

Dövriyyədə manatın olmaması o demək deyil ki, Mərkəzi Bank manatı dövriyyəyə buraxmır, bu inflyasiyanı artırır. Onsuz da Azərbaycandakı malların əksəriyyəti xaricdən gətirilir. Buna görə də onların qiyməti artıb və heç bir addım inflyasiyanın qarşısını ala bilməz. Onsuz da inflyasiya var və dövriyyədə olan manatın həcmindən də asılı deyil.

Mərkəzi Bankın dövriyyəyə manat buraxmaqdan qorxur. Bu o deməkdir ki, banklara faktiki idarə edə bilmir. Banklara manat krediti verməlidir, bu şərtlə ki, həmin manata dollar alınmasın, konkret təyinatı verilsin. Amma Mərkəzi Bank bilir ki, banklara manat versə, gedib dollar alacaqlar. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın ehtiyatları 5 milyarddan da azdır. Bu gedişlə isə həmin ehtiyatlardan heç nə qalmayacaq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza