Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, Vüqar İsmət oğlu İsmayılov Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti rəisi təyin olunub. Qeyd edək ki, V.İsmayılov həm də ədliyyə müşaviridir.
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin funksiyaları:
- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama, təhqiqat və istintaq aparmaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək.
- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlərə qarşı mübarizə sahəsində vergi orqanlarının hüquq-mühafizə orqanları ilə, o cümlədən, xarici dövlətlərin hüquq-mühafizə qurumları ilə işgüzar münasibətlər yaratmaq.
- Zəruri hallarda xidməti vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün müəyyən edilmiş qaydada tədbirlər görmək.
- Qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə Azərbaycan Respublikası CM-nin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002-ci il tarixli Fərmanı ilə CM-nin 192,193, və 213-cü maddələrilə cinayət işləri başlandıqda bu cinayətlərin ibtidai istintaqı zamanı həmin məcəllənin daha 26 maddəsində nəzərdə tutulan cinayətlər üzrə, o cümlədən, 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (Vəzifə səlahiyyətini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq) və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması səlahiyyəti də Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə verilib.
Gülşən RAUFQIZI