Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsi müzakirə olunub. Modern.az xəbər verir ki, iclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev yeni qanun layihəsi haqqında məlumat verib.
Nazir müavini bildirib ki, sözügedən qanun layihəsi Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
“Bu qanun dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş məqsədlərə nail olmaq vacibdir. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Layihə bir sıra sazişlər və konvensiyaların müddəaları əsasənda hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana idxal olunan dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir”.
Nazir müavini qeyd edib ki, qanun layihəsində 3 qrup tədbirlərin tətbiqi nəzərdə tutulub.
“Qanun layihəsində antidempinq, kompensasiya və müahafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkəmizdə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub. Qanunun taktiki icrası zamanı müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq. Hər-hansı məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər-hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və ya digər tədbirlər görüləcək. Buirada hansısa idxalın qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınmasın söhbət gedir”.
Nazir müavini vurğulayıb ki, araşdırma orqanı kompensasiya, dempinq, antidempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra bu təkliflər qüvvəyə minəcək. “Hər-hansı məsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunan zaman, onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərəsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun kəskin idxal artımı nəticəsində ölkə daxilində istehsalata vurduğu ziyanın qarşısı alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək”.
Aytən ZƏHRA