“İqtisadi böhranla bağlı kompleks tədbirlər keçirlmədikcə, pərakəndə qanunların qəbulu işimizi yüngülləşdirməyəcək”.
Modern.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Lisenziyalar və icazələrin verilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu yaxınlarda 50 mindən yuxarı əmanətlərin ölkədən çıxarılmasına dair 20 faiz vergi tutulması ilə bağlı “Valyuta tənzimi haqqında”qanuna dəyişiklik tələm-tələsik qəbul edildi.
“Bu isə təbii ki, problemlər yaratdı. Tələm-tələsik olduğuna görə Milli Məclis dəyişikliyi qəbul etdi. Məlumat aldıq ki, prezident sənədi təsdiq etmədiyi üçün qüvvədən düşəcək. Tələsikliyin qarşısını almaq üçün islahatları ümumi koordinasiya edən qurum yaradılmalıdır.
Görünür bunu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi üzərinə götürür. Bu gün lisenziya və icazələrin verilməsini ASAN Xidmət modelinə həvalə edirik. Amma ASAN Xidmət bunun öhdəsindən gələ biləcək səviyyədə deyil. Çünki bununla bağlı müvafiq qurumun rəyi tələb olunur. Yenə də həmin qurumlara yenidən müraciət etməli olursan və ənəgllər yaranır. Bunu düşünmək lazımdır”.
Deputat qeyd edib ki, ölkədə inhisarçılıq, defakto mövcud olacağı müddətdə lisenziya almış şəxslərin normal fəaliyyətinə mane olacaqlar.
“Bu, əsas problemdir. Inhisarçılığın qarşısı alınmalır. Bu müddəalar nəzərə alınmasa, “Lisenziyalar və icazələrin verilməsi haqqında” Qanun da işləməyən qanunlardan olacaq”.
Aytən ZƏHRA