Modern.az

21 fevral devalvasiyasının ildönümü - “Devalvasiya il”inin ŞƏRHİ

21 fevral devalvasiyasının ildönümü - “Devalvasiya il”inin ŞƏRHİ

İqtisadiyyat

19 Fevral 2016, 14:34


Manatın dollar qarşısında duruş gətirə bilməyib, devalvasiyaya uğramasına 1 gün qalır. Arxada qoyduğumuz bir ildə Azərbaycan iqtisadiyyatı, Azərbaycan vətəndaşı nələri itirdi?

İqtisadçı Rövşən Ağayev Modern.az saytının ünvanladığı sual ətrafında 2015-ci ilin ilk devalvasiyasını şərh etdi.

Azərbaycanın ixracı 10 ölkə üzərində cəmlənib

Ekspert ilkin olaraq, milli valyutanın 21 fevral 2015-ci ildə təxminən 30 faiz, 21 dekabrda isə 50 faizdən çox dəyərdən düşdüyünü qeyd edib:

“Devalvasiya Azərbaycan iqtisadiyyatı üçün çox ağrılı oldu. Normalda o ölkənin ki ixrac potensialı güclüdür, orada ki ixracın Ümumi Daxili Məhsulda (ÜDM) payı yüksəkdir, ixracı diverfikasiya olunub, yəni ixrac gəlirləri daha çox iqtisadi subyekt arasında bölünürsə, həmin şəraitdə milli valyutanın devalvasiyasından udanlar çox ola bilər. Uzunmüddəti dövrdə milli valyutanın baha olması ixrac potensialını sıradan çıxarır.

Bu nəzərdən manatın ucuzlaşmasından biz də qazana bilərdik. Amma hələ ki, gözləntilər doğrulmur. Əvvəla, ixracımız diverfikasiya olunmayıb və xammaldan kənar ixracımızın həcmi çox kiçikdir. İxracımızın  95 faizə qədəri məhz neft sektoru üzərində qurulmuşdu və neftdən kənar ixracımız cəmi 5 faiz idi. İkincisi, qeyr-neft ixracı dollar ifadəsində azalır və 2016-cı ilin yanvar ayına olan nəticələr göstərdi ki, bizim qeyri-neft ixracımızda  xeyli azalmalar var. Bəzi məhsullarda azalma daha böyükdü. Məsələn, şəkərin ixracı dollarla ifadədə 2 dəfədən çox,  bitki yağlarının ixracı 5 dəfəyədək azalıb.

İxrac və rəqabət qabiliyyətliliyinin aşağı olması bizim geniş bazarlara çıxış imkanlarımızı məhdudlaşdırır. Bunun nəticəsidir ki, hazırda 150-ə qədər ölkə ilə ticarət əlaqələrimiz olmasına baxmayaraq, yanvar ayının nəticələrinə görə,  Azərbaycanın ixracının 95 faizi 10 ölkənin - Türkiyə, Rusiya, Gürcüstan, İsrail, İndoneziya, Çexiya, Fransa, Almaniya, İtaliya və İsveçrənin üzərində cəmlənib.

Burada təkcə məhsulların diverfikasiya olunmaması deyil, həm də bazarların diverfikasiya problemi var. Manatın devalvasiyası sadaladığım şərtlər daxilində qazanc gətirə bilərdi.

Məsələn, ixracda payı çox olan Rusiya ilə münasibətlərimiz pisləşirsə, bu, dərhal məhsul ixracında özünü göstərir. Təkcə əmtəə diverfikasiyası deyil, coğrafi diverfikasiya da olduqca vacibdir”. 

Dollarla olan kreditlərin həcmi manatla ifadədə 3 milyarddan çoxdur



R.Ağayev bildirib ki, devalvasiya şəraitində ən çox itkiyə məruz qalanlar ev təsərrüfatları, biznes sektoru və banklar olub:

“Ən çox itki bank sektoruna dəydi. İlk devalvasiyaya qədər bankların 6,5 milyard dollar xarici borcu var idi. Manatın dəyərdən düşməsindən sonra bankların xarici borca xidmət xərcləri 2 dəfə artdı. Ona görə də bank sektorunda kifayət qədər böyük problemlər yarandı. Bankların əhaliyə də valyuta ilə borcları artdı. Nəticədə aktivlərin keyfiyyəti pisləşdi, problemli borcların həcmi artdı.

Artıq bir neçə bank bağlanıb, bir neçəsinin bağlanması təhlükəsi yaranıb. Bütün bunlar devalvasiyanın bank sektoruna vurduğu ən ağır zərbədir. Bundan sonra sektorda gedəcək prosesləri proqnozlaşdırmaq elə də çətin deyil. Çünki, bu şəraitdə banklar işləyə bilməyəcək. Hələ bundan sonra bir neçə bankın bağlanacağı və birləşəcəyi gözləntiləri də var.

Zərbə alan növbəti təbəqə ev təsərrüfatları və vətəndaşlar oldu. Bildiyiniz kimi, devalvasiya ərəfəsində vətəndaşların kommersiya banklarına təqribən 2 milyard dollar kredit borcu var idi. Devalvasiyadan əvvəl bu 1, 5 milyard manat idisə, hazırda dollar kreditlərinin həcmi 3 milyard manatdan çoxdur.

Biznes subyektlərinin də valyuta ilə kredit borcu təxminən 5 milyard dollara yaxın idi. O dövrdə bu 5 milyard manatdan bir qədər çox idisə idisə, indi 8 milyard manatdan çoxdur. Bu o deməkdir ki, 3-3.5 milyard manata qədər əlavə xərclər yaranıb”.

Mərkəzi Bank nəticələri gizlədir

İqtisadçı Mərkəzi Bankı kommersiya banklarının gəlir və xərclərini gizlətməkdə günahlandırıb:

“Həm əhali, həm də biznes subyektləri bir tərəfdən öz depozitlərini dollarda saxlamağa üstünlük verirdisə, digər tərəfdən bankların aktivlərinin əsas hissəsi olan kreditlərin götürülməsində manata üstünlük verməyə can atırlar. Ona görə də, bankların valyuta mövqeyi tamamimlə alt-üst oldu.

Son 1 ildə kreditlər ciddi şəkildə azalmağa başlayıb. Çünki, banklar manatla kredit verməyə risk etmir, iqtisadi subyektlər isə dollarla kredit götürmək istəmir. Nəticədə banklar yüksək faizilə əldə etdiyi depozitləri iqtisadi subyektlərə satıb gəlir əldə edə bilmirlər. Depozitlərin manatla faizləri 12-15 faiz arası dəyişir. Faktiki olaraq onlar götürdüyü resurslara görə 12-15 faiz vəsait ödəyir.

Bunun nəticəsidir ki, Mərkəzi Bank kommersiya banklarının gəlir və xərcləri barədə məlumatları açıqlamır. Baxmayaraq ki, əvvəllər hər ay bu rəqəmlər açıqlanırdı. Deməli vəziyyət həddindən çox pisdir”.

İqtisadi durğunluq iqtisadi böhrana doğru aparır

Ekspert devalvasiya və ixrac gəlirlərinin azalması fonunda Azərbaycan iqtisadiyyatında ciddi iqtisadi durğunluq yarandığını vurğulayıb:

“Mərkəzi Bank inflyasiya qorxusu və ehtiyatların əriməsi fonunda manatı kütləvi şəkildə dövriyyədən yığışdırır, dollara tələbatı azaltmaq istəyir, eyni zamanda qiymət artımına yol vermək istəmir.

Nəticədə iqtisadiyyatı hərəkətə gətirən pul kütləsi yoxa çıxır. Yaxın zamanlarda neftin qiyməti 50 dollardan yüksək olmasa, iqtisadi durğunluğun iqtisadi böhranla əvəzlənəcəyi qaçılmazdır.

Nəhayət, ciddi təsirlərə məruz qalan hissə istehlak sektorudur. Devalvasiya bu sektorun vəziyyətinin ağırlaşması ilə nəticələndi. Bildiyimiz kimi, müxtəlif ərzaq və qeyri-ərzaq  məhsullarının böyük hissəsi idxal olunur. Dollar bahalaşan kimi, həmin məhsullar da bahalaşdı. Bu gün ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti 40-50 faiz bahalaşıb. Durğunluq və böhran, gəlirlərin artmaması şəraitində əhali iş yerlərini də itirib. Şərti olaraq dünən 100 manat qazanıb, 100 manat xərcləyirdiksə, bu gün 80 manat qazanıb 150 manat xərcləmək məcburiyyətindəyik.

Devalvasiyanın ən ağır nəticəsi həm də yoxsulluğun artması ilə müşahidə edildi. Azərbaycanda yoxsulluq və işsizliyin ölçülməsini real şəkildə göstərən statistika aparılsa, əminəm ki, bunun artdığının şahidi olarıq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...