Modern.az

Gözdən pərdə asan məmurlar və əsl monopolistlər...

Gözdən pərdə asan məmurlar və əsl monopolistlər...

23 Fevral 2016, 17:42

Hüquqşünas: "Onların həbs olunma vaxtı yetişib"


“Yaxşı olar ki, istənilən iqtisadi cinayət üzrə ilk növbədə maliyyə sanksiyaları tətbiq edilsin. Çünki süni qiymət artımına yol verən sahibkarları, iş adamlarını həbs etsələr, həbsxanalarda yer qalmayacaq. O baxımdan yaxşı olardı ki, bu insanlar Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada cərimələnsinlər”.

Bu sözləri maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov Modern. az saytına açıqlamasında söyləyib.

Əkrəm Həsənov bildirib ki, bu gün süni qiymət artımına yol verənlərin Cinayət Məcəlləsinin 199-cu maddəsinə əsasən həbs edilməsi qanunaziddir :

“Süni qiymət artımına yol verənlərin bəzilərinin həbs olunması açıq şəkildə qanunaziddir və hüquqi baxımdan tam qeyri-obyektivlik yaradır. Cinayət Məcəlləsinin 199-cu maddəsində bu məsələ izah olunub.
Mən hesab edirəm ki, bu maddə süni qiymət artımına hər bir halda şamil edilə bilməz. Çünki bu maddə məhz inhisarçılığı, monopoliyanı nəzərdə tutur.  Hansısa bir təsərrüfat malları, meyvə-tərəvəz, ət dükanları qiymətləri artırırsa, bu o demək deyil ki, bunlar inhisarçılardır.  Əksinə, bizdə bu gün bazar iqtisadiyyatı prinsipləri olmalıdır. Əgər bu gün kimsə qiyməti qaldırırsa, digəri qaldırmırsa, istehlakçı-alıcı ona hansı qiymət uyğundursa, oradan da alacaq.

Həmin 199-cu maddədə də deyilir ki, bu maddə ilə inhisarçılar, monopoliyanı yaradanlar cəza almalıdırlar. Tutaq ki, ət satanlar öz aralarında razılığa gəliblər. Bunu ilk növbədə sübut etmək lazımdır ki, onlar razılığa gəlib ətin qiymətini artırıblar. İkincisi isə bu, elə-belə ola bilməz. Yəni bütün ət satanların sözü bir yerə qoyaraq qiymətləri artırması mümkünsüzdür. Deməli, elə əslində görünür ki, qiyməti artıranlar xırda ət satanlar yox, məhz ölkədə ətin inhisarını, monopoliyasını öz əlinə keçirib bu bizneslə məşğul olan şəxslərdir. Konstitusiyamızda da deyilir ki, Azərbaycanda bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı olan şəraitdə də hər kəs qiyməti özü müəyyənləşdirir. Əgər dövlət hesab edirsə ki, bu gün süni qiymət artımına qarşı mübarizə aparmaq lazımdır, o zaman təbii ki, qanunlarda dəyişiklik edilməlidir ”.

Hüquqşünas hesab edir ki, əgər süni qiymət artımı ilə məşğul olanların eyni zamanda inhisarçı, monopolist olduğu ortaya çıxarsa, o şəxs yalnız həmin halda həbs oluna bilər:

“ Əgər sübut olunsa ki, süni qiymət artımını edənlər eyni zamanda inhisarçılıqla məşğuldur, təbii ki, bu  halda 199-cu maddə ilə hansısa sahibkara cinayət işi açmaq olar. Amma mən hələ ki bu günə kimi iri inhisarçılardan, monopolistlərdən hansınasa cinayət işinin açılmasını görməmişəm. Ən iri inhisarçılar olan 3 böyük mobil operator şirkəti qiymətləri eyni zamanda qaldırışa, bu, artıq cinayət əməlidir. Amma adi yumurta, ətsatanların bir neçə qəpik qiymət artımına görə həbs olunması yolverilməzdir. Məsələn, Mərkəzi Bank 1 gün ərzində tutaq ki, satışa 200 milyon dollar çıxarır. Biz görürük ki, satışa çıxarılan 200 milyon dollar monopoliya prinsipi əsasında yalnız müəyyən banklara satılır. Əslində isə bu hərəkəti edənlərə 199-cu maddə ilə cinayət işi açılmalıdır.
Bizim antiinhisar fəaliyyəti, iqtisadi rəqabət sahəsində qanunlarımız var. Qanunvericiliklə iqtisadi sahədə süni qiymət artımına görə kiməsə cinayət işi açılmalıdırsa, bu, mütləq həmin qanunlara əsasən edilməlidir.

1993-cü ildə o zamankı prezident Əbülfəz Elçibəyin imzaladığı “Antiinhisar siyasəti haqqında” qanun var. Bu qanunda demək olar ki, antiinhisarın, monopoliyanın nə olduğu, ona qarşı hansı vasitələrlə mübarizə aparmağın yolları göstərilir. Bu qanunları kənara atıb Cinayət Məcəlləsinin yalnız bir maddəsi ilə sahibkarlara cinayət işinin açılması yanlış addımdır.

Xaricdən gətirilən məhsulların qiymətinin qalxması təbii haldır. Çünki xarici valyuta olan dolların kursu qalxır. Ola da bilər ki, yerli istehsal olunan məhsullardan bəzilərinin də qiyməti qalxsın. Bu o halda ola bilər ki, həmin yerli istehsal olan məhsulun hansısa bir hissəsi xaricdən alınaraq gətirilir”.

 Bu gün bizim bir qrup məmur, bəzi hüquq-mühafizə orqanları xalqın gözündən pərdə asırlar. Bəzi hüquq-mühafizə orqanları çıxıb televiziyalarda deyirlər ki, “baxın, yumurtasatan yumurtanı 2 qəpik artırmışdı, həbs etdik”. Yaxud da bəzi hüquq-mühafizə orqanları “cənab prezident, sizin tapşırığınıza əsəsən filan işi gördük ” mənzərəsini yaradırlar. Başa düşmürlər ki, bununla xalqı və ölkə prezidentini deyil, elə ilk növbədə özlərini aldadırlar. Əslində onlar dövlətə böyük zərbə vururlar. Çünki belə davam etsə, hətta ən xırda sahibkarlar belə, işləmək istəməyəcəklər”.



Əkrəm Həsənov deyir ki, burada söhbət yalnız məmurların yaltaqlığı, gözdən pərdə asmaqlarından getməməli, həm də bu işi həyata keçirənlərin savadsızlığından bəhs olunmalıdır.

“Onlar başa düşmürlər, yaxud da başa düşmək istəmirlər ki, ölkə iqtisadiyyatına həqiqətən zərər vururlar.
Mən onun tərəfdarıyam ki, iqtisadi sahədə olan cinayətləri digər cinayətlərdən ayırmaq lazımdır. İqtisadi cinayət törədənlərə adam öldürənlərdən, oğrulardan fərqli yanaşılmalıdır. Yəni xüsusi cinayətləri araşdıran mütəxəsislərdən fərqli olaraq, iqtisadi cinayətləri araşdıranların eyni zamanda müəyyən iqtisadi savadları da olmalıdır.

Biz keçmiş Milli Təhlükəsizlik Nazirliyinin fonunda gördük ki, hansısa bir quruma geniş və müstəsna səlahiyyətlər verildikdə, orada keçmiş SSRİ-nin “OBOXEİS” funksiyaları işə düşür. İqtisadi və maliyyə sanksiyalarını, süni qiymət artımına görə cəzalandırma səlahiyyətini Vergilər Nazirliyinə vermək olar.

Dövlət bu gün əsl inhisarçılara qarşı mübarizə aparmalıdır. Məncə artıq əsl monopolistlərin həbs olunmasının vaxtı yetişib. Əgər belə olmasa, Azərbaycan iqtisadiyyatını bundan da böyük təhlükələr gözləyir” –deyə ekspert  Əkrəm Həsənov vurğulayıb.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama