Modern.az

“Hər şey aparılacaq danışıqların nəticəsindən asılı olacaq”

“Hər şey aparılacaq danışıqların nəticəsindən asılı olacaq”

İqtisadiyyat

26 Fevral 2016, 10:02

Azərbaycan və İran prezidentlərinin verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni imzalanıb.

Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün zəmin yaradıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına ölkə başçısının vaxtında təyin edilmiş səfərini yüksək qiymətləndirib:

“Azərbaycan Prezidenti İlham Əliyevdən bir müddət əvvəl Ermənistan prezidenti İrana səfər etmişdi.

Faktiki olaraq İlham Əliyevin yüksək səviyyədə qarşılanması, 11 sənədin imzalanması, bir sıra iqtisadi məsələlərin yüksək səviyyədə həll olunması bir daha göstərdi ki, İran tərəfinin Azərbaycana marağı çoxdur və ölkəmiz onlar üçün əhəmiyyətli dövlətlərdən biridir. Xüsusilə İrana qarşı sanksiyaların dayandırılmasından sonra İrana səfər edən ilk rəsmi şəxs İlham Əliyev oldu. Bu baxımdan Astara yolunun çəkilməsi, dəmir yolunun birləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və s. məsələlər bizim üçün böyük əhəmiyyət daşıyır”.

Parlament üzvü dünya ölkələrinin İrana qarşı sanksiyaları dayandırmasının ölkəmiz üçün əhəmiyyətini də vurğulayıb:

“Hazırda dünya dövlətləri tərəfindən İrana qarşı sanksiyalar dayandırılıb və bu ölkə xarici iqtisadi əlaqələrini bərpa edib. Qonşu dövlət olaraq bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Bu gün İran sahibkarlarının iqtisadiyyat nazirinin müavini ilə görüşü, onların bir çox təkliflərlə Azərbaycanda olması olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, cənab prezidentin vaxtında edilən səfəri Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir”. V.Əhmədov həmçinin rəqabətli mühit şəraitində qiymətlərin aşağı salınması məsələsinə də aydınlıq gətirib:

“İran sahibkarları həmişə böyük maraqla Azərbaycanda işləyiblər və müəyyən sərmayələr yatırıblar, xüsusilə yüngül və yeyinti sənayesində fəaliyyət göstəriblər. Ola bilər ki, növbəti vaxtlarda maşınqayırma sənayesinin inkişafı üçün də vəsait yatıracaqlar. Bu dəqiqə iranlılar tərəfindən investisiya qoyulması üçün Azərbaycan ən stabil dövlətlərdən biridir. Hansı sahəyə maraq göstərmələri isə sahibkarlarla aparılacaq danışıqların nəticəsindən asılı olacaq. Bizi ən çox narahat edən kənd təsərrüfatının inkişaf etdirilməsidir ki, bunun nəticəsində idxaldan asılılıq azaldılsın və ixracyönümlü məhsullar istehsal edilsin. Həmçinin İranın hərbi potensialı da böyükdür”.

Nəzərə alaq ki, İranda kənd təsərrüfatı məhsulları Azərbaycana nisbətdə xeyli aşağıdır. Belə olan təqdirdə rəqabətli mühit yaranarsa, bu, ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiymətinin enməsinə zəmin yarada bilər.

Deputat deyib ki, bu, onların maraq göstərəcəyi sahədən asılı olacaq:

“Əgər kənd təsərrüfatı sahəsinə maraq göstərəcəklərsə, Azərbaycanda bu sahədə imkan böyükdür. Müəyyən texnologiyalardan istifadə edərək emal müəssisələri, əkin sahələrini inkişaf etdirmək olar. İnkişaf nə qədər çox olacaqsa, daxili bazarda qiymətlər də bir o qədər aşağı düşəcək”.    

Gülşən RAUFQIZI    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama