Modern.az

“Türk biznesmenlərin yerini iranlılar tutacaq” iddiasına ŞƏRH

“Türk biznesmenlərin yerini iranlılar tutacaq” iddiasına ŞƏRH

29 Fevral 2016, 12:42

Prezident İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiriləcəyi, iranlı sahibkarlar üçün münbit şərait yaradılacağı bildirilir. İranlı sahibkarların İqtisadiyyat Nazirliyində rəsmilərlə görüşü də bunu deməyə əsas verir. Həmçinin iranlı iş adamlarının Azərbaycana investisiya yatırmasından sonra burada fəaliyyət göstərən türkiyəli iş adamlarının sıxışdırılacağı söylənilir.

İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, ölkədə biznes üçün nəzərdə tutulan şərait bərabər hüquqlarla yaradılmalıdır:

““Filan ölkənin biznes mühiti üçün yaxşı şərait yaradıldı” demək, doğru deyil. Əgər ölkə xarici investisiyaları cəlb etmək, biznes mühitini yaxşılaşdırmaq, işsizliklə bağlı vəziyyəti düzəltmək istəyirsə, bütün ölkələrdən gələn investorlar üçün münbit və bərabərhüquqlu şərait yaratmalıdır.

“İranlı iş adamı gəldikdən sonra türkiyəli iş adamları sıxışdırılacaq, daha çox iranlıya üstünlük veriləcək” məntiqi işləməyə başlasa, ölkədə heç nə dəyişməyəcək. Nə iş adamları gələcək, nə də ciddi yatırımlar olacaq. Hökumət yaxud biznes çevrələri bu yanaşma ilə düşündükləri üçün heç nə dəyişməyəcək. Biznesmenin Mozambikdən, Türkiyədən, İrandan, Amerikadan gəlməsi ilə bağlı fərq qoyulmayana, eyni şərait yaradılmayana qədər bu tipli neqativ hallara rast gələcəyik. Yəni, bir ölkəyə yanaşma digər ölkənin maraqlarına toxuna bilər. Bu, əslində Azərbaycan üçün təhlükəli oyundur”.

Ekspert həmçinin deyib ki, vətəndaşların mülkiyyət toxunulmazlığı təmin edilməlidir: “İlk növbədə məhkəmələr azad olmalı, ədalətli qərarlar verməli, vətəndaşların mülkiyyət toxunulmazlığı təmin olunmalıdır. Bütün bunlardan sonra ölkəyə iş adamları gələcək. Bu dünyanın istənilən ölkəsindən gələn biznesmenlər ola bilər. Yox, əgər hər hansısa siyasi maraqlara görə, bir ölkənin  biznesmenlərini qabağa çəkəcəyiksə, bu ümumiyyətlə, ölkədəki investisiya mühitinə ciddi zərbə vuracaq və iş görmək istəyənlərin sayı kifayət azalacaq”.

N.Cəfərli hesab edir ki, iranlı iş adamları Azərbaycanda daha çox tikinti, turizm, infrasktruktur layihələrinə və energetika sahəsində fəaliyyətə meyl edəcəklər:

“Azərbaycanın energetika sahəsində ciddi təcrübəsi olduğunu nəzərə alsaq, bu sahədə fəaliyyət qənaətbəxş sayıla bilər. Çünki, bu sahədə normal əməkdaşlıq üçün həm savadlı kadrlar, həm münbit mühit var.

İranda müəyyən məhdudiyyətlərin olduğunu nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan iranlıların turizm üçün seçəcəkləri yer ola bilər.

Onlar həm bu sahədə çalışa, həm də istirahət üçün gələ bilərlər. Çünki, İranla müqayisədə Azərbaycanda insanların öz istəklərinə uyğun şəkildə istirahət etməsi, müəyyən istəklərini ödəmək üçün şərait (qapalılıq, içki və s. kimi) var. Nəzərə alaq ki, Gürcüstan bundan böyük biznes düzəldib. Biz bunu Tiflisin misalında görürük”.

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama