Modern.az

Azərbaycanda yeni komitə yaradılır

Azərbaycanda yeni komitə yaradılır

4 Mart 2016, 12:44

Milli Məclisin iclası davam edir.

Modern.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı çıxış edib.  

O,  qurumun yaradılması və fəaliyyəti, strukturları barədə məlumat verib.

R. Aslanlı bildirib ki, Palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır.

Onun sözlərinə görə, bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur.  

“Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrarsığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur.  

Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozit institutları nəzərdə tutulur. Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq”.   İşçi Qrupunun rəhbəri əlavə edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə alətlərdən istifadə edəcək.  

“Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratma, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq.

Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlanarsa, bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq".  

R. Aslanlının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək. Palatanın idarə olunması və maliyyələşdirilməsinə gəlincə, R. Aslanlı bildirib ki, publik hüquqi şəxs tamamilə əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq.  

"Maliyyə müstəqilliyi dedikdə o nəzərdə tutulur ki, Palata öz fəaliyyətini dövlət büdcəsi və ya hər hansı dövlət fondlarından ayrılan vəsait hesabına deyil, tənzimlənən subyektlərin ödədikləri haqlarla maliyyələşdirəcəkMaliyyə Bazarlarına Nəzarət Palatası ikisəviyyəli idarəetmə strukturuna malik olacaq. Ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq.

Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək. Direktorlar Şurası Palatanın fəaliyyətin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilatı struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası, həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək", - deyə R. Aslanlı qeyd edib.

O bildirib ki, ölkədə maliyyə bazarını sabitliyini tənzimlənməsi şurası yaradılması nəzərdə tutlur.   “Bununla bağlı olaraq Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palattası arasında memorandumun imzalanması nəzərdə tutulur. Bu sənəd də imzalanmaq üçün razılaşdırılıb”.

R.Aslanlı deyib ki, ölkədə maliyyə sabitliyinin və dayanaqlılığın təmin edilməsi məqsədi ilə Maliyyə Sabitliyi Komitəsinin yaradılması da nəzərdə tutulur.

Aytən Zəhra  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...