“Bu gün Bakıdakı restoranlardakı qiymətlər xarici turistləri dəhşətə gətirir. Restoranlarda kabab, ancaq kabab... Onun da qiyməti gündən-günə qalxır. Nərə balığının kiloqramı 50 manatdır, amma üstündə 2 tikə olan bir şişi 25 manata verirlər. Belə restoran qiymətləri olar? Bu qarət və quldurluqdur axı. Mən tənzimlənən bazar haqda danışanda, deyirlər ki, Araz Əlizadənin könlünə sosializm düşüb”.
Modern.az-ın məlumatına görə bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə parlamentin Əmək və Sosial siyasət komitəsinin iclasında deyib.
Araz Əlizadə ölkənin turizm sektorundakı problemlərin əsas səbəblərini dilə gətirib:
“Azərbaycanın turizm sektorunun bu günə düşməsinə səbəb odur ki, bu sahə birbaşa olaraq Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyasında deyil. Hansısa şəxslərin pulu varsa, qeyri-qanuni yerlər alır, istədiyi otelləri tikdirir və ürəyi istədiyi qiyməti də qoyur.
İştahamız çox böyük olduğu üçün bu gün otel tikənlər yalnız 5 ulduzlu otellər tikirlər. Heç kəs 2-3 ulduzlu otellər tikmək istəmir. Nazirlik ölkədə hansı regionların turizm üçün lazım olduğunu müəyyən etməlidir. Oradakı torpaqlar hansısa şəxslər tərəfindən alınıbsa belə, o şəxslərdən dövlət torpaqları geri almalıdır.
Bu torpaqlar Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmalıdır və nazirlik də tikintilərlə bağlı tender elan etməlidir”.
Deputat otellərə nəzarət və tənzimlənmə funksiyasının şəxslərə deyil, Mədəniyyət və Turizm Nazirliynə verilməli olduğunu bildirib:
“Mədəniyyət və Turizm Nazirliyinə otellərin qiymətlərinin tənzimlənməsi səlahiyyəti verilməlidir. Bu qeyri-leqal səlahiyyətlər bəzi şəxslərdən alınmalıdır. Bazar iqtisadiyyatı quldurluq iqtisadiyyatı demək deyil. Ulduzları yalandan otellərə yapışdırmağa son qoyulmalıdır.
Bu gün regionlarda 3 və 4 ulduzlu otellərə baxsaq görərik ki, onların göstərdiyi xidmətlər heç o ulduzlara uyğun da gəlmir”.
Araz Əlizadə turizm fakültələrini bitirən gənclərin işsizlikdən ofisiantlıq etdiyini bildirib:
“Bizim çox səriştəli Turizm İnstitutu var, orada savadlı kadrlar hazırlanır. Amma baxaq görək ki, bu gün Bakıda 5 ulduzlu otellərdəki menecerlər kimlərdir ? Menecer Türkiyədən, adminstrator Almaniyadan, idarəçi İngiltərədən. Bəs onda biz axı niyə bu universiteti yaratmışıq?
Otellərdə xidmətləri nizama salmaq üçün xarici mütəxəssislər gətirirlər. Bizim bu gün cavanlar, gənclər işsizdirlər. Tturizm sahəsini bitirən ali təhsilli gənclərin çoxu gedib ofisiant işləyir. Axı niyə? Biz öz xalqımıza hörmət etməliyik.
Nazirlər kabineti qəpik-quruş gəlir gətirən qəzet bazarına əlavə dəyər vergisi tətbiq edirsə, elə bilirsiniz ki, otellərdən vergi güzəşti edəcəklər? Əlavə dəyər vergisini ləğv edəcəklər? Mən buna inanmıram.
Mənə ellə gəlir ki, bu gün Nazirlər Kabinetində oturan insanlar sübut etmək istəyirlər ki, dövlət büdcəsinə gəlir gətirmək istəyirlər.
Ölkə prezidenti cənab İlham Əliyev qəzetlərin borcunu silmişdi ki, qəzetlər fəaliyyətlərini davam etdirə bilsinlər. Amma Nazirlər Kabineti deyir ki, iqtsaidi böhrandır, qəzetlər vergi verməlidir. Jurnalistlər, qəzetlər axı nə qədər qazanır ki, vergi də versinlər?”.
Ağa AKİFOĞLU