Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Dövlət Himni ilə manipulyasiyalar?
Azərbaycan Respublikasının Dövlət Himni üzərində ara-sıra baş verən qarşılaşma və çəkişmələr yenə gündəmə gəlib. Bu dəfə Milli Məclisin deputatı Araz Əlizadənin ifasında. Azərbaycan əsgərinin ərazu bütövlüyü uğrunda düşmənlə hər an ölüm-dirim savaşına hazır olduğu bir vaxtda Dövlət Himninə “ağlaşma” deyən, himn savaşı yaradan “baş qəhrəman” və “baş rolun ifaçısı” odur.
Gözlənildiyi kimi, onun himn haqqında qəribə subyektiv, həm də ədalətsiz mövqeyi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Himnin musiqisi haqqında ifrat subyektiv sözləri, himni mərsiyəyə oxşatması (?), üstəlik “minor” (?) adlandırması və digər təhqiramiz danışıqları ziyalılar, deputatlar, musiqiçilər arasında ona qarşı adekvat reaksiyanı doğurub. Mediada onun mövqeyinə də, sözlərinə də əks reaksiyalar verilib, həm də kəskin tənqidlərlə, hətta təhqirli tərzdə, hətta arqumentsiz-filansız. Bəzi cavablarda, şərhlərdə isə himn kənarda qalır və şəxsi münasibətlər məsələni üstələyir. Təəssüf. Qarşıdurmanın predmeti Dövlət Himni olsa da, nə Araz Əlizadənin, nə də onun mövqeyi ilə ortaq olmayanların sözlərində himnimiz haqqında xalq üçün, oxucular üçün, geniş ictimaiyyət üçün xeyirli, faydalı ola biləcək bir məlumat, bir söz, bir fakt tapmaq çətindir. Az qala siyasi şou formatına salınmış budəfəki himn qalmaqalı da qarşı tərəflərin subyektiv, lakin bəzən “müdrikanə”, bəzən “xəlqi”, bəzən “tərbiyəvi”, bəzən təhqirli əks cavabları ilə mahiyyətsizcəsinə davam etməkdədir. Hər iki tərəf dost-doğma himnimizi yox, özünü bu siyasi şounun reklamına və təbliğat obyektinə çevirdi.
Dövlət Himni ilə bağlı mövqelərə bir nəzər
Dövlət Himni ilə bağlı xoşagəlməz, səhv mövqelərə qarşı ictimaiyyətin cavabı əsasən iki mövqedən ola bilər. Birincinin üzərində dayanaq.
Dövlət Himni budəfəki qalmaqaldan bir müddət sonra yenə subyektiv müddəa və iddialara, “ağıllı milli dərslərə”, ekspromt improvizə bacarığı olan ziyanlılara tuş gələ bilər. Tamamilə mümkündür. Hər ölkədə baş verə bilər və baş verir də. Hərdən ölkələrdə elələri tapılır ki, öz dövlət himninin sözlərini başa düşmür və ya himn onun kal musiqi duyumunu oxşamır, yaxud ölkəsinin himnini özünün yüksək karyera və var-dövlət imkanlarına layiq bilmir, bu minvalla da ağlına gələn “ağıllı təklif” bu olur ki, himn dəyişdirilsin. Belə şeylər mümkündür və baş verir də. Bəzən belə də olur: on illərlə oxunan dövlət himnini birdən-birə bəyənməyib, yenisi ilə əvəz edirlər, özü də hay-küysüz, qalmaqalsız, siyasi yozumsuz-filansız. Ona görə Araz Əlizadəyə qədər də, indi də, bundan sonra da Dövlət Himninin musiqisi kiminsə musiqi zövqünə uyğun gəlməzsə, yaxud hansısa vətəndaş yeni himnin yazılmasını təklif edərsə, bunu nə siyasiləşdirmək, nə millətə, dövlətə, nə mədəniyyətə, nə də Üzeyir bəyə xəyanət kimi yozmaq lazım deyil. Hər bir vətəndaşın dövlət rəmzləri haqqında öz sözü, fikri, təklifi ola bilər. Biz demokratik, açıq cəmiyyətdə yaşayırıq. Bu gün hamılıqla qəbul edilən, sevilən himn sabah yeni nəslin, yaxud hansısa fərdin musiqi zövqü, bədii qavrayışı, sluxu, ağlı ilə uyğun gəlməzsə və o, özünün himn ilə uyğunsuzluğunu mediada bəyan edərsə, bunu demokratikcəsinə qarşılamaq da olar. Unutmaq olmaz ki, ölkələrin dövlət himnləri həm də musiqi əsəridir. Sadəcə, dövlət himni əyləncəvi musiqi və yüngül janr deyil ki, çoxmilyonlu ölkədə hər kəsin fərqli-fərdi musiqi zövqü ilə ayaqlaşsın.
Bir də, Azərbaycan Respublikasının Dövlət Himn haqqında səhvə yol verənlərin cavabını elə vermək lazımdır ki, onun səhvi hamı üçün eyni dərəcədə anlaşıqlı olsun, daha cavabın özü də səhv kimi qavranılmasın.
Bir məsələ da var. Himn siyasi, hüquqi və mənəvi baxımdan “dövlət rəmzi” funksiyasını daşısa da, “dövlət himni” bu janrın yeganə və son nümunəsi deyil. Müasir dövrdə hər bir futbol, voleybol klubunun, hər bir universitetin, orta məktəbin, liseyin, hər bir siyasi hərəkatın, siyasi partiyanın, hər bir qeyri-hökumət təşkilatının, sosial və ictimai təşkilatın, beynəlxalq təşkilatların öz himni ola bilər. Onları dini və milli himnlərdən fərqləndirmək üçün şərti olaraq, “korporativ himn” adlandırırlar. Xatırlatmaq istəyirəm ki, “Marselyoza”, “İnternasional” kimi məşhur nümunələr Avropada inqilabi hərəkatların himni kimi meydana gəlmişdilər.
Yeni Azərbaycan Partiyasının da öz himni var. Bu, qeyd etdiyim kimi, tamamilə yolveriləndir. YAP-ın himnini Xalq artisti, professor Siyavuş Kərimi bəstələyib. Əlbəttə, bu himnin sözləri və musiqisi yazılanda da, qəbul olunanda da YAP-ın 500 mindən çox üzvünün bir-bir rəyini, münasibətini soruşmayıblar. (Doğrusu, bu himnin musiqisi və orkestr səslənməsi himndən çox qəliz vokal- simfonik əsərə oxşayır. Onun melodiyası, səslənməsi sadə və yaddaqalan deyil. Yəqin ki, professional maraqla yox, ideya təəssübü ilə yox, karyera naminə, tələm-tələsik və candərdi yazılıb, buna görə qarmaqarışıq səslənir).
Dövlət himnlərinin yazılması, qəbul edilməsi də belədir. Dünyanın heç bir ölkəsində kütləvi müzakirələr ilə dövlət himni qəbul eləmirlər. Məsələn, Rusiya Federasiyasının Dövlət Himni keçmiş SSRİ himninin yeni redaksiyasıdır və bu himn 2000-ci ildə rəsmən qəbul olunanda ictimaiyyətdə birmənalı qarşılanmamışdı, amma rəsmi şəkildə qəbul edildi.
İctimaiyyətin səhvlərə qarşı cavab qismində ikinci mövqeyi sırf milli müstəvidə ola bilər. Yəni Dövlət Himni müstəqil dövlətimizin rəsmi atributlarındandır, xüsusi qərarla, əsasnamə ilə qəbul olunub. Bu himn siyasi və mənəvi tariximizin, dövlət suverenliyimizin ayrılmaz bir hissəsidir.
Azərbaycan Respublikasının Dövlət Himni həm də gənc nəsillərdə vətənə bağlılıq, dövlətçilik tərbiyəsi formalaşdırır. Çünki Himnin sözləri də, musiqisi də milli şüurumuza, vətən və dövlət sevgimizə, vətən yolunda şəhidliyimizə, milli birliyimizə tam uyğundur. Odur ki, Dövlət Himni haqqında cəmiyyətin qəbul edə bilmədiyi, milli ruha, milli mənliyə, dövlətçilik şüuruna və siyasi etikaya sığmayan ifadələri, rəyləri işlətmək olmaz. Himnin sözlərini, yaxud musiqisini bəyənməyənlər bunu elə şəkildə ifadə etməlidirlər ki, xalqın, millətin mənliyinə, dövlətçilik heysiyyatımıza, siyasi tariximizin ideya-mənəvi məzmununa, ümummilli maraqlara əks dayanmasın.
Konkret Araz Əlizadəyə gəlincə, o, necə illərdir Azərbaycan siyasətində sosial-demokrat hərəkatını təmsil edir, ASDP sədridir. Azərbaycanda sosial-demokratların himni olmasa da, xarici ölkələrdə onların himni var və yəqin Araz Əlizadə bunu bilməmiş deyil. Bəlkə əməkdaşlıq etdiyi xarici ölkələrdəki sosial-demokrat partiyalarının himnlərini oxuya da bilir? Amma Araz Əlizadə nədənsə öz doğma sosial-demokratlarının himnini, yaxud Avropanın, Rusiyanın, Amerikanın müxtəlif təşkilatlarının, partiyalarının, sağçı və solçularının himnlərini müzakirə eləmir, məsələn, sosial-demokratların himnlərinə “xristiansayağı matəm marşı”, “alulliya” “minor”, “ağlaşma”, “kommunist əcdadların rekviyemi” və ya “qəhrəmanlıq odası”, “major” deyə, sözlər qoşmur. Əvəzində Azərbaycan Respublikasının Dövlət Himnini mərsiyəyə və minora oxşadıb, məsxərəyə qoyur. Bəli, görünür ki, cənab deputatın musiqi qavrayışı, bədii təfəkkürü, vətəndaşlığı və musiqi sluxu o himnləri də, dünyanın major himnlərini də qəbul edir, amma nədənsə bizim himnimizi həzm edə bilmir.
Görəsən, müstəqil Azərbaycan Respublikasının 25 ildir səslənən Dövlət Himni A.Əlizadənin birdən-birə yadına hardan düşdü? Məgər A.Əlizadə 25 ildir himni eşitmirdi, oxumurdu və özü dediyi kimi “himnin mərsiyə, ağlaşma, minor” olduğunu” görmürdü? Bu 25 ildə himn haqqında bir söz deməyən cənab deputatın ağlına himn barədə “mərsiyə”, “major” və “minor” sözləri hardan gəldi? Bu sualların da iki əsas cavabı ola bilər. Birincisi, hər hansı deputat idarəetmə, siyasi, iqtisadi və sosial islahatlar barədə hökumətə lazımlı, faydalı, ağıllı, yeni təkliflər verə bilməyəndə, qanunlara yeni əlavə və dəyişikliklər irəli sürə bilməyəndə, seçiciləri üçün faydalı ola bilməyəndə, düşüncəsi, təfəkkürü, xalqı duyması və faydalılıq əmsalı tükənəndə boş-bekar qalmamaq, başını qatmaq, “mən də varam” demək üçün başlayır “gündəmə gəlmək” azarına tutulmağa. Tutulur da. Texnologiyası sadədir: günlərin bir günü səhər oyanır və başlayır cəmiyyəti qıcıqlandırmaq üçün ağlına və ağzına gələni danışmağa, vəssalam. İkincisi, Araz Əlizadə ortaya atdığı “himn oyununu” bəlkə kimlərinsə tapşırığı ilə və yaxud millət vəkilliyindən tamam uzaq olan məqsədləri üçün edir?
(Mənə elə gəlir, Dövlət Himnimizin ünvanına ictimaiyyət qarşısında aşağılayıcı, qeyri-etik, adekvat olmayan ifadələrə görə Azərbaycan qanunlarına cinayət məsuliyyətinə cəlbolunma və ya cərimə ödəmə barədə maddə daxil edilə bilər).
İnsanlara (məsələn, deputat Araz Əlizadəyə) bilmədiklərini öyrətmək, səhvlərini başa salmaq lazımdırmı? Lazımdır!
“Azərbaycan marşı” necə himn oldu?
1980-ci illərin ikinci yarısından etibarən Azərbaycanda başlayan milli-azadlıq hərəkatı tariximizə, mədəniyyətimizə, keçmişimizə, dəyərlərimizə, ziyalılarımıza yeni münasibətləri, yeni maraqları da həyatımıza, düşüncələrimizə gətirdi.Tədricən 80-ci illərin sonlarına doğru ictimai-siyasi baxışlarda, düşüncələrdə, fikirlərdə tarixə, mədəniyyətə və dilə münasibət, rəy və mülahizələr fərqli, yeni müstəviyə keçid almağa başladı. Elə azadlıq hərəkatının dalğasında da milli bayrağımız, milli himnimiz, dilimiz, Qarabağ, milli mənliyimiz, milli birliyimiz kimi mövzular əvvəl-əvvəl milli oyanışın yaratdığı dərnək, klub və toplantılarda, sonra “Çənlibel” hərəkatında, sonra Meydan hərəkatının mitinqlərində, sonra ümumxalq azadlıq hərəkatı səviyyəsində ayağa qalxdı, həyata, müzakirələrə, təkliflərə, hərəkata, milli məramlara, ideologiyaya gəldi...
Bunları xatılamaqda məqsədim Üzeyir Hacıbəylinin “Azərbaycan marşı” əsəri üzərinə gəlməkdir. Açığı, milli-azadlıq hərəkatının ilk vaxtlarında ayağa qalxan xalq, ziyalılarımız arasında “Azərbaycan marşı”nı tanıyan yox idi, olsaydı da, çox az adam məlumatı idi. Çünki bu marş XX əsr boyunca səslənməmişdi, onu eşidən olmamışdı, adını bilən, barəsində məlumatlı olan və eşidən yox idi. Digər tərəfdən, 1919-1920-ci illərin tarixi, M.Ə.Rəsulzadənin həyatı və yaradıcılığı, o illərdə Ü.Hacıbəylinin bəstəkar kimi yaradıcılığı elmi tədqiqatların predmeti deyildi, bu mövzulara münasibət özünü indiki kimi fəal və ardıcıl elmi mövqedən göstərmirdi. Ü.Hacıbəylinin yalnız mətbu-publisitik fəaliyyətindən danışılırdı. “Azərbaycan marşı” haqqında konkret bilgilər yox idi. Dahi bəstəkarın ev-muzeyinin arxivinə, əlyazmalarına elmi maraqlar müəyyən sədlərlə qarşılaşırdı...
Milli mütəqillik uğrunda ümümxalq azadlıq hərəkatına, Azərbaycan xalqına ünvanlanan azadlıq çağırışlarına, milli şüurun oyanışı proseslərinə Üzeyir bəy də qatılmışdı. Yanılmıram. Üzeyir Hacıbəylinin “Koroğlu” operasının Üverturası milli-azadlıq hərəkatının, sözün əsl mənasında, himni idi.
Ölkəni bürümüş azadlıq hərəkatında bütün toplantılar, mitinqlər, açıq və qapalı müzakirələr məhz Üvertura ilə başlayırdı. Üzeyir bəyin yazdığı bu musiqi xalqın müstəqillik istəyinin, azadlıq məramının, istiqlal hərəkarının başında dayanırdı, xalqla bir yerdə idi. Üvertura səslənən kimi mitinqlərə, meydanlara toplaşan nə qədər insan var idisə, hamısı əllərini yumruq kimi düyünləyib, başı üzərinə qaldırırdı. O zaman bu dahi musiqi əsərinin milləti yaşatdığını, öz ətrafında birləşdirdiyini, xalqı oyada bildiyini, milləti azadlıq hayqırtısı kimi öz arxasınca apara bildiyini gördüm və yaşadım. Elə hey düşünürdüm: görəsən, Üzeyir bəyin “Koroğlu” Üverturası dövlətimizin himni ola bilərmi?
1980-ci illərin ikinci yarısı, 1990-cı illərin əvvəlləri idi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) üçrəngli bayrağı kimi, AXC himninin də bərpası ictimai-siyasi gündəmə gəlimişdi. Təkliflər, mülahizələr var idi, işə başlanılmışdı. O dövrdə himn kimi axtarılan, tanınan və qəbul edilən əsər, əslində, Üzeyir Hacıbəylinin “Azərbaycan marşı” idi. Lakin bu marş 1919-1920-ci illərdə AXC-nin himni kimi qəbul olunubmu? Bu barədə bir qədər sonra
1919-cu ildə birsəsli kanto üçün yazılan “Azərbaycan marşı” 1989-cu ildə Əməkdar incəsənət xadimi, o vaxt Xalq Cəbhəsinin üzvü, görkəmli bəstəkar Aydın Əzimli (Aydın Əzimov) tərəfindən xor və simfonik orkestr üçün işlənildi (yazıldı).
Marş ilk dəfə himn kimi işlənildi, yeni xor, orkestr səsləri və akkordlar əlavə olundu, əsər yeni tərkib üçün və yeni fakturada yazıldı, ilk partiturası meydana gəldi.
Aydın Əzimli tərəfindən qarışıq xor və böyük simfonik orkestr üçün ilk dəfə işlənilən və partiturası yazılan himn ilk dəfə elə həmin ildə də filarmoniyada və dövlət televiziyasında səsləndi.
Biz bəstəkar Aydın Əzimlinin işləməsini və bərpasını Azərbaycan Respublikasının Dövlət Himninin birinci redaksiyası adlandırırıq.
1992-ci ildə Prezidentin andiçmə mərasimində Himn məhz bu redaksiyada səsləndi. Həmin il parlamentin qərarı ilə və Prezident Əbülfəs Elçibəyin sərəncamı ilə bu redaksiya Dövlət Himni kimi qəbul olundu.
Hələlik 1989-cu ildir. Qarşıda milli-azadlıq hərəkatı daha geniş vüsət alacaq, qətiyyət və sarsılmazlıq əldə edəcək...
Ölkəni başdan-başa mitinqlər, etiraz dalğaları bürüdü. 20 Yanvar faciəsi, Qarabağ “oyunları”, Qarabağda baş verən hadisələr, azadlıq hərəkatının təşkilatlanması, Naxçıvan MR Ali Soveti üzərində üçrəngli bayrağımızın dalğalanması, Meydan hərəkatı, azadlıq mitinqləri, SSRİ rəhbərlərinin ölkəni idarə edə bilməməsi və Azərbaycana zidd mövqe tutması, imperiyanın çürüməsi və digər bu kimi real hadisə və proseslər milli-azadlıq hərəkatını daha da alovlandırdı, daha dönməz etdi.
Amma bütün bu həqiqətlərin içində xalqın taleyi, azadlıq mübarizəsi ilə birlikdə olan bir milli hayqırtı da var idi: “Koroğlu” Üverturası.
Həqiqət naminə deyək ki, bütün milli-azadlıq hərəkatı, Meydan hərəkatı dövründə, SSRİ süqut edəndən sonra baş verən siyasi hadisələrdə, etiraz aksiyaları dövründə görkəmli bəstəkar Aydın Əzimli tərəfindən işlənilmiş himn mövcud olsa da, yəni Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himni kimi təqdim olunan bu himn artıq ictimaiyyətə məlum olsa da, xalqlmlz azadlıq hərəkatında yenə və yenə “Koroğlu”nun Üverturası ilə birlikdə idi. Azadlıq mitinqləri, bütün toplantılar və aksiyalar, bütün xalq hərəkatı, bütün ictimai etiraz yürüşləri Üvertura ilə başlayır, Üvertura ilə bitirdi. Səslənən də, səsləyən də, çağırış edən də, dinlənilən də, xalqı birləşdirən də, xalqın səsinə səs verən də məhz Üvertura idi.