Modern.az

“Bizdən Vətəni sevən olmaz” deyirdik

“Bizdən Vətəni sevən olmaz” deyirdik

10 Aprel 2016, 20:43

Aprelin 2-də Kəlbəcərin 23-cü işğal gününü qeyd edəcəkdik.  Yenə də hər ilki kimi toplaşacaqdıq. Yarası qaysaq bağlayanların dərdini yenə təzələyəcəkdik. (Hərçənd, 23-24 ildir Azərbaycan xalqının dərdi heç köhnəlmədi).

  Yola saldığımız həftə ərzində Azərbaycan dünyaya bütövlüyünü nümayiş etdirə bildi.   Biz əslində, tarixdən bu yana ermənilərin özləri kimi murdar adətlərinə bir növ alışmışıq  axı. Hər il Laçının, Kəlbəcərin, Şuşanın işğal günündə təxribat “maşınlarını” işə salırlar.  Bu dəfə də atəşkəsi pozmaqla mənfur planlarını  işə salan ermənilər Azərbaycan ordusu qarşısında tab gətirə bilmədi.  

Ermənistanla təmas xəttində baş verən savaşda düşməni məhv edən Azərbaycan ordusu yola saldığımız həftə həm də şəhidlərini torpağa tapşırdı.  

Ön cəbhədə müharibə qaçılmaz olduğundan arxa cəbhənin insanları müharibə ilə bağlı ya optimist düşüncədə olur, ya da pessimist. Müharibə birtərəfli aparılmadığı kimi itkilər də birtərəfli olmur. 18 yaşa kimi oğlu üzərində haqqı olan ananı əsgər olandan sonra VƏTƏN əvəz edir.

Şıltaq həyatı geridə qoyan oğul, cəbhəyə yollanarkən VƏTƏN qarşısında kişi sözü verir. “VƏTƏNİN hər qarışı bizimdir. VƏTƏNİN azadlığı uğrunda canımızdan keçməyə hazırıq” deyilir.   Müharibənin isə bir üzü var. Sərt! Bir rəngi var. Qırmızı! Bir yolu var. Məğlubiyyət, ya da QƏLƏBƏ!

Birinci Qarabağ savaşından sonra ənənələr, dəyərlər, münasibətlər, davranışlar köklü şəkildə dəyişikliyə məruz qalmışdı. Əvvəllər bayramlarda qapı-qapı gəzib bayramlaşdığımız qohum-qonşu da bir-birinə yad olmuşdu. Süfrələrimiz bərəkətli olsa da, qəlbimiz sönük idi. Sanki millət olaraq ruhumuz ölmüşdü. Ara-sıra özümüz özümüzü yaman tənbeh edirdik. Bir şey olmamış “kişilərimizdə kişilik qalmayıb”, “İçimizdə vətən sevgisi zad yoxdu”, “Bu gedişlə Qarabağı ala bilməyəcəyik” kimi düşüncələr beynimizə hakim kəsilmişdi.  

Dövlətin içində bəzi korrupsioner məmurları, onların harınlamış övladlarını görəndə “bunlar kef çəksin deyəmi bizlər şəhid oluruq?!” deyirdik. Daxildəki bəzi qüvvələrlə mübarizə fonunda sanki Qarabağı yaddan çıxarmışdıq. Müxalifət düşərgəsində də kiminsə boşqabı öz qabağına çəkdiyini görəndə “bizdən vətəni sevən olmaz” deyirdik.   Bir ilin hər ayı demək olar ki, torpaqlarımızın  işğal tarixinə köklənirdik. Uşaqdan böyüyə bir arzumuz vardı. Gələn ilin bu vaxtı Şuşa, Laçın, Kəlbəcər.......İnşallah! və sairə.

Birinci Qarabağ savaşından sonra millət olaraq mənən sarsılmışdıq. İçimizdə elələri vardı ki, “nəyə lazımdı torpaq üstündə qan tökmək. Versinlər erməniyə bitsin bu dava” deyirdilər.  Ağlımızı da itirmişdik, ruhumuzu da! Manıs kişilərin üzlərindəki estetik dəyişikliyi görəndə adama elə gəlirdi ki, xalqımız savaşda heç vaxt qalib ola bilməyəcək. Ruhumuz elə ölmüşdü ki, ağlımız nə düşündüyü bilmirdi.  

Elan olunmamış 3 günlük” İkinci Qarabağ savaşı” yaxşı mənada özümüzlə bağlı bütün düşüncələrimizi alt-üst etdi. 23-24 ildən sonra ilk  dəfə idi ki, millətimizi qaməti dik, ayaq üstə görürdük. Siyasi arenada iqtidar-müxalifət “atışması” kəsilmişdi. Manatın ikinci dəfə devalvasiyaya uğramasına baxmayaraq  cəbhədəki  müharibə ab-havası Vətən sevgisini önə çıxarmışdı. Heç kəsi yastığının altındakı pul maraqlandırmırdı. Müharibə olacağı təqdirdə hamı bir nəfər kimi döyüşə gedəcəkdi.

 

Könüllü şəkildə Müdafiə Nazirliyinə müraciət edənlərin sayı-hesabı yoxdu. Azərbaycanın dörd bir tərəfində  insanlar orduya dəstək nümayiş etdirirdi. Hər bir azərbaycanlı təkcə plakatlarla deyil, qanvermə aksiyalarına qoşulmaqla orduya yardım əllərini uzadırdılar. Eyvanlarımızın önündə 3 rəngli bayrağımız dalğalanırdı.

 Qonşuya, qohum-əqrəbaya bir gündə 2-3 bəzən də 4 şəhid tabutunun gəlməsinə baxmayaraq hər kəs ordunun, əsgərin, zabitin,  yanında idi. Evində bir oğul böyüdən analar belə ilk dəfə idi ki, müharibə istəyirdi. Bir sözlə, bir yerdə yumruq kimi bir olmağımız, bir addımlamağımız qürurverici idi.   Deməli, millətin içində ruh yüksəkliyi varsa, QƏLƏBƏNİ bayram etmək heç də uzaqda deyil.  

Elan olunmamış savaşda Azərbaycan ordusu xeyli sayda şəhid verdi. Ən təsirli məqam şəhid anasının, şəhid bacısının, şəhid sevgilisinin, şəhid övladının gözlərinə baxmaqdı. Hər bir gözdə yarımçıq qalmış ümidlər, arzular, baş tutmayan planlar var. Amma  şəhidlər heç vaxt ölmür.

VƏTƏN, başın sağ olsun!

 Azərbaycan ordusunun cəsarəti sahəsində  azad edilən Talış kəndi ətrafındakı yüksəkliklər, Lələ təpə, Seysulan kəndi artıq işğalçıların ləpirlərindən təmizlənib. Tezliklə digər ərazilərimiz də düşmənin tapdağı altından təmizlənər. Buna ümid etdiyimiz qədər, həm də yaxınıq.

Qarabağ müharibəsi ilə bağlı arxa cəbhədə dayanan hər bir azərbaycanlı optimist əhval-ruhiyyədədir. Buna görə çox sağ  ol, AZƏRBAYCAN ƏSGƏRİ

Namidə BİNGÖL
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI