Modern.az

Çoxlarına babalıq etmiş “qəribə” adam - Unudulmuş Akif HƏSƏNOĞLU...

Çoxlarına babalıq etmiş “qəribə” adam - Unudulmuş Akif HƏSƏNOĞLU...

22 Aprel 2016, 10:33

Gəncliyində yazıçılığı “öldürülən”, 30 ildən sonra dramaturq kimi peyda olan “narkom oğlu"...


Tanımayanlar və tanıyıb unudanlar üçün
 

Heç də uzaq tarix deyi. Ötən əsrin 90-cı illərində o, birdən-birə bütün respublikada tanınmağa başladı.  Əvvəllər bir hekayəsi belə, işıq üzü görməyən “adi kimyaçı baba”nın – Akif Həsənoğlunun o zaman cəmi 3 il ərzində yazdığı rekord sayda - beş pyesi bir-birinin ardınca Bakının “Meydan” və Sumqayıtın Dövlət Dram teatrları tərəfindən səhnələşdirilərək, qısa bir zamanda böyük tamaşaçı marağına, sensasiyaya səbəb olmuşdu. Çox nadir hadisə idi ki, yaradıcılığının artıq üçüncü ilində onun ssenarisi əsasında sovet reyiminə qarşı yönəlmiş kəskin süjetli film də çəkilmişdi. Təsadüfi deyildi ki, həmin filmdəki müxtəlif xarakterli rollara respublikamızın 10-dan artıq Xalq artisti, o cümlədən məşhur, korifey sənətkarlar Həsən Məmmədov, Səyavuş Aslan, Amaliya Pənahova, Kamal Xudaverdiyev, nisbətən gənc nəsildən olan Yaşar Nuri, Firəngiz Mütəllimova, Rəfayel Dadaşov, Hacı İsmayılov, Arif Quliyev, Məzahir Süleymanov, Əməkdar artistlər Əjdər Həmidov, Kamil Məhərrəmov, Səmayə Sadıqova, Elmira Həşimova, hətta görkəmli kinorejissorumuz Eldar Quliyev və digər sevilən sənətkarlar da cəlb edilmişdilər.

Cəmi 3-4 il idi ki yazmağa başladığı, teatrlarda “mürəkkəbi qurumamış” tamaşaya qoyulan maraqlı pyesləri onu əvvəlcə yaşayıb-yaratdığı Sumqayıtda, çox keçmədən isə bütün respublikada tanıda bilmişdi.

Teatr, dramaturgiya aləminə “qəfil” gəlişilə hamını, xüsusilə onu yaxşı tanıyan sumqayıtlıları “çaşdıran” Akif Həsənoğlu uzun illər - 90-cı illərə kimi kimya sənayesində çalışmışdı və heç kim o vaxta qədər inana bilməzdi ki, Sumqayıtın kimya sənayesində öz yeri, öz çəkisi olan “Azkimyasənayemənziltikintitəmir” Trestinin rəisi, “mayası kimyadan yoğrulan”  Akif Zeynalov (Həsənoğlu təxəllüsünü sonralar götürmüşdü) bir gün hamını məhz Sumqayıtla bağlı çox maraqlı dramaturji əsəri ilə heyrətləndirəcək.

O illərdə respublikada çox böyük maliyyə imkanlarına malik olan, lakin özlərini, varidatlarını xalqdan gizlətməyə çalışan bir-çox gizli “oliqarxlar” olsa da, məhz Akif müəllim özünün rəhbərlik etdiyi, yüksək təşkilatçılığı və bacarığı hesabına maliyyə imkanları kifayət qədər yaxşı olan trestin sayəsində 1990-94-cü illərdə digər vəzifə, var-dövlət sahiblərindən fərqli olaraq mədəniyyətə, incəsənətə mümkün qədər böyük diqqət və qayğı göstərməyə, el arasında deyildiyi kimi “pul buraxmağa” başladı.

Ötən dövrün 80-ci illərinin sonlarında Akif Həsənoğlunun ən böyük və diqqətəlayiq xidməti o zaman AzTV-də gənc istedadların üzə çıxarılmasında böyük rolu olan “7-17” müsabiqələrinin  təşkili və populyarlaşmasında göstərdiyi maddi və mənəvi kömək idi. Fəxr doğurur ki, bu gün xalq tərəfindən sevilən, populyarlıq qazanmış İzzət Bağırov, Sevda Ələkbərzadə, İradə İbrahimova, Aynur Dadaşova və digərlərinin istedadları məhz həmin müsabiqələr zamanı aşkar edilmiş və onlar respublikada ondan sonra tanınmağa  başlamışdılar. Məhz Akif Həsənoğlunun sponsorluğu ilə onların respublika televiziyasında və bugünkü Heydər Əliyev sarayında, hətta Azərbaycan Dövlət Sirkində ilk çıxışları, uğurlu konsertləri təşkil olunurdu.

Ermənilərin Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlarar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük dövrünün başlayıb davam etdiyi 1988-90-cı illərdə Akif müəllim özünün rəhbərlik etdiyi trestə elindən-obasından didərgin salınmış 600 nəfərə qədər adamı (təkcə Sumqayıt üzrə!) işə götürmüş, onların öz ailələrini dolandırması üçün münasib şərait yaratmışdı. O zaman hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarının əhalisini işlə təmin etmək məqsədilə həmin rayonlarda – xüsusilə də Laçında, Füzulidə, Qubadlıda, Cəbrayılda trestin 50-dən artıq idarəsini yaratmış, 1200-dən çox adamı işlə təmin etmişdi. Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan geniş miqyaslı tikinti-abadlıq işlərində isə Akif müəllimin rəhbərlik etdiyi kollektivin yüzlərlə işçisi çalışmışdı.

Silahlı qarşıdurmaların, döyüşlərin başlaldığı dövrlərdə isə Akif Zeynalov Sumqayıtda rahat otura bilməyərək, dəfələrlə sərhəd rayonlarında olmuş, Şuşaya, Laçına, Ağdama, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi trest tərəfindən həm silah-sursat, müəyyən materiallar, həm də ərzaq və s. alınıb-aparılması üçün maksimum köməklik göstərməyə çalışmışdı. O, sonralar da neşə-neçə şəhid ailəsinə, kimsəsizlərə dayaq olmuş, onlarla xəstənin müalicə xərclərini, Türkiyədə, Rusiyada oxyan ali məktəb tələbələrinin təhsil haqqını ödəmişdi. Hətta bəzi büdcə təşkilatları da kömək üçün o zaman kifayət qədər gəlirli olan həmin trestə, onun səxavətli rəisi Akif Zeynalova üz tuturdular. O isə, hamını hörmətlə qarşılayar, heç kəsi naümid qaytarmaz, səxavətini əsirgəməzdi.  

O illərdə çoxları Akif müəllimlə tanışlığı-dostluğu ilə öyünər, onun yaradıcılığından, duzlu-məzəli sözündən-söhbətindən, özündən, qayğıkeşliyindən, xeyirxahlığından və... səxavətindən doymazdılar. Lakin... bir-neçə il əvvəl qəfildən insult xəstəliyinə tutulduqdan, işdən-gücdən, yaradıcılıqdan, teatrdan uzaq düşdükdən sonra yaxın qohum-qardaşdan, sadiq dostları Sabir Rüstəmxanlıdan, Çingiz Əlioğludan, tamaşalarının ilk rejissorlarından olan Xalq artisti Mərahim Fərzəlibəyovdan başqa nədənsə çoxları bu qayğıkeş, xeyirxah əməllərində həmişə təmənnasız olmuş bu istedadlı adamı unutdular. Ancaq o, heç kimdən heç nə ummadı, bütün ağrılara, çətinliklərə mərdi-mərdanə dözdü, güclü iradəsi, nikbin xarakteri sayəsində xəstəliyə qalib gəldi və yenidən ayağa qalxdı. 



1946-cı ildə rus şairi Y.Yevtuşenkonun xəbəri olmadığı səxavətli, xeyirxah uşaq.
“Zalım oğlu palçıqlı ayağını soxdu mənim çəkməmə, sevinə-sevinə çıxıb getdi...”

...İkinci dünya müharibəsindən sonrakı il - 1946-cı il idi. Füzuli şəhərinin balaca sakini Akifin hələ heç 4 yaşı da yox idi. Atasının bir axşam onun üçün alıb gətirdiyi qara xrom çəkməni ertəsi günü sevincək ayağına keçirib, yağan narın yağışa məhəl qoymayaraq, yaşadıqları evin beş addımlığında olan bazarın gediş-gəliş yolunun kənarında bir daşın üstündə oturub, uşaq lovğalığı ilə ayağını irəli uzadıb, çəkməsini sığallayaraq, gəlib-gedənin diqqətini təzə çəkməsinə cəlb etmək istəyirdi. Palçıqlı yolla onun yanından tələsik ötüb keçənlər isə elə bil ki “qəsdən”, ya da “paxıllıqdan” onun çəkməsinə “tamaşaya durmaq” əvəzinə gözucu baxıb, laqeyd-laqeyd  ötüb keçirdilər. Bu isə təzə çəkməsi ilə öyünmək istəyən Akifin xoşuna gəlmirdi. Birdən gördü ki, yaşlı bir kişi elə Akifin özü boyda olan uşağın əlindən tutub, bəlkə də yağışın güclənəcəyindən ehtiyat edərək, onu tələsik darta-darta bazardan çıxır. Akifin gözü qeyri-ixtiyari uşağın ayağına sataşır. Görür ki, uşaq ayaqyalındır. Kişi ilə uşaq özünün bərabərinə çatanda birdən səslənir:

- Əmi, əmi, nə olar, çəkmələrimi çıxart da, ayağımı sıxır...

O vaxtların yaşlı adamları indikilərdən fərqli olaraq təkəbbürlü və soyuqqanlı olmadıqlarından, kişi ayaq saxlayıb, onun çəkmələrini çıxardıb, özünə verdikdə Akif gözlənilmədən qayıdır ki, “Əmi, onsuz da mənim ayağımı sıxır, qoy bu oğlanın olsun” deyir. Ayaqyalın uşaq sanki bayaqdan bunu gözləyirmiş kimi sevincək halda... palçıqlı ayaqlarını çəkmənin içərisinə salır.

Uşaqlığın artıq çox uzaqlarda qalmış həmin epizodunu yada salan Akif müəllim bu gün gülə-gülə deyir ki, “zalım oğluna gül kimi təzə çəkmə vermişdim, götürüb palçıqlı ayaqlarını dürtdü çəkmənin içinə. Çəkməyə də, heç yanındakı kişinin (bilmədim – atasıydı, əmisiydi?) quruca bir “sağ ol” deməməsinə də heyfsilənmədim, amma uşağın o “qanmazlığı” heç xoşuma gəlmədi. Ancaq sonralar ağlıma gəldi ki, axı o bədbəxt neyləməliydi ki? Yolun ortasında, su olmayan yerdə ayağını necə yumalıydı ki? Yanındakı kişinin də ağlına gəlmədi ki, palçıqlı ayağı təzə çəkməyə, özü də xrom çəkməyə soxmazlar”.

Qəribəsi o idi ki, bir müddət əvvəl təzə çəkmələrini hamıya göstərmək, “şeşələnmək” üçün bazarın yanına, adamların gur olduğu yerə çıxmış balaca Akif lovğalanmaq istədiyi çəkmələrini heyfsilənmədən, belə asanlıqla tanımadığı bir uşağa bağışlamışdı.

Oğlunun bazardan evə təzə çəkməsiz, ayaqyalın döndüyünü görən anası Suğra xala soruşur ki, “a bala, niyə ayaqyalınsan, bəs atanın aldığı təzə çəkmən hanı?”. Akif isə guya elə bir şey olmayıbmış kimi sakitcə qayıdır ki, “ayaqyalın bir uşaq vardı, verdim ona, geyindi, getdi...”. Anası daha heç nə deməyib, başını bulamaqla kifayətlənir. Atası axşam işdən qayıdanda məsələdən xəbər tutur, ancaq o da ailənin ilk övladı olduğu, Akifi çox sevdiyi üçün onun xətrinə dəyəcək bir söz demir, sorğu-suala da tutmur. Bir də ki, axı, 4 yaşlı uşağın ürəyiyumşaqlığı, ayaqyalın yaşıdının qeydinə qalması müqabilində nə deyəydilər ki?

Çox-çox illər sonra Akif Zeynalov görkəmli sovet şairi Yevgeni Yevtuşenkonun ssenarisi əsasında çəkilmiş bir “müharibə filmi”ndəki 4-5 yaşlı uşağın da elə eynən onun kimi hərəkət etdiyini görüb, bir daha inanmışdı ki, o vaxt uşaq olsa da, səhv etməyib, düzgün, savab iş görüb. Axı, o uşağın atasının imkanı olsaydı, oğlunu bazara heç ayaqyalın gətirərdimi?

“Narkom” oğlu. - “Dərsə getmirdim, axşamacan itimizlə, uşaqlarla  oynayırdım. 3-cü sinifdəydim, ancaq şeir əzbərləmək nədi, heç oxumağı da düz-əməlli bacarmırdım...”

Atası Həsən Zeynalov ali təhsilli pedaqoq idi. Müəllim, məktəb direktoru işləmişdi. Hitler  SSRİ-yə hücum edəndə isə o, Jdanovda (indiki Beyləqanda) raykom katibi vəzifəsində işləsə də, o dövrün vətənpərvərlik havası ilə könüllü olaraq müharibəyə getmiş, əldə silah Mozdoka kimi vuruşmuşdu. Döyüşlərin birində ağır yaralanıb, qospitalda müalicə olunduqdan sonra arxa cəbhəyə göndərilmişdi. Bir müddət müxtəlif işlərdə, sonralar isə “raypo”nun - ticarət idarəsinin müdiri vəzifəsində çalışmışdı. Çətin, ağır dövrlər idi. Artıq Zeynalovlar ailəsində Akifdən başqa daha iki oğlan uşağı da böyüyürdü. Akifin məktəb yaşı çatanda – 1949-cu ildə atası onun üçün ucuz bir materialdan – adi bezdən kostyum tikdirmişdi. Lakin o dövrdə belə geyim hər uşaqda olmazdı. Və o vaxtlar Akif hələ başa düşmürdü ki, nəyə görə ona hər yerdə “narkom oğlu” deyirdilər. Bu ona görə idi ki, rayonun ticarət idarəsinin müdiri olan ciddi görkəmli,  uca boylu, yaraşıqlı atası sovetlərin ilk dövrlərində olan xalq komissarlarına (“narodnı komissar” - “narkom”) daha çox oxşayırdı.

Ancaq bu “narkom oğlunun” işi-peşəsi bütün günü özündən kişik qardaşları Arif və Asiflə birgə həyətlərindəki itlə - çoxdan “dostlaşdığı” Bozdarla, yaşıdları ilə oynamaq idi. Ona görə də vaxt yetişib, 6 yaşı olanda dərsə getmək istəmir,  bütün günü Bozdarla aymalaşır, məhəllənin uşaqları ilə güləşir, top oynayır, özü dediyi kimi “min oyundan çıxırdı”, dərs heç yadına da düşmürdü. İlk dəfə onu məktəbə zor-güc, yalvar-yapışla aparmışdılar. 

- Uşağıydım da, nə veciməydi dərs-zad, “gül kimi” ağ itim vardı, bütün günü oynayırdıq onunla özümüz üçün, - deyə Akif müəllim qayğısız uşaqlığını yada salaraq, zarafatla deyir. -  Bizə əlifba dərsi keçən Narın müəllimə hərfləri mənə güclə öyrədirdi. Oxumaq istəmirdim da, zor deyildi ki. Sonralar birtəhər, “başabəla” 3-cü sinfi bitirsəm də, “hırla-zırı” qanmırdım, uşaq şeirlərini əzbərləmək nədi, heç düz-əməlli oxumağı da bacarmırdım. Çox “tupoy” uşaq idim o vaxt...

Lakin 10 yaşına çatanda həyat onu çox ciddi sınağa çəkərək, “ayıldır”. Belə ki, atasının qürurlu olması, ağayanalığı və rayon camaatı arasında böyük hörmət-nüfuzu ilə seçilməsi, rayonun “ağasını” saymaması o zaman Füzuliyə yeni təyin edilmiş raykom katibini qıcıqlandırdığından onu dolaşdırmaq üçün bəhanə axtarır, ləkə vurmağa çalışır. Lakin Həsən müəllimin işində ciddi bir qüsur tapa bilmədikdə ticarət obyektlərindən birində yoxlama apartdırıb, ona qarşı “kompromat” təşkil edərək, məsələni məhkəmə səviyyəsinə çatdırır. Çox çək-çevirdən sonra “rəqibini” neytrallaşdırmaq, “ağıllandırmaq” üçün onu həbsxanaya saldırtdırır.   

Onda Akif 4-cü sinfə hələ təzəcə getməyə başlamışdı - 1952-ci il idi. Cəmi 10 yaşı olsa da, çox sevdiyi atasının “birdən-birə” evdən yoxa çıxması Akifi bərk sarsıdır. Və bir gün səhər məktəbə gedərkən yol boyu götür-qoy edərək fikirləşir ki, “axı, daha atam evdə yoxdur, deməli, mən – böyük oğul evin kişisiyəm. Oxumalıyam – vəssalam!”

Elə o gündən dərsə müntəzəm gedərək və müəllimlərin öyrətdiklərini  diqqətlə dinləyərək, yaxşı oxumağa çalışır. Özünün dediyi kimi, “beyni açılmışdı”, sanki başına  hərəkətverici, gücləndirici bir şey qoşulmuşdu. Əvvəllər “10-nun üstünə 5 gələ bilməyən” Akif tədricən yaxşı oxumağa, daha çox “5” almağa başlamışdı. Hətta bir dəfə onların sinif  rəhbəri olan Fatma müəllimə Akifə birdən-birə “nə olduğunu” başa düşməyərək, həm də sevinc qarışıq təəccübünü gizlətməyərək, yuxarı siniflərə riyaziyyatdan dərs deyən Əbülfət müəllimi sinfə dəvət etmişdi ki, baxsın, görsün ki, Akif  “nələr eləyir”. Dünənki “savadsız uşağın” nəinki çətin görünən məsələ-misalı həll etməsi, hətta bir məchullu tənliklərdə məchulu asanlıqla tapması Əbülfət müəllimi də sevindirmişdi. Təsadüfi deyildi ki, sonralar o, “şüuru qaydasına düşən”, təzələnən, “ikinci beyni“ açılan Akifi bir-neçə dəfə yuxarı siniflərdəki dərslərinə çağıraraq, ona “yaşından yuxarı” məsələ-misal verərək, cavablarından razı qalmış və onu sinfindəki yaşca böyük uşaqlara nümunə göstərmişdi ki, baxın, bapbalaca uşaqdır (o vaxt Akif boyca yaşıdlarından kiçik idi), sizin misalları həll eləyə bilir, ancaq sizin çoxunuz bacarmırsınız...



Yenə də... ayaqyalın. Şaxtalı bir gündə qarın üstüylə 300 metrlik məktəb yolu getməyə Akifi nə vadar etmişdi?

5-cı sinifdə oxuyurdu. Ailənin vəziyyəti ağır idi. Ata dustaqxanada, ana isə - işsiz. Birtəhər dolanmaq, ac qalmamaq üçün evdə ələ gələn şeylərin çoxunu satmağa məcbur olmuşdular. Günlərin birində isə səhər məktəbə getmək üçün hazırlaşanda görür ki, ayaqqabısı yoxdur -  dərsə getməyə o qədər də həvəsli olmayan ortancıl qardaşı Arif nədənsə həmin gün tezdən duraraq, onun ayaqqabısını geyinərək, “aradan çıxıb”. Akif isə həmin gün necə olursa-olsun, birinci dərs olan riyaziyyat dərsində hökmən olmalıydı, çünki onun fikrincə sinifdə onu çox maraqlı məsələ-misalların həlli gözləyirdi. Onları məhz özü həll etməklə sinif yoldaşlarından fərqlənmək, müəlliminin yanında öyünmək həvəsindəydi. Evdən çölə çıxanda gecədən xeyli qar yağdığını gördü, lakin dərsdə olmaq istəyi o qədər güclü olur ki, qarın üstü ilə 300 metrlik yolu ayaqyalın qaça-qaça özünü təngnəfəs, güclə məktəbə çatdırır.

- Paltom da yox idi, - deyə Akif müəllim o şaxtalı qış gününü yada salır. – Eh, o illərdə kimin vardı ki, mənim də olsun? Nə isə... Əynimdəki nazik pencəkdə, donmuş halda girdim sinfə. İçəridəki odun sobasının istisi canıma yayıldı. Fatma müəllimə gördü ki, ayaqyalınam, qarı basa-basa gəlmişəm, gecikməyimə məhəl qoymayıb, həyəcanlı halda soruşdu ki, “Akif, bu nədi belə, gəl bura, gəl bura”, - deyib tələm-tələsik, ürəyiyananlıqla, qayğıkeşliklə məni sobanın yanına çəkdi. Axı, artıq yaxşı oxuyurdum, ona görə də mənə daha mehriban münasibət göstərirdi, mənə bir ana kimi meyl salmışdı. Sobaya yaxınlaşıb, ayağımı istiyə verdim. İsti vurduqca donmuş pəncəmə, dabanıma sanki iri-iri mismarlar batırılırdı. Ayağımda bir zoqqultu başladı ki, gəl görəsən. Zarafat deyil, o boyda yolu qarın üstü ilə ayaqyalın qaçmışdım, ayaqlarım tamam donmuşdu. O ağrını hərdən sanki indi də hiss  eləyirəm. Bax, oxumaq belə olar ey… yoxsa bəziləri kimi?..

Həmin gün Fatma müəllimə Akifi məktəbdən evə tənəffüs zamanı hardansa tapdığı bir cüt ayaqqabı ilə və “5”-lə yola salmışdı. O gün məktəbə ayaqyalın getməsinə, ayağının donmasına baxmayaraq, Akifin sevincinin həddi-hüdudu yox idi, dərsdə həqiqətən “qiyamət qopartmışdı” - ən çətin məsələ-misalları belə yalnız o həll edərək, “güclü riyaziyyatçı” olduğunu sübut etmiş, özünü də, müəlliməsini də sevindirmişdi.

Respublikada hökm sürən bürokratizm və atası Həsən müəllimin Kremlə qədər “uzanıb gedən” prinsipiallığı, 10 illik ədalət mübarizəsi

Bir il həbsdə qalaraq, 1953-cü ildə - SSRİ-nin çox sərt xarakterli, hamının qorxub-çəkindiyi rəhbəri İ.Stalinin müəmmalı ölümündən sonra bəraət alaraq, doğma evinə qayıdan atasının gəlişinə nəinki ailəsi, eləcə də qonum-qonşular, dostlar da çox sevinmişdilər. Lakin  atası doğma ailəsinə qovuşmağına sevinsə də, çox qayğılı görünürdü, üzü gülmürdü. Bir yaramaz, baş kəsən katibin qərəzliyi ucbatından ömrünün bir ilini nahaq yerə həbsxana divarları arasında keçirməsini, buna görə də ailəsinin yaşayış baxımından ağır, çətin vəziyyətə düşməsini, canından artıq sevdiyi övladlarından ayrı qalmasını o, nə mərdimazar katibə, nə də özünə bağışlaya bilmirdi. Həbsdən azad olunsa da, o vaxtkı Kommunist partiyaları sıralarından xaric edilməsini özünə qarşı təhqir, alçaldılma hesab edərək, bu cür cəzalandırılması ilə barışa bilmirdi. Odur ki, partiya üzvlüyünə bərpası üçün düz 10 il çalışdı, mübarizə apardı. Ancaq Azərbaycanda partiyanın Mərkəzi Komitəsinə dəfələrlə müraciət etsə də, məsələnin həllinə laqeyd yanaşılır, xahişi yerinə yetirilmirdi. Respublikada hökm sürən bürokratizmdən təngə gəlib, “boğaza yığılaraq”, nəhayət, Moskvaya gedib, Mərkəzi Komitənin o vaxtkı ideoloji katibi M.Suslovun qəbuluna düşür və axır ki istəyinə nail olur. Qəribə də olsa, Azərbaycanın azərbaycanlı partiya rəhbərliyinin həll etmək istəmədiyi məsələni Moskvadakı rus rəhbərliyi operativ şəkildə aydınlaşdıraraq, heç bir “əmma”sız yoluna qoyur - Həsən müəllim partiya sıralarına bərpa edilir. Sonralar o, dostlarına demişdi ki, onun prinsipiallığı yalnız partiya sıralarında qalması ilə yox, özünə qarşı edilmiş haqsızlığın aradan qaldırılması, haqqın-ədalətin bərpası ilə, özünün təqsirsiz, ləyaqətli olmasının yüksək rəhbərlik səviyyəsində təsdiqinə nail olmaqla bağlı idi.

Həsən müəllim yalnız 1963-cü ildə - 10 illik mübarizədən, «partiya bəraəti” aldıqdan sonra rahat nəfəs ala bilmişdi.  



S.Vurğunla, V.Hüqo ilə “oturub-duran”, rayonun güclü şahmatçısı olan məktəbli

Akif 5-6-cı siniflərdə sanki əvvəllər oxumaq istəmədiyi, hədər verdiyi üç ilin “hayfını” çıxmaq üçün gecə-gündüz mütaliə etməyə, əlinə keçən kitabları “gözünə təpməyə” başlamışdı. Nə düşdü, oxuyurdu, elə bil onda oxumaq “aclığı” vardı. Dərsdən çıxanda yolunu rayon kitabxanasından salır, xoşuna gələn kitabı götürüb oxuyur, sabahısı günü qaytarırdı. Kitabxana müdiri bir-neçə dəfə ondan şübhələnib, dünən götürdüyü kitabın məzmununu danışmasını istəmişdi. Akifin hər dəfə “bülbül kimi” ötdüyünü görüb, ona növbəti kitabı verməli olurdu. Əlbəttə, kitabı “elə-belə” götürdüyünü, oxumadığını bilsəydi, yəqin ki ona kitab verməyəcəkdi. Beləcə “vunderkindləşən” Akif qısa bir müddətdə nəinki Azərbaycan nağıl və dastanlarını, hətta bir-birinin ardınca M.S.Ordubadinin “Qılınc və qələm”, V.Hüqonun “Səfillər”, Mayn Ridin “Başsız atlı” romanlarını, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, V.Şekspirin “Hamlet” pyeslərini və s. oxumuşdu. Axı, o, indi əlaçı idi və çalışırdı ki, biliyi ilə yaşıdlarından fərqlənsin, üstün olsun.

Bir dəfə isə o, kitabxanaya gedərkən fikir verir ki, özündən bir-iki yaş kiçik olan bir uşaq da hər gün kitabxanaya gəlir, kitab götürüb, o da sabahısı gün qaytarıb, yenisini alır. Maraq Akifə güc gəldiyindən yaxınlaşıb, onunla tanış olur. Təəccüblənir ki, həmin uşaq da özünün oxuduğu B.Sərdarov adına məktəbdə oxuyurmuş, ancaq o vaxta kimi məktəbdə bir-birini nədənsə tanımayıb, burda - kitabxanada tanış olublar. Aydın olur ki, o uşaq rayonun kənd məktəbindən şəhər məktəbinə təzəlikcə keçibmiş. Sən demə, həmin oğlan o zamanlar Akifin atasının direktor olduğu məktəbdə cöğrafiya dərsi deyən müəllimin - sonralar özünün maraqlı əsərləri ilə oxucuların, tamaşaçıların qəlbinə yol taparaq, onların sevimlisinə çevrilmiş görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin bacısı oğlu imiş – indi hamının yaxşı tanıdığı... şair Çingiz Əlioğlu.  Onun anası Məhluqə müəllimə əvvəllər rayon mərkəzindən 3 km. aralı olan kənd məktəbində işlədiyindən Çingizi də özünün dərs dediyi məktəbə aparıb-gətirirmiş. Məhluqə müəllimə iş yerini şəhər məktəbinə dəyişdiyindən, Çingiz də həmin məktəbdə dərsə davam etməli olur. Təzə tanışının özündən iki yaş kiçik olduğunu, aşağı - 5-ci sinifdə oxuduğunu bilsə də, Akif həmin gündən onunla dostluq etməyə başlayır (bu barədə danışan bugünkü Akif müəllim birdən söhbətinə ara verib, özünəməxsus zarafatla deyir: “heç adam da adamla 60 il dost olar?”). O gündən etibarən kitabxanaya da bir yerdə gedib-gəlirdilər. Bir vaxtlar özü də oxumaq istəməsə də, artlq “savadsız” uşaqlardan xoşu gəlməyən Akifin (yenə də zarafatla “özüm daha savadlı uşaq idim axı” deyir) özü kimi əlaçı olan Çingizlə dostluğu ürəyincə idi.

...Artıq 8-ci sinifdə idi. Ailənin böyük oğlu kimi, həm də yaxşı oxuduğu, bütün fənlər üzrə əlaçı olduğu üçün valideynləri Akifin geyim-geciminə də xüsusi fikir verirdi (“hələ qəşəng ayaqqabım da var idi”, - deyə ayaqyalın dərsə getdiyi vaxta işarə edir. O zaman artıq atası da, anası da işləyirdi, dolanışıqları pis deyildi). Akifin həm dərs əlaçısı olması, həm də səliqəli, şıq geyimi ilə seçilməsi bəzi uşaqlarda istər-istəməz qıcıq yaradırdı.

O vaxtlar nəinki Füzulidə, hətta bütün respublikada məşhurlaşmaqda olan ustad xanəndə Ağabala Abdullayevin bir oğlu – Rövşən Akiflə eyni sinifdə oxuyurdu. Rövşən bir gün paxıllğını büruzə verərək deyir ki, nə olsun ki yaxşı oxuyursan, şahmatı ki bilmirsən. Akif isə tövrünü pozmadan qayıdır ki, “hə, doğrudan da bilmirəm. Nə olsun ki? Bilirsənsə, məni də öyrət da”. Rövşən razılıq verir və ertəsi gün dərsdən sonra şahmat taxtasını götürüb Akifgilə gəlir. Fiqurların adlarını deyir, onların düzülüşünü, gedişləri izah edir və başlayırlar oynamağa. Və necə olursa, gözlənilmədiyi halda Akif  öz “məşqçisinə” qalib gəlir. Rövşən əsəbiləşir, yenə oynamağı təklif edir. Lakin sonrakı oyunlarda da uduzduğundan, hirslənərək, şahmat taxtasını da qoltuğuna vurub gedir. Ancaq sonralar asudə vaxtlarında yenə də tez-tez şahmat rəqibləri kimi görüşməli olurlar. Və artıq iki ildən sonra - 10-cu sinifdə oxuyanda Akif yeniyetmələr və gənclər arasında birinci dərəcəli şahmatçı idi. Füzuli rayonunda yaşıdları arasında ona qalib gələn yox idi. 



Qrossmeyster T.Zatulovskayanı çətinə salıb, onunla oyunu
“heç-heçə”yə razılaşan tələbə

Həmin “tarixi görüşü” Akif müəllim belə xatırlıayır:

- 1959-cu ildə orta məktəbi əla qiymətlərlə bitirib, o vaxtlar AZİ adı ilə məşhur olan Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna təzəcə qəbul olunmuşdum. İnstitut gözətçisindən, hələ süpürgəçisindən də qorxan vaxtlarımız idi. Dərslər yenicə başlamışdı, sentyabrın 10-u olardı. İnstitutun girəcəyində azərbaycanca və rusca və azılmış bir elan diqqətimi cəlb elədi. Yazılmışdı ki, sentyabrın 18-də o vaxt şahmat üzrə SSRİ idman ustası, sonralar qrossmeyster olan Tatyana Zatulovskaya seans keçirəcək (sonradan bilmişdim ki, o, bakılıdır və bizim institutu bir-neçə il əvvəl bitiribmiş, bir il əvvəl isə Azərbaycan çempionu olubmuş). Qeyd olunmuşdu ki, seansda yalnız dərəcəsi olan şahmatçılar iştirak edə bilərlər. Mənim isə dərəcəm vardı, ancaq şahmatı az-çox bilsəm də, seansın nə olduğunu bilmirdim. Oynamaq üçün siyahıya yazılanda bildim ki, seans o deməkdir ki, Zatulovskaya bizimlə - 20 nəfər şahmatçı tələbə ilə eyni vaxtda oynayacaqdı. Ağlarla o, qaralarla biz oynamalıydıq.  

İnstitut rəhbərliyinin, müəllim və tələbələrin də böyük maraq göstərdiyi yarışa T.Zatulovskayanın gəlişi alqışlarla qarşılandı. Tədbirdə rəhbərliyin qısa çıxışından sonra o, bizi – tələbə rəqiblərini səmimiyyətlə, təbəssümlə salamlayıb, hər birimizin taxtasında sürətlə e2 - e4 gedişi edib, oyuna start verdi. Mən orta cərgədə oturmuşdum. Zalımın qızı çox sürətlə oynayırdı. Özü də deyəsən, hamını udacağəna əmin idi. Heç kəsin yanında üç saniyə belə ləngimirdi. 7-ci gedişdən sonra mənim oynadığım taxtanın arxasında ani olaraq duruxub dayandı, mənə diqqətlə baxıb, oyunu davam etdirdi. 12-ci gedişdə hiss etdim ki, mənim oyunum “xoşuna gəlmədi”, bir anlığa mənim fiqurlarıma diqqətlə nəzər yetirib, sərt hərəkətlə növbəti gedişini etdi. İş elə gətirdi ki, artıq 14-cü gedişdə onun “şah”ını divara qısnamışdım. Ancaq qalib gələcəyimə qətiyyən ümidim yox idi. Bu yandan da tələbə yoldaşlarımın əksəriyyəti artıq uduzmuşdu. Hamının diqqəti mənə yönəlmişdi. Gözləmədiyim halda “o boyda” şahmatçı birdən mənə heç-heçə təklif etdi. “Ağzım nə idi ki” razılaşmayım. Razılaşdım və məşhur şahmatçı mənim əlimi sıxıb, təbrik etdi. Baxmayaraq ki, gücüm yalnız heç-heçəyə çatmışdı, həmin anlarda rektorumuzun, müəllimlərimizin və tələbə yoldaşlarımın üzündə böyük bir sevinc, qürur hissi vardı. O gündən tələbələr arasında güclü bir şahmatçı kimi tanındım. Zarafat deyildi – T.Zatuloskaya kimi məşhur şahmatçı ilə, gələcəyin SSRİ çempionu, qrossmeysteri ilə “kəllə-kəlləyə” gəlmişdim. Onda hələ heç 17 yaşım da yox idi. O gündən sonra institutda məni barmaq ilə göstərib, qürrələnərək deyirdilər: “Zatulovskayanı udan oğlan odur”. (Halbuki udmamışdım, “sadəcə” heç-heçə oynamışdıq). Beləcə, bir günün içində “məşhurlaşmışdım”. 

“Ə, sən nətəri adamsan?... – rektor hirsini saxlaya bilmədi.- Camaat minnətçi salır, sən isə...”

İnstitutda oxuyarkən Akif çox keçmədən orda da əlaçı oldu (ikinci kursdan başlayaraq şəkli fakültənin “Şərəf lövhəsi”nə vurulmuşdu). Lakin o dövrdə ailə vəziyyətləri o qədər də yaxşı deyildi. Anası artıq işləmirdi, atasının maaşı isə ailəni dolandırmağa güclə yetirdi, cəmi 35 manat tələbə təqaüdü alan Akifə daha pul göndərə bilmir, ona köməklikləri çatmırdı. Odur ki, o, məcbur olub, vəziyyətdən çıxış yolu tapmaq, ailəsinə ağırlıq verməmək üçün (başa düşürdü ki, evlərində özündən başqa iki məktəbli qardaşı da vardı) zəif oxuyan tələbələrin çertyojlarını işləyib, onların kurs işlərini hazırlayaraq, özü-özünü dolandırmağa  çalışırdı. Hətta vaxtilə rayonda şahmat birinciliyi zamanı ona yarışın qalibi kimi bağışlanılmış fotoaparatıyla şəkillər çəkirək, pis-yaxşı “başını girləyirdi”.  

Dördüncü kursun sonlarında isə iki aylıq diplom praktikasını Sumqayıt Superfosfat zavodunda keçən Akif orda çilingər kimi işə götürülmüşdü və ayda 80-90 manat maaş da alırdı. Qısa müddətdə bacarığı, istedadı və işgüzarlığı, həm də səmimiliyi, istiqanlılığı ilə çalışdığı sex kollektivinin hörmətini qazana bilmişdi. Odur ki, yay tətilinə də getmək istəməyib, zavodda qalıb işləmək üçün sex rəisinə müraciət etdikdə, o, sabahın gənc mühəndis-mexanikinin xahişinə məmnuniyyətlə razılıq vermişdi. Üç ayda Akif həm ailəsinə maddi dayaq ola bilmiş, həm də zavodun istehsalat həyatında fəallıqla, bacarıqla iştirak etmişdi.



...Dünya şöhrətli akademik Azad Mizəcanzadənin də onlara dərs dediyi məşhur institutu – AZİ-ni bitirəndə diplom müdafiəsi zamanı nə müəllimləri, nə də tələbə yoldaşları zərrəcə də şübhə etmirdilər ki, Akif sabahın mühəndis-mexaniki kimi bu son sınaqdan da uğurla çıxacaq. Çoxlarının düşündüyü kimi, “əla” onun “alnına yazılmışdı”. Və elə də olmuşdu. İmtahan komissiyasının bütün üzvləri onun diplom işini yüksək dəyərləndirmişdilər.

Onlara ali təhsil haqqında diplomların və işləmək üçün təyinatların verilməsi ilə bağlı institutun akt zalında təntənəli mərasim təşkil edilmişdi. Bir-neçə qrupdan olan 100-ə qədər məzuna diplomla yanaşı təyinat verərkən o zaman ciddiyyətinə, institutda sərt qayda-qanun, nizam-intizam yaratmasna görə adla tanınan rektor, görkəmli alim, akademik İsmayıl İbrahimov ilk olaraq yaxşı oxuyan, diplom müdafiəsində fərqlənmiş 5 nəfərin adını fəxrlə çəkərək bildirir ki, bu məzunlar elmi-tədqiqat işləri aparmaq məqsədilə institutun müvafiq kafedralarında saxlanılacaqlar. Onlardan biri də Akif olur. Ancaq 100 nəfərin içindən seçilən 5 nəfərdən biri olduğuna görə sevinmək, qürurlanmaq əvəzinə o (özü zarafatla deyir ki, “mən Hətəm oğlu Hətəm”), gözlənilmədən  ayağa qalxıb deyir ki,  477-ci qrupdan Akif Zeynalov mənəm, ancaq mən istəmirəm institutda qalım (yəni ki - “beş il oxumuşam, bəsimdir”). Rektor onun bu “bəyanatına” təəccüb edərək, bir ata kimi ərklə qayıdır ki, “ə, sən nətəri adamsan? Camaat bizə minnətçi salır ki, onalrı institutda saxlayaq, sən isə istəmirsən. Bu nə deməkdir? Biz səni gələcəyin alimi kimi görərək, elmi işlə məşğul olmaqğın üçün kafedrada saxlamaq istəyirik, sən isə boyun qaçırırsan”. Rektorun təkidinə baxmayaraq, Akif inad edərək, ailə vəziyyətlərinə görə istehsalatda işləmək istədiyini bildirir. Belə olduqda rektor hirslənərək, qayıdır ki, “istəmirsən, istəmə. Elə bilirsən, istəyən olmayacaq?”. Və dərhal üzünü zala tutub soruşur: ”Kim institutda qalıb elmi iş işləmək istəyir?” Demək olar ki, hamı əlini qaldırır, çünki çoxları rayon uşaqları idilər, Bakıda qalmaq istəyirdilər. İnstitut rəhbəri üzünü Akifə tutdu ki, bəlkə o, “daşı ətəyindən töksün”:

 - Gördün, səndən başqa hamı institutda qalmaq istəyir?. Onlar sənin kimi ağılsızlıq eləmirlər...

Rektor məzun tələbəsini “sancmaq” üçün qəsdən belə deyirdi. Özü də yaxşı bilirdi ki, Akif “ağılsız” deyildi, AZİ-nin barmaqla sayılan əlaçı tələbələrindən idi. Akifin dinmədiyini, “ətəyindən daş tökən” oğul olmadığını görüb, əlini təxmini olaraq orta cərgədə oturanlardan birinə uzatdı ki, “dur ayağa”. O isə kim olsaydı yaxşıydı – Akifgilin qrupunun ən zəif oxuyan tələbəsiı Adil. Ondan da zəif oxuyan yalnız bir tələbə vardı.   

Ancaq... ”Akifin hesabına” institutda qalan, qrup yoldaşlarına nisbətən o qədər də bilikli olmadığını özü də yaxşı bilən həmin zəif tələbə artıq 3-4 ildən sonra elmlər namizədi, 15 ildən sonra isə elmlər doktoru oldu.  Ondan da zəif oxuyan digər məzun isə çox illər sonra zavod direktoru vəzifəsinə kimi yüksəlmişdi.



Cəmi 7 ildə “sıravi” mühəndislikdən böyük bir Kimya İstehsalat Birliyinin
Baş mexaniki vəzifəsinə qədər uzanan yüksəliş yolu

İnstitutda qalmaq istəməməsi Akifə baha başa gəldi, onun təyinat məsələsi “daşa dirəndi”. Belə ki, kafedrada qalmaq  təklifindən imtina etməsinə baxmayaraq, onu bir-neçə gün yenə də dilə tutmağa çalışırdılar ki, institutda qalıb işləsın. Razılaşmadığı üçün onun təyinat məsələsi qəsdən get-gələ salınırdı ki, bəlkə “ağlı başına gəldi”.  O isə istəmirdi ki, “ağlı başına gəlsin” və elmi işçi olub, laboratoriya divarları arasında qalsın. Sərbəstlik və ailəsinə kömək etmək istəyirdi. Odur ki, bir gün diplomunu da götürərək, gənc mütəxəssis kimi o zaman “Çornı qorod”da yerləşən Kimya Birliyinə gedir. İstehsalatda işləmək, ailəsini dolandırmaq istədiyini bildirir. Birliyin rəhbəri gənc, istedadlı məzunu diqqətlə dinləyərək, işləmək üçün onu yeni tikilməkdə olan perspektivli Sumqayıt Kimya kombinatına - əslində hələ mövcud olmayan müəssisəyə göndərir. Onu növbə mexaniki vəzifəsinə götürürlər. Zavod hələ təzə tikilirdi, sex-filan yox idi. Sadəcə, boş sahələri bölüb, üstündə yazmışdılar ki, bura etilen sexidir, ora - polietilen sexi, qliserin sexi və s. Yəni ki, hələ zavod adında bir şey yox idi, yalnız kiçik bir qurğu işləyirdi, bir də ikimərtəbəli bir inzibati bina vardı, vəssalam...

1965-ci ilin fevralından etibarən 110 manat maaşla işə başlayan Akif Zeynalova üç ay sonra - elə həmin il mayın 9-da gənc mütəxəssis  kimi bir otaqlı mənzil verildi. İllər ötdü, uzanıb gedən boş bir düzənlikdə onun da bilavasitə iştirakı ilə böyük bir müəsisə yaradıldı – o vaxt ölkə üçün mühüm kimyəvi məhsullar istehsal edən böyük bir Kimya kombinatı.

İlk illərdə yeni müəssisənin etilen sexində növbə mexaniki işləyən Akif sonralar böyük mexanik, sexin mexaniki vəzifələrində çalışaraq, öz istedadı, bacarığı, təşkilatçılığı ilə kollektivdə hörmət-nüfuz qazandı. Təsadüfi deyildi ki, 1971-ci ildə - 29 yaşında, hələ çox gənc ikən o, bir-neçə müəssisəni birləşdirən “Kimyasənaye” İstehsalat Birliyinə baş mexanik müavini təyin edilmişdi. Həmin vəzifədə də yüksək peşəkarlıq və təşəbbüskarlıq, daha çox əzmkarlıq göstərdiyinə görə bir il sonra - 30 yaşında artıq Birliyin bütün texniki-texnoloji avadanlığına, “dəmir-dümürünə” başı ilə cavabdeh olan Baş mexanik postuna irəli çəkilmişdi.

“Mən marşal Jukovam, sən də Stalinsən ki, məni təyyarədə olanda işdən çıxartmısan?”

Gecə-gündüz, fasiləsiz texnologiya üzrə işləyən kimya istehsalatında o vaxtlar bəzən vəziyyət elə gətirirdi ki, səhər işə gələn sex və istehsalat rəhbərlərinin çox vaxt yaranmış müəyyən texniki və ya texnoloji problem və ya qəza ilə bağlı evə qayıtmaq imkanları olmurdu, gecəni də zavodda qalıb, işləmək lazım gəlirdi. Akifin belə yuxusuz, gərgin günlərinin birində müəssisəyə cəmi iki ay əvvəl təyin olunmuş yeni baş direktor günorta naharı vaxtı ona bildirir ki, “Akif, sabah səhər saat 9-da Moskvada – nazirlikdə müşavirə olacaq, sən də təcili “uçub”, orda olmalısan”. Baş mexanik tədbirin keçirilməsinə bir sutkadan da az bir vaxt qaldığı üçün özünün səhər saat 9-da müşavirəyə çatmasının real olmadığını dedikdə, direktor bildirir ki, narahat olma, sənin üçün “bron” yer saxlanılıb.

Strateji sahələrdən biri sayılan neft-kimya sənayesində də o vaxtlar vəziyyət hərbi sahələrdə olduğu kimi idi – rəhbərliyin əmri, göstərişi müzakirə olunmadan yerinə yetirilməli idi. Axşam reysi ilə Moskvaya uçan baş mexanik artıq səhər tezdən SSRİ Kimya Sənayesi Nazirliyində keçirilən müşavirədə iştirak edirdi. Akif günortaya kimi davam edən müşavirədən sonra bir qədər istirahət edib, şəhəri gəzməyə çıxır. Sabahısı şənbə günü - istirahət günü olduğundan görməli yerlərini, muzeyləri gəzərək və evdəkiləri sevindirmək üçün bir saatlığına Mərkəzi univermağa baş çəkərək, bazar günü təyyarə reysi ilə geri qayıdır.

Birinci gün səhər tezdən işə gələrkən (adəti üzrə işə hamıdan tez gəlirdi) kabinetin qapısının açarla açılmadığını görüb, təəccüblənir. Baxır ki, qapının qıfılı dəyişdirilib. Şöbə rəislərindən birindən soruşanda ki, bu nə məsələdir, deyir ki, bəs sən Mockvaya gedən gün yerinə başqası təyin olunub, qıfılı da o dəyişdirib.

- Adam dəli olar da. Cavan oğlan olasan, hirs vurmasın başına? – deyə Akif müəllim həmin günü xatırlayır. - Baş direktorun yanında saat 9-da selektor müşavirəsi başlamalıydı. Cumdum onun kabinetinə. Rus katibə məni içəri buraxmaq istəmədi ki, olmaz, selektor müşavirəsi başlayıb. Hirslə qapını açıb girdim içəri. Yanında oturmuş baş mühəndis A.Sverdlova və müəssisənin partiya komitəsinin katibi Təbiət Cəfərova məhəl qoymayıb başladım – “nə yemisən, turşulu aş!”. Döşədim cəmdəyinə. Kəskin acılayıb (yəqin ki, indiki ağlım olsaydı, etməzdim), soruşdum ki, sən Stalinsən, yoxsa mən sənin üçün marşal Jukovam ki, məni Moskvaya göndərib, qorxundan məni təyyarədə olanda vəzifədən çıxardırsan? Dedim ki, adam kişi olar. Belə bir fikrin varıydısa, bunu mən burda olanda eləyəydin da, arxadan vurmazlar adamı. O da hirslə ayağa qalxaraq, qışqırdı ki, bu nə hərəkətdir, kimlə danışdığını bilirsən? Yanındakılar məni sakitləşdirməyə çalışsalar da, sözümü ona deməkdə davam etdim, sonra da qapını hirslə çırpıb, çıxdım. Sadəcə, işimdə heç bir nöqsan, hansısa bir səbəb olmadan, mənimlə qabaqcadan heç bir söhbət aparmadan neçə il idi ki çalışdığım işdən azad etməsini, bu namərd hərəkətini ona bağışlaya bilmirdim. Əgər işdə nöqsanım vardısa, daha məni Moskvaya, nazirliyin ümumittifaq müşavirəsinə niyə göndərirdi? Elə göndərməmişdən çıxardaydı da...Deməli, nə isə başqa məsələ, qərəzçilik var imiş..

Direktor onu Birliyin tərkibində olan bir zavoda başqa bir işə keçirtsə də, Akif onunla ümumiyyətlə işləmək istəməyərək, bir-neçə günlük götür-qoydan sonra şəhər Partiya komitəsinin 1-ci katibinin qəbuluna gedərək, məsələni ona danışır və özünə başqa bir iş verilməsini xahiş edir. 1974-cü ilin oktyabr ayında o, Sumqayıtın Təmir-tikinti İdarələrindən birinə rəis təyin edilir. Ancaq 5 minə yaxın işçisi, onlarla sexi, istehsalat sahələri olan, qaynar istehsalat həyatı coşub-daşan nəhəng kimya müəssisəi ilə müqayisədə kollektivi cəmi 200 nəfərdən ibarət olan İdarədəki iş elə ilk gündən Akifə maraqsız, darıxdırıcı görünür.

- Zavodda iş başımdan aşırdı, bəzən lap gecə saat 10-11-ə kimi işləyirdik və işimizdən həqiqətən zövq alırdıq. O vaxtlar belə idi – iş həyatımızın mənası idi. Təzə iş yerimdə işə iş vaxtı qurtaran kimi hamı dağılışıb gedirdi, qalırdım tək. Neçə illər zavodun gərgin iş rejiminə, hər tərəfdə gur-gur guruldayan istehsalatlara öyrəşdiyimdən, təzə iş yerində axşam saat 6-dan sonra ətrafa sakitlik çökməsinə, bir ins-cinsin qalmamasına alışa bilmirdim.  Zavodda iş fasiləsiz, çoxnövbəli, orda isə bir növbəli idi. Düşünürdüm ki, belə də iş olar? 

(ardı var)

 Rəhman Orxan

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI