1959-cu ildə Bakıda Televiziya və Radio Komitəsinin nəzdindəki radioda ərəb şöbəsinin diktoru Sinan Səid adlı bir türk işləyirdi. O, İraqın Kərkük elindən gəlmişdi. Ərəb və türk dillərini mükəmməl bilirdi. Onun həzin və məlahətli səsi var idi.
Xalq artisti Sara xanım Qədimova keçən əsrin 50-70-ci illərində sənətinin və şöhrətinin zirvəsində idi. Onun konsertlərinə biletlər 5-10 gün əvvəl satılıb qurtarırdı. Sara xanımın konsertlərinə düşmək üçün Azərbaycanın rayonlarından insanlar Bakıya axışırdılar. Həmin illərdə Sara xanımın xarici ölkələrə qastrolları başlanmışdı. Qadın müğənnilər arasında ən çox xarici ölkələrə qastrollara gedən və xarici ölkə xalqlarının mahnılarını ən çox ifa edən Sara xanım idi. O, 22 xarici ölkədə Azərbaycan musiqisini təbliğ etmişdi.
1960-cı ildə Misir Ərəb Respublikasında qastrolda olarkən məşhur ərəb bəstəkarı və müğənnisi Fərid əl-Atraş Sara Q’dimovaya öz mahnısını - ərəb tanqosu olan “Xəyalımın nuru” nəğməsini öyrətmişdi. Qahirədə verdiyi konsertlərdə ərəb tamaşaçıları Sara xanıma bu mahnını 2-3 dəfə oxutdurmuşdular. Onun ifasında “Xəyalımın nuru” mahnısı 1960-cı ildə Qahirədə ilin ən yaxşı mahnısı elan olunmuşdu.
Bakıya qayıtdıqdan sonra Sara xanım bu mahnını televiziyada və konsert salonlarında oxumağa başladı. Bakılıların bu mahnını necə sevə-sevə dinlədiklərini indi də xatırlayıram. Sinan Səid Sara xanımın ifasında bu mahnıya məftun olmuşdu.
Bir gün Sinan Səid Sara xanıma yaxınlaşıb xahiş edir ki, birlikdə duet oxusunlar. Sara xanım o günləri xatırlayaraq deyirdi:
- Həmişəki kimi televiziyada çıxış edib evə qayıdarkən, bir nəfər yaraşıqlı oğlan mənə yaxınlaşıb salam verdi və ləhcəsindən hiss etdim ki, xarici ölkələrdən hansınınsa vətəndaşıdır, amma azərbaycanlıya çox oxşayırdı. O, özünü təqdim etdi: “Mən ərəb radiosunun doktoruyam, adım Sinan Səiddir. İraqın Kərkük mahalından gəlmişəm, Azərbaycan radiosunda işləyirəm. Sizin ifanızda “Xəyalımın nuru” ərəb mahnısı mənim çox xoşuma gəlir. İstəyirəm ki, Sizinlə birlikdə bir ərəb mahnısını duet şəklində oxuyaq”.
Mən Sinan Səidi evə dəvət etdim. O vaxtlar mən İnşaatçılar prospektində yaşayırdım. Sinan bir neçə dəfə bizə gəlib, “Tıhüllə” ərəb mahnısını mənə öyrətdi. Mahnı çox çətin idi, ifa etmək üçün çoxlu boğaz xırdalıqları tələb olunurdu. Bir neçə məşqdən sonra Sinanla birlikdə bu mahnını Əhsən Dadaşovun ansamblının müşayiəti ilə lentə yazdırdıq və dəfələrlə birlikdə televiziyada ifa etdik. Çox möhtəşəm bir ifa alındı.
Sinan Səid danışırdı ki, o vaxtlar Televiziya və Radio Komitəsinin əvvəlcə sədr müavini, sonralar isə sədri olmuş şair Ənvər Əlibəylinin arzusunu nəzərə alaraq, radio xorunun solisti Nərminə Məmmədova ilə birlikdə bir neçə Kərkük mahnısı lentə alınmışdı.
Nərminə Məmmədovanın və Sinan Səidin kiçük diapazonlu səsləri var idi. Onların hər ikisi radioda işləyirdilər. İfaları da yaxşı alınmışdı.
Sara Qədimovanın və Sian Səidin ifasında “Tıhüllə” mahnısı indi də həm İraq, həm də Azərbaycan radiosunda tez-tez səslənir. Bu mahnı gözəl və qiymətli ifa kimi radionun qızıl fondunda qorunub saxlanılır.
Çingiz Fərəcov,
Sara xanım Qədimova irsinin tədqiqatçısı