Modern.az

Mənsum İbrahimov: “Adını dəyişən insanları qınamıram” - MÜSAHİBƏ

Mənsum İbrahimov: “Adını dəyişən insanları qınamıram” - MÜSAHİBƏ

20 May 2016, 14:32

Adlar insan həyatında mühüm rol oynayır, xarakterin formalaşmasına, cəmiyyətdə özünə yer qazanmağa müəyyən təsir göstərir. İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir, onun haqqında müəyyən təəssürat formalaşdırır. Bəzən görürsən ki, adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır: ad sanballıdır, onu daşıyan şəxs isə bu ada layiq deyil. Ya da əksinə, o qədər populyar olmayan ada onun daşıyan şəxsiyyət öz davranışları ilə hörmət gətirə bilir. Bunları nəzərə alaraq, “adını söylə, deyim kimsən” ifadəsi nahaq yerə səsləndirlmir.

Modern.az saytı adlarla bağlı “Adını söylə, deyim kimsən” rubrikasına davam edir. Növbəti müsahibimiz xalq artisti, məşhur xanəndə Mənsum İbrahimovdur.

- Mənsum müəllim, adınızı sizə kim qoyub?

- Bu ad babamın adıdır. Atam atasının adını mənə qoyub. Hətta, deyim ki, babamın da çox gözəl səsi olub.

- Amma, babanız Mənsum kişi muğam ifaçısı olmayıb?

- Xeyr olmayıb. Köhnə kişilər sənətə, musiqiyə başqa cür baxırdılar. Təbii ki, babam da musiqiçi olmayıb. Şər qarışan vaxtı babam muğam oxuyanda səsi kəndin bu başından o başına kimi yayılırmış. Amma heç vaxt professional səhnəyə çıxmaq, tanınmaq, xalqın artisti olmaq kimi istəkləri olmayıb.

- Babanızın adını bir daha yaşatmaq istərdinizmi? Gələcəkdə nəvələrinizdən birinin Məsum adını daşıması ürəyinizdən keçirmi?

- Bunu zaman göstərər. Düzü, konkret nəsə deyə bilmərəm. Hər halda, ideya kimi irəli sürülə bilər.

- Babanızın adını daşıyırsınız. Maraqlıdır, adların insan həyatında xüsusi özəllik daşıdığını düşünürsünüzmü? Yəni, adların düşər-düşməzliyinə inanırsınızmı?

- Əlbəttə, inanmıram. Hesab edirəm ki, insan adı ucaldır, ad insanı ucaltmır. Məsələn, o qədər Koroğlu adını daşıyanlar var ki! Amma əsl Koroğlu tarixdə bir dənə olub. Elə adlar var ki, heç sevilmir. Elə insan dünyaya gəlir ki, həmin adı zirvəyə qaldırır. Ya idmançı, ya musiqiçi, ya da hansısa sahədə qəhrəman olur.  Həmin adı məşhurlaşdırır. İnsan öz əməlləri ilə adı yaşadır, ucaldır.

- Valideyninin qoyduğu addan müəyyən müddətdən sonra imtina edənlər olur. Nə vaxtsa belə bir hal ürəyinizdən keçibmi?

- Əslində adını dəyişən insanları qınamıram. Elə adlar var ki, insan onu dəyişməlidir. Bəzən övladlarına məişət adları qoyurlar. O baxımdan ad dəyişməyə normal yanaşıram. Valideyn övladına ad qoymadan öncə,  düşünməlidir ki, sabah övladı həmin ada görə utanmasın. Yoxsa, insan adını niyə dəyişsin ki! Özümə gəlincə, heç vaxt ad dəyişmək fikrində olmamışam. Mənsum adı mənim üçün müqəddəsdir. Çünki babamın adıdır.

- Adınızın mənası məsumluq ifadə edir. Hətta, zahiri görünüşünüzdə belə məsumluq var.

- Dəfələrlə adımla zahiri görünüşümün əlaqəli olduğunu deyiblər. Görünür, bu da bir qismətdir. Adı yaşadan məşhurlaşdıran insandır, onun əməlidir, yaşayış tərzidir, şəxsiyyətidir.

- Azərbaycan səhnəsində Mənsum İbrahimov deyiləndə siz yada düşürsünüz. Bu adın Azərbaycan musiqi tarixində qalmasına nə dərəcədə inanırsınız?

- Özüm haqqında nəsə demək düz olmaz. Onu zaman göstərəcək. Hər halda, fikirləşirəm ki, ömrümü boş keçirməmişəm. Bütün ömrümü Azərbaycan muğamının təbliğinə, tədrisinə həsr etmişəm. Hesab edirəm ki, orta  da olsa, Azərbaycan musiqi tarixində adımız qalar.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI