Modern.az

Nazir: “Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb”

Nazir: “Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb”

9 İyun 2016, 15:37

“Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

Nazir deyib ki, turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab olunur.

Əbülfəs Qarayeüv son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşadığını vurğulayıb:

"Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir.

Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir".

Mədəniyyət və turizm naziri turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib.

O, vurğulayıb ki, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI