Modern.az

Leninqradın azərbaycanlı deputatı: “Biz bir-birimizə sahib çıxmalıyıq” - MÜSAHİBƏ

Leninqradın azərbaycanlı deputatı: “Biz bir-birimizə sahib çıxmalıyıq” - MÜSAHİBƏ

14 İyun 2016, 14:58

Dünya Azərbaycanlılarıının Bakıda keçirilən IV qurultayının iştirakçısı, Sankt-Peterburqakı Azərbaycan diasporunun fəal üzvü Səyyad Əliyev Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə martın 27-də Cəlilabadın Zopun kəndində anadan olub.

Orta məktəbi bitirib və o zamankı Leninqrad şəhərinə gedib. Bundan sonrakı həyatı bu şəhərlə bağlı olub.

S.M.Kirov Leninqrad Meşə Texniki Akademiyasını (1994) və Dövlət İdarəçilik Akademiyasını (2008) bitirib. 1999-2005-ci illərdə iş adamı kimi özəl sektorda çalışıb. 2005-ci ildə Sankt-Peterburq şəhərinin Dubrovskoye rayon Deputatlar Sovetinin sədri və bələdiyyə başçısı seçilib.

2011-ci ildən V çağırış Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı, “Vahid Rusiya” Fraksiyasının üzvüdür. Büdcə daimi komitəsində çalışır.

O, həm də Leninqrad Vilayəti Hökumətində Su Təsərrüfatı Xidmətinə rəhbərlik edir.

Modern.az saytı Səyyad Əliyevlə müsahibəni təqdim edir. 

- Səyyad müəllim, Dünya Azərbaycanlılarının sonuncu qurultayında Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildiniz.  Xaricdə yaşayan bir azərbaycanlı kimi bunu necə qarşıladınız?

- Bunu Prezidentimizin mənə olan inamı kimi qiymətləndirirəm. Bundan sonra da bir azərbaycanlı kimi ökəmizin maraqlarını layiqincə təmsil etməyə  çalışacam. Çünki cənab Prezidentin bu təltifi üzərimə daha böyük məsuliyyət qoydu. Bu inamı, etimadı doğrultmağı özümə borc bilirəm. Onu da qeyd etməliyəm ki, bunu yalnız mən deyil, bütün qurultay iştirakçıları qəbul edir.

- Qurultay barədə ümumən təssüratlarınızı bilmək istərdik...

- Dünya Azərbaycanlılarının ilk qurulltayı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin təməlini qoyduğu bütün işlər kimi, dünya azərbaycanlılarının toparlanması, güc mərkəzinə çevirilməsi də cənab Prezidentimiz tərəfindən prioritet məsələ kimi qarşıya qoyulub. Yaxşı yadımdadır, ulu öndər ilk dəfə bizi bir yerə toplayanda demişdi:
“Biri-birinizə kömək edin, biri-birinizə dəstək olun! Biri-birinizin ayağını tapadalamayın!”.
Hesab edirəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı bu ifadələri özünə həyat kredosu kimi qəbul etməlidir. Bəli, doğrudan da biz biri-birimizə sahib çıxmalıyıq.

- İlham Əliyev  dövlət başçısı seçildiyi ilk gündən bəyan etdi ki, o, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Prezidenti olacaq.  Bunu siz xaricdə yaşayan bir azərbaycanlı kimi necə hiss edirsiniz?

- Hesab edirəm ki, ümummilli lider Heydər Əliyev siyasəti, cənab Prezident İlham Əliyev qətiyyəti bütün dünyada öz sözünü deyir. İndi biz ayrı-ayrı ölkələrdə pərakəndə halda yaşayan, bazar insanı kimi tanınan bir toplum deyilik, hər bir ölkədə öz sözümüzü deyirik. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlara Heydər Əliyev siyasətinin nəticəsində nail olunub. Bəli, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevi özünə arxa, kömək bilir. Demək ki, İlham Əliyevin “harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Prezidenti olacam” fikirləri artıq gerçəklikdir.

- Siz bu gün Rusiyanın ən böyük vilayətlərindən birində yüksək post tutan azərbaycanalılardansınız. Azərbaycan-Rusiya münasibətləri ilə bağlı fikirləriniz bizim üçün çox maraqlıdır...

- Hər şeydən əvvəl qonşuluq münasibətləri var. Bu qonşuluğu isə Allah bəxş edir. Əsrlərdir ki, Rusiya Azərbaycan münasibətləri davam edir. Hesab edirəm ki, münasibətlərin yaxşı olmamasının heç bir əsası yoxdur. Münasibətlərin yaxşı olması hər iki ölkənin xeyrinədir.
Bu münasibətlərin inkişaf etdirilməsinin əsasları ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən milli maraqlar qorunmaqla uğurla davam etdirilir. Rusiya böyük ölkədir, Rusiya ilə münasibətləri düşünərkən burada yaşayan  2 milyona qədər həmyerlimizin maraqlarını göz önündə saxlamaq lazımdır.




Tarixi əlaqələrdən danışdınız, bəs iqtisadi əlaqələr barədə nə deyə bilərsiniz?

- Azərbaycanla Rusiya arasındakı iqtisadi münasibətlər, maliyyə dövriyyəsi kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan iqtisadiyyatına kifayət qədər sərmayələr qoyulur. Bu da Azərbaycanın sabit, dayanıqlı, etibarlı ölkə olması anlamına gəlir. Ancaq cənab Prezident qurultayda dünyadakı iş adamları olan azərbaycanlılara müraciət etdi ki, biz Azərbaycana sərmayə yatıraq. Məncə, dünayada yaşayan azərbaycanlılar Azərbaycana sərmayə qoyuluşunu artırsalar, bizim daha heç kimin sərmayəsinə ehtiyacımız olmayacaq. Mən düşünürəm ki, bu, çox vacibdir. Azərbaycan bizim vətənimizdir və doğma torpağımıza sərmayə qoysaq, daha böyük uğurlar əldə edərik. Biz azərbaycanlı olaraq buna daha çox düşünməliyik.

- Səyyad müəllim, Sankt-Peterburq kimi bir şəhərdə bu pilləyə yüksəlmənizin tarixçəsini bilmək bizim üçün maraqlıdır.

- Əsgərlikdən qabaq, 1984-cü ildə bu şəhərə gəlmişəm. Əsgərliyə gedib-qayıtdıqdan sonra yenidən Sankt-Peterburqa gəldim və burada yaşamağa başladım. Burada ali təhsil aldım, bizneslə məşğul oldum, öz işimi qurdum, bələdiyyə və dövlət idarəçiliyi sahəsində çalışdım. Bütün işlərimdə doğru, dürüst oldum. Məncə, insanı uğurlu gələcəyə əsasən bunlar aparır. Hazırda Leninqrad vilayətində parlament üzvü olmaqla yanaşı, bu vilayətin su-kanal təsərrüfatına, yəni Azərbaycanın “Azərsu” ASC kimi bir qurumuna rəhbərlik edirəm.

- Siz həm də Leninqrad vilayətinin deputatısınız. Deyəsən azərbaycanlı olaraq bu məsələdə bir ilkə imza atmısınız.

- Xeyr, məndən əvvəl ötən əsrin əvvəllərində Rusiya Dumasının üzvü olan soydaşlarımız olub. Belə demək olar ki, onlardan sonra burada təmsil olunan ilk azərbaycanlıyam. Millətimizi ləyaqətlə təmsil etməyi özümə borc bilirəm.

- Sankt-Peterburqda azərbaycanlıların bugünkü durumu necdir? Orada Azərbaycanın beynəlxalq aləmə çıxışında diasporun gördüyü işlər qaneedicidirmi? Qarşıda hansı hədəflər var? 

- Azərbaycan diasporu Sankt-Peterburqda  işini çox yüksək səviyyədə qurub. Həm sayına, həm gücünə görə bizim diaspor Rusiya Federasiyasında ən güclü təşkilatlardan biridir. Digər diaspor təşkilatları ilə əlaqələri çox mükəmməl səviyyədə davam etdiririk. Hədəfimiz isə burada Azərbaycanı layiqincə təmsil etməkdir. 

- Bu ilin payızında Rusiya Dumasına seçkilər keçiriləcək. Həmin seçkilərə qatılmaq fikriniz varmı?

- Mən namizdəlyimi Leninqrad vilayətinin deputatı olmaq üçün verəcəm. Rusiya Dumasının üzvü olmaq şərəfli bir işdir. Sadəcə, mən gələcək planlarım üçün çalışıram. Hazırda həm də yüksək dövlət postu tuturam.

Rusiya Dumasına paralel olaraq Leninqrad vilayətinin də qanunvericilik orqanına seçkilər keçiriləcək. Özümü bu müstəvidə sınayacam.

- Söhbətimizin əvvəlində də qeyd etdiniz ki, artıq azərbaycanlılar  15-20 il əvvəlki imicdə, bazar adamı deyillər. Buna nəzərə alsaq, orda yaşayan azərbaycanlıların ictimai-siyasi proseslərə təsirini necə qiymətləndirirsiniz?
 

- Burda azərbaycanlılar həm dövlət strukturlarında, həm ictimai sektorda fəaldir. Sankt-Peterburqda azərbaycanlılar 300 mindən çoxdur.

Qurultayda cənab Prezident qarşımıza vəzifə qoydu: yaşadığımız ölkələrin bütün sektorlarında layiqincə təmsil olunmaq. Biz hədəf olaraq bu istiqamətdə işləyəcəyik. Əminəm ki, nəticə göstərəcəyik. 

Səyyad müəllim, ali məktəblərdə təhsil alan azərbaycanlıların sayı barədə nə deyə bilərsiniz? Əvvəlki illərlə müqayisədə fərq görünürmü?

- Mənim öz övladim da burda universitetdə oxuyur. Burada kifayət qədər təhsil alan azərbaycanlı tələbələrimiz var. Eyni zamanda, təhsil alan tələbələrlə yanaşı, ali məktəblərdə dərs tədris edən müəllimlər də vardır.

- Yaşadığınız şəhərdə azərbaycanlılar milli-mənəvi dəyərləri, dilimizi qoruya bilirlərmi?

 - Buna şübhəniz olmasın. Bütün milli və dövlət bayramlarını qeyd edirik, dini adətlər qorunur. Xalqımızın qan yaddaşında olan hadisələr hər zaman yad edilir. Bir sözlə, düşünün ki, qeyd etdiyiniz məsələ ilə bağlı siz orada nə edirsinizsə, eynisini də biz burada edirik. Tam əmin olun ki, Azərbaycanı sizin qədər sevirik, Azərbaycana sizin qədər bağlıyıq, milli xüsusiyyətlərimizi uşaqlarımıza da öyrədirik.

Burada Şənbə-Bazar günü məktəbləri var. Orada Azərbaycan dili tədris olunur.

 

- Səyyad müəllim, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixlə bağlı sizin fikirləriniz necədir?

 - Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi, Azərbaycanın, Azərbaycan xalqının qurtluşu – 15 iyun məmin üçün budur. Mən tez-tez işimlə bağlı dünyanın müxtəlif ölkələrində oluram. İndi dünyanın harasına gedirsən, Azərbaycanı tanıyırlar. Bu, öz-özünə olmayıb. Nə yaxşı ki, Azərbaycanın Heydər Əliyev kimi lideri olub, nə yaxşı ki, Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev var. Biz bunu kənardan görürük, qiymətləndirirk. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu cür düşünür və Prezidentimizi dəstəkləyir. Harada yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi doğma vətənlə birgə döyünməlidir.

- Qarabağla bağlı diaspor nümayəndələrinin fikirlərini bilmək istərdik.

- Qarabağ Azərbaycanıən əbədi, əzəli torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezidentimizin bütün addımlarını dəstəkləyirik. Biz də azərbaycanlı olaraq bütün çağırışlara hazırıq. Bu gün Azərbaycan Ordusu çox güclüdür və torpaqlarımızı istənilən an azad etməyə hazırdır. Ancaq Azərbaycan sülh  yolu ilə torpaqlarımızın azad edilməsinin tərəfdarıdır. Ölkəmizin sülh yolu ilə bu münaqişənin həllinə nail olunacağına əminəm. Çünki ölkəmizin inkişafı üçün ağıllı, uzaqgörən siyasət aparan Prezidentimiz var. Prezidentimizin liderliyi ilə biz torpaqlarımızı azad edəcəyik.


  

Pərvin ARZUQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI